İnsanlara hürriyət, millətlərə istiqlal!

Cenevrədə gərgin Kipr müzakirələri

1504 11.01.2017 10:30 Siyasət A A

BMT-nin İsveçrədəki Cenevrə Ofisində Kipr probleminin həlli ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb. BMT-nin nəzarəti altında davam etdirilən müzakirələrdə Türk və Yunan Kiprinin liderləri Mustafa Akıncı və Nikos Anastasiadis iştirak edir. Mətbuatda yayılan məlumata görə, müzakirələrdə tərəflərin 11 yanvarda öz xəritələrini təqdim etməsi gözlənilir. 

Politoloq Şahin Cəfərli hesab edir ki, dünyadakı hazırkı vəziyyət və Türkiyədə baş verən hadisələr Kipr məsələsini kölgədə qoyub: “Xüsusən də Kipr məsələsinin ”milli dava" sayıldığı Türkiyədə bu məsələnin ictimaiyyətin diqqətindən kənarda qalması və yalnız ekspertlər səviyyəsində müzakirə olunması yaxşı hal deyil. Cenevrə danışıqlarına gəldikdə isə adanın hər iki icmasının rəhbərləri Mustafa Akıncı və Nikos Anastasiadis bu vəzifəyə gəldikdən bəri problemin həlli yönündə ciddi səy göstərirlər. 2015-ci ilin mayından bəri tərəflər arasında bir neçə görüş keçirilib və müəyyən irəliləyişlər əldə edilib. Akıncı ilə Anastasiadis hesab edirlər ki, onların təmsil etdiyi nəsillər üçün hazırkı danışıqlar son şanslardan biri, bəlkə də sonuncusudur. Çünki vaxtilə vahid Kipr dövlətində yaşamış, birlikdə böyümüş, birlikdə çalışmış, bir-birini yaxından tanıyan, dostluq münasibətləri olan türklərin və yunanların sayı illər ötdükcə azalır. Artıq hər iki tərəfdə köhnə nəslin təmsilçiləri olan siyasətçiləri bir-birini tanımayan, ortaq yaşam təcrübəsi olmayan yeni nəsil siyasətçilər əvəzləməyə başlayıb". 

Image result for Şahin Cəfərli

Ekspertə görə, aydındır ki, bir-birini yaxşı tanıyan, bəziləri eyni məhəllədə böyümüş indiki qocalar anlaşa bilmirsə, gənc nəsli təmsil edən siyasətçilərin anlaşması daha çətin olacaq: “1968-ci ildə Denktaş-Klerides görüşləri başlayan və 48 ildir davam edən çözüm axtarışlarında təməl problem vahid Kipr dövlətinin hansı quruluşa malik olacağı məsələsi olub. Yunan tərəfi unitar dövlət quruluşunun tərəfdarıdır və türkləri milli azlıq kimi görərək onlara Avropa Birliyi standartları əsasında geniş hüquqlar vəd edir. Türk tərəfi isə federativ quruluşa tərəfdardır və iki bərabərhüquqlu federasiya subyektinin yaradılmasını yeganə ədalətli çözüm yolu sayır. Digər mübahisəli məqam mülk və torpaq məsələsidir. 1974-cü ildə türk əhaliyə qarşı etnik təmizləmənin qarşısını almaq məqsədilə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi Kıbrıs Barış Hərəkatından sonra şimalda öz mülklərini, torpaq sahələrini itirərək cənuba qaçan yunanlar indi həmin yerləri geri istəyir. Bu, olduqca mürəkkəb hüquqi problemdir. Digər mübahisəli məsələ isə yunan tərəfi türk ordusunun adanı tərk etməsi barədə irəli sürdüyü tələbdir”. 

Image result for Cenevre Kıprıs

Şahin Cəfərli danışıqların detalları ilə bağlı vacib məqamlara diqqət çəkdi: “Hazırkı müzakirələrin digərlərindən əsas fərqi odur ki, tərəflər torpaq mübahisələri ilə əlaqədar ilk dəfə olaraq xəritələr üzərində konkret, detallı müzakirə aparacaqlar. Növbəti önəmli məqam Akıncı-Anastasiadis ikitərəfli danışıqlarından sonra yanvarın 12-də təminatçı dövlətlər - Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə beştərəfli beynəlxalq sülh konfransının keçirilməsidir. Bu iki məqam ötən 48 il ərzində aparılmış danışıqlarla müqayisədə çox önəmli yenilikdir və bu dəfə tərəflərin problemin həllinə yaxınlaşdığını göstərir”. 

Image result for Cenevre Kıprıs

Ancaq bu da var ki, əvvəlki dönəmlərdə də tərəflər sülhə, razılaşmaya çox yaxın olub. Lakin son anda barışın əldə edilməsinə əngəl yaradan qüvvələr ortaya çıxıb vahid Kiprlə bağlı razılaşmanın əldə olunmasına əngəl oldular. Nəticədə konstruktiv mövqe tutduğu, Türk Kipri sanksiyalara məruz qoyulduğu halda, barışa “yox” deyən Cənubi Kipr Avropa Birliyinə üzv qəbul edildi. 

Bəs bu dəfə nə gözləmək olar? Ş.Cəfərli: “Düzdür, 2004-cü ildə tərəflər Annan planı üzrə həllə çox yaxınlaşmışdılar, lakin keçirilən referendumda türklər plana ”hə" dediyi halda, yunanlar “yox” dedilər və fürsət qaçırılmış oldu. Budəfəki yaxınlaşma razılığa səbəb olacaqmı? Əsas sual budur və iki gündən sonra cavabı biləcəyik. Bu qədər fərqli yanaşmaların və fikir ixtilafının aradan qaldırılaraq uzlaşmanın əldə edilməsi böyük sürpriz və dünya siyasi tarixinə düşəcək hadisə olar".

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR