İnsanlara hürriyət, millətlərə istiqlal!

Borçalıda ikinci “Qarabağ kartı” işə salınıb

2016 01.12.2013 08:05 Siyasət A A
Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğalda saxlayan Ermənistan qonşu Gürcüstanın, daha konkret, tarixi Azərbaycan  əraziləri olan Borçalı zonasını da qəsb etməyə çalışır.

Azad Qarabağ Uğrunda Alyansa daxil olan ictimai təşkilatların “Qarabağ  təbliğat turu” çərçivəsində Gürcüstana noyabrın 29-dan başlayan səfəri boyu soydaşlarımızla keçirilən görüşlər zamanı həyəcanlı  xəbərlər aldıq.


Yerli azərbaycanlılar deyirlər ki, Ermənistan Gürcüstanın Rusiya ilə münasibətlərinin hələ də tam nizama salınmayan  münasibətlərindən sui-istifadə edib öz məkrli məqsədlərini reallaşdırmaq, həmsərhəd zonada yaşayan azərbaycanlıların sıxışdırılıb  çıxarılması hesabına Borçalının bəzi ərazilərini ələ keçirmək istəyirlər ki, artıq bununla bağlı ciddi şəkildə hərəkətə keçiblər.

Sərhəd boyu sayı artırılan erməni hərbçilərin azərbaycanlıların kompakt yaşadığı 7 kəndin - Ermənistanla həmsərhəd Beytarabçı,  Təzəkənd, Burma, Sadaxlı, Mollaoğlu, Yırğançay, Xuludərənin sakinlərinə qarşı xüsusilə də azğınlaşdığı deyilir. Bu Azərbaycan  kəndlərinin müxtəlif layihələr əsasında boşaldılması üzərində sürətli iş gedir. Təkcə son illər ərzində Gürcüstanın bu bölgəsində  erməni hərbçiləri 15 soydaşımızı qətlə yetirib. Həmçinin kəndlərdə oğurluq, quldurluq hadisələri xeyli dərəcədə artıb. Erməni  hərbçilər hətta evlərə soxulub oğurluq edir, fürsət düşən kimi azərbaycanlıların mal-qarasını oğurlayıb Ermənistana aparır.  Yırğançay kəndində isə vəziyyətin daha pis olduğu deyilir. Belə ki, burada 4 min əhali yaşayır. Torpaqları bir tərəfdən gürcü  fermerləri, digər tərəfin ermənilər ələ keçirib və bu ərazilərin əsl sahibləri torpaqsız qalıb.

Verilən məlumatlardan biri də budur ki, Gürcüstanın bu bölgəsində azərbaycanlıların boşaldılması prosesində Rusiya layihəsi də yer  alır. Belə ki, emissarlar onsuz da sosial-iqtisadi vəziyyəti ağır olan azərbaycanlılara, xüsusilə də Gürcüstanın ən böyük kəndi  olan Sadaxlı (Marneuli rayonu-E.P.) əhalisinə Rusiyaya köçmək üçün əlavə imtiyazlar vəd edirlər. Yerli camaata deyirlər ki,  Stavropol, Moskva və Sank-Peterburqu çıxmaq şərtilə, istənilən Rusiya regionunda onların güzəştli şərtlərlə yerləşdirilməsini təmin  edə bilərlər. Ancaq qəribəsi budur ki, etnik azərbaycanlıların bu ərazilərdən sürgün edilməsi prosesində Ermənistan və Rusiya ilə  Gürcüstanın da maraqları üst-üstə düşür. Məqsədyönlü köç siyasətinin həyata keçirilməsinin və bölgə əhalisinin ağır şəraitdə  yaşamasının  nəticəsidir ki, Ermənistanla həmsərhəd bölgədə yerləşən Xuludərə, Sadaxlı, Burma, Millaoğlunun 18 -20 minlik  əhalisindən hazırda cəmi 4-5 mini qalıb.
Vəziyyətlə bağlı məlumatları yerindəcə dəqiqləşdirmək üçün Sadaxlı və Ermənistanla həmsərhəddə yerləşən Xuludərəyə getdik. Hüquq  müdafiəçisi Sabir Mehtiyev bu əraziləri gözləyən real təhlükələr barədə danışdı və Xuludərə kəndinin örüş və əkin yerlərində,  evlərin isə bir neçə yüz metrliyində tikilmiş Ermənistan ordusunun kazarmasını və postunu göstərdi. Onun sözlərinə görə, ermənilər  Sadaxlı və ətraf kəndlər boyu uzunluğu təqribən 100 metr, eni isə bir neçə km olan ərazini ilhaq edib: “Müəmmalısı budur ki,  Gürcüstan hökuməti bunu sükutla qarşılayır”. Xuludərə kənd sakini, 72 yaşlı Vəli kişi deyir gözünü açandan ermənilərin son 5-6 ildə  ələ keçirməyə çalışdığı ərazilər borçalıların örüş yerləri olub və bu ərazilər Gürcüstan sərhədlərinə daxildir. Lakin son illər  ermənilər addım-addım Borçalının içərilərinə doğru irəliləyir ki, bu da narahatlıq doğurur. Vaxtilə Gürcüstanın 11 min ton kənd  təsərrüfatı məhsulu yalnız Sadaxlıdan gəldiyi halda son illər məqsədyönlü siyasətin nəticəsində bu göstərici sıfıra enib. Belə ki,  bu kəndi suvarma sistemi ilə təchiz edən 150 km-lik boru xəttinin kəsilərək satılması əkin sahələrinin kütləvi məhvinə, eyni  zamanda əhalinin işsiz qoyulmasına gətirib çıxarıb. Bunun ardınca gürcü fermerlər azərbaycanlıların tarixi torpaqlarını ələ  keçirməyə başlayıb.

200-dən artıq evlik Xuludərə kəndində siyahı üzrə 700-ə yaxın əhali var. Ancaq bəzi evlərin qapısını bağlı gördük. Sakinlər  işsizlik səbəbindən bölgəni tərk edir. Üstəlik, ermənilərin təhdidi sakinlərin narahatçılığını pozub. Kənd orta məktəbin  dil-ədəbiyyat müəllimi Ələddin Mədinəyev də vəziyyətdən narahatçılığını bölüşdü: “Bu kənddə Həsən kişi vardı. Ölənə qədər deyirdi  ki, Ermənistanla sərhəd dağların başından keçir. Hətta vaxtilə sərhəd xətti kimi yerə kömür basdırdıqlarını bildirirdi. Deyirdi  inanmayana aparıb basdırılmış kömürü göstərə bilərəm”. Kənd sakini bunu deyib qarşı dağların başını göstərir: “Bax, sərhəd o dağın  yalı ilə keçir. İndi gəlib kazarmalarını çənəmizin ağzında tikiblər. Üstəlik də deyirlər 500 metr məsafəyə qədər yaxınlaşmayın.  Beləcə, bizim pay torpaqlarımız da Ermənistan ərazilərinə qatılır. Ancaq Gürcüstan rəhbərliyində bir nəfər yoxdur ki, xəritəni  çıxarıb ortaya qoysun və Ermənistana öz yerini göstərsin. Biz meşə ilə, həmin qəsb olunan torpaqlarla dolanmışıq. İndi erməni  əsgərləri oturub kazarmada və bizim günümüzü qara ediblər”. Kənd sakini deyir ki, yaxınlıqda Ermənistan ordusunun daha iki  kazarması tikilib: “Bax, gördüyünüz o kazarma ki, var, onun qarşısında bizim kənd məktəbinin torpaq sahəsi var. Öz məktəbimizin  yerini əkib-becərməyə də imkan vermirlər, deyirlər buraxılış vərəqəsi alın, gəlin. Bizim də dolanışığımız mal-heyvanla bağlıdır,  ancaq otara bilmirik, örüş sahəmiz faktiki işğal olunub. Bilmirik dərdimizi kimə deyək, nə edək. Dəfələrlə mal-qaramızı oğurlayıb  aparıblar, yaxınlaşanda da üstümüzə silah çəkirlər. Neçə nəfərimizi güllələyiblər”. 

QAT sədri Akif Nağı bildirdi ki, Bakıya dönəndən sonra bu təhlükəli vəziyyətlə əlaqədar müvafiq qurumları məlumatlandırıb məsələyə  müdaxilə etməsini istəyəcəklər.
Sakinlər deyir ki, Gürcüstanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələləri həll olunmayıb deyə, Ermənistan  vəziyyətdən sui-istifadə edib bu əraziləri mənimsəyir. Ancaq azərbaycanlıların sıxışdırılması prosesində Gürcüstan hökumətinin də  maraqlı olduğu barədə ciddi şübhələr var: “Dəfələrlə məsələ qaldırmışıq, bizim torpağımızı erməniyə niyə verirsiniz, deyə,  hökumətin qarşısına tələn qoymuşuq.
Faktiki olaraq erməni hərbçiləri dağların başından həyətlərimizə qədər irəliləyib. Sadaxlı ətrafı ermənilərin əsgər postları  faktiki olaraq Gürcüstan sərhədləri içərisində tikilib. Amma gürcü hökumətində qəribə susqunluq var". Yerli sakinlərin sözlərinə  görə, təəssüf ki, Gürcüstan hökuməti Azərbaycan hüquq müdafiəçilərinin bu məsələdən narahatçılıqlarına və təhlükəli proje ilə bağlı  davamlı müraciətlərinə biganə yaraşır.
Ermənistanın Bavra kəndinin ərazisindən 400 metr enində, 12 km uzunluğunda ərazinin Gürcüstana məxfi şəkildə verilməsi də  gözlənilməz olub. Maraqlısı budur ki, erməni tərəf bu məsələni sükutla qarşılayıb. Belə hesab olunur ki, məxfi şəkildə Gürcüstan və  Ermənistan arasında ərazi mübadiləsi həyata keçirilib ki, bunun da ağrı-acısını Azərbaycan kəndliləri çəkir. Ermənistan  vətəndaşlarına isə “yaşıl işıq” yandırılıb, onlar gəlib Gürcüstan sərhədləri daxilində, Sadaxlıya aparan dəmir yolu boyunca  məskunlaşır, mülklər və obyektlər tikirlər. Onların bu ərazidə məskunlaşması isə Sadaxlı da daxil olmaqla 6 azərbaycan kəndinin  (Yuxarıdakı 7 kənddən yalnız Beytarabçı kənarda qalır-E.P.) Gürcüstanla əlaqəsinin kəsilməsi və minlərlə soydaşımızın blokada  vəziyyətinə salınması niyyəti daşıyır. Sakinlər deyir ki, ermənilər Qarabağ cəbhəsində vəziyyət gərginləşən kimi Borçalının bu  bölgəsini ələ keçirmək niyyətindədirlər. Paralel olaraq ermənilərin Marneulinin Təkəli kəndində sürətlə məskunlaşması siyasəti  həyata keçirilir. Strateji əhəmiyyətə malik olan Təkəli Qırmızı Körpünün 10 km-liyinə yerləşir. Burada erməniləri məskunlaşdırmaqla  və azərbaycanlıları sıxışdırıb çıxarmaqla gələcəkdə Borçalının Azərbaycanla əlaqəsini kəsmək və Qırmızı Körpüyə aparan yeganə yolu  nəzarət altına almaq istəyirlər.

Borçalılar danışır ki, ermənilər üçün azərbaycanlıların harada yaşamasının fərqi yoxdur: “Azərbaycanda yaşayanları da öldürürlər,  Gürcüstanda yaşayanları da”.
“Sadaxlıdan yuxarıda, ermənistanla sərhəddə yerləşən Xuludərə kəndini də ermənilər ələ keçirtmək istəyir. Hətta kənd sakinlərinə  kəndi boşaltmaqla bağlı xəbərdarlıq edilib. Yeganə məqsəd strateji əhəmiyyətə malik bu əraziləri türksüz bölgəyə çevirməkdir" -  deyə,  soydaşlarımızdan biri narahatlıqla bildirir. 

Qeyd edək ki, Alyans üzvləri Gürcüstandakı Azərbaycan səfirliyində olarkən səfirliyin rəhbər şəxsləri ilə görüşüb və Gürcüstanın  Ermənistanla həmsərhəd bölgəsində yaşayan soydaşlarımızın Ermənistan tərəfindən vaxtaşırı təhdidə məruz qalması narahatçılıqla  vurğulanıb, onların taleyinə həssaslıqla yanaşılması xahiş olunub. Diplomatik nümayəndəlikdən əminliklə bildirilib ki, Gürcüstan öz  ərazisi və əhalisinin taleyinə biganə deyil, hər hansı narahatçılığa əsas yoxdur. Ancaq buna baxmayaraq Borçalıdakı soydaşlarımız  ciddi şəkildə narahatlıq keçirirlər və Azərbaycanın rəsmi qurumlarının Gürcüstan hökumətini hərəkətə gətirməsi üçün müəyyən  addımlarını atmasını istəyirlər.

Elşad PAŞASOY
Foto müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR