İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı yenidən qurmaq planı – Polşa modeli masanın üstündə...

23088 23.01.2016 09:00 Siyasət A A
Belə görünür, ölkə rəhbərliyi də getdikcə ağırlaşmağa meylli olan situasiyanın fərqindədir. Hər halda prezident İlham Əliyevin son qərarları və açıqlamaları bu qənaəti yaradıb. Həmçinin, ölkə başçısının Davos Forumunda söylədiyi fikirlər nikbinliyi artıran məqamlardan hesab oluna bilər.

Belə ki, çıxışlarında o, Azərbaycanda islahatlar aparmaq üçün yaxşı vaxt olduğunu söyləyib. Sitat: “Ölkə maliyyə sektorunda fundamental islahatlara, iqtisadi islahatlar aparmağa, ixrac yönümlü qeyri-neft məhsullarının istehsalına başlanıb”. Dövlət başçısı daha sonra ölkənin böhranın öhdəsindən gələcəyinə əmin olduğunu bildirərək, pozitiv start göstəricilər qismində onu da diqqətə çatdırıb ki, xarici borc ÜDM-in cəmi 12 faizini təşkil edir və xarici valyutada böyük ehtiyatlar var.

Ölkədəki son etiraz aksiyalarına toxunan prezident deyib: “Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq... Biz bu vəziyyətdən çıxacağıq”.


Ancaq gerçək belədir və bunu da hamıdan yaxşı ölkə rəhbəri yəqin bilir ki, bu il neftin bahalaşması gözlənilmir və manata təzyiqlər ciddi olaraq qalır. İlham Əliyevin Davos forumuna yollanmazdan öncə səsləndirdiyi digər analoji fikirlərin də nəzərə alsaq, güman etmək olar ki, prezident yaranmış vəziyyətdən çıxış eləməklə hansısa qeyri-ordinar, qeyri-populyar, lakin radikal qərarlar vermək ərəfəsindədir.

***
Bu yöndə redaksiyamıza mötəbərliyinə şübhə etmədiyimiz mənbədən kifayət qədər ilginc məlumat daxil olub. Məlumatın qayəsi belədir: manatın ikinci devalvasiyasından sonra hakimiyyət vəziyyətdən çıxış yolu tapmaq üçün ciddi çabalar içindədir və bu məqsədlə üç ayrı-ayrı ölkədən Bakıya ekspert-məsləhətçi qrupu çağırılıb. Bu ölkələr - iqtisadi sıçrayış eləmiş Sinqapur, Latviya və Polşadır. İddialara görə, onlar 10-15 gün ərzində ölkənin iqtisadi və biznes göstəricilərini təhlil edərək, rəhbərliyə müvafiq tövsiyələr veriblər.



Çatan bilgilərə görə, Sinqapurlu ekspertlər bir neçə amili sadalamaqla (onların arasında korrupsiyanın yüksək səviyyəsi, təhsilin aşağı göstəriciləri öndə gəlir) Azərbaycanın “Sinqapur modeli”nə keçidinin mümkün olmadığını diqqətə çatdırıblar. Qeyd edək ki, bir sıra tanınmış yerli iqtisadçı və siyasi ekspertlər zaman-zaman Azərbaycan iqtisadi inkişafı üçün məhz “Sinqapur modeli”ni məqbul sayıblar. Bu model haqda aşağıda bilgi veriləcək./
***
Məlumatın ən ilginc hissəsi isə məsləhətləşmələrin sonunda Bakının Sinqapur və Latviya yox, Azərbaycanı yenidən qurmaq, iqtisadiyyatı sıfırdan modelləşdirməyə başlamaq üçün məhz Polşa variantına üstünlük verməsi ilə ilgilidir. Bu qərara hansı motivlərin təsiri etdiyi deyilmir. İstisna deyil ki, son anda Azərbaycanın Avrasiya məkanının bir parçası və Avropa Şurasının üzvü olması gerçəkliyi, habelə Polşanın qısa zamanda iqtisadi yüksəlişə nail olması və bəzi başqa faktorlar həlledici rol oynayıb.


Bu yerdə Polşa ilə bağlı bəzi siyasi-iqtisadi özəllikləri qeyd etməyin yeri var: Polşa hazırda Avropanın, Avropa Birliyinin ən sanballı, inkişaf eləmiş və mühüm dövlətlərindən biridir, ölkədə ideal biznes şəraitinin yaradıldığı haqda rəy var. ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzinin bu yaxınlarda yaydığı hesabata görə, Polşa yaxın on ildə öz inkişafı hesabına Avropa Birliyinin əsas dövlətinə, NATO-nun aparıcı dövlətlərindən birinə çevriləcək və nüfuzuna görə AB-də hətta Almaniyanı əvəzləyəcək.

Polşa həmçinin, Azərbaycanın da üzv olduğu Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının təşəbbüsçüsü və müəllifidir. Eyni zamanda Ukraynada Rusiya işğalına, bütövlükdə işğala qarşı ən prinsipial mövqedə dayanan Avropanın bir neçə ölkəsindən sayılır...

***
Bəs iqtisadi sıçrayışın “Sinqapur modeli” nədir? Arayış üçün bildirək ki, Azərbaycan iqtidarı üçün yaxınlaradək cəlbedici olduğu deyilən Sinqapur tipli respublika modelində avtoritar üsullarla çox yüksək inkişafa nail olunub. Bu ölkədə sərt qanunlar, sərt cəza mexanizmləri tətbiq edilir, açıq cəmiyyət anlayışı yoxdur, media üzərində senzura var, dövlət sirri hər şeydən üstündür, məhkəmələr baş nazirə, dövlət başçısına tabedir. Korrupsiya, rüşvətxorluq yox dərəcəsindədir və buna görə ən ağır yüksək cəzalar nəzərdə tutulur. Maaş və əməkhaqları yüksəkdir.


Sinqapurda konkret olaraq korrupsiya ilə uğurlu mübarizə məhz xüsusi bir dövlət orqanının yaradılması hesabına mümkün olub (Azərbaycanda da formal olaraq belə bir qurum var - Korrupsiyaya Qarşı Mübarizə İdarəsi). Polisin və prokurorluğun səlahiyyətləri həmin quruma verilib. Bu qurum birbaşa baş nazirə tabedir. Korrupsiyaya qarşı mübarizə isə ən əvvəl “yuxarılar”dan start götürüb. Bu zaman hətta ölkə başçısının qohumları da həbs edilmişdi.
Bundan əlavə, ölkə qanunvericiliyinə çoxsaylı ciddi dəyişikliklər edilib və korrupsiya ilə mübarizə aparan məmurlar yüksək maaşla təmin olunublar. Daha sonra məhkəmə sistemində islahatlar aparılıb və hakimlərin maaşı qaldırılıb. Çünki bu, bir aksiomdur ki, məhkəmələr müstəqil olmadan, məmurlar yüksək maaş almadan korrupsiya və rüşvətxorluqla effektli mübarizə mümkün deyil. “Sinqapur modeli”ndə dövlət tərəfindən bütün bu proseslər üzərində ciddi nəzarət var. Korrupsiyaya qarşı mübarizənin demokratik ölkələrdəki modelinin avtoritar ölkələrdəki modeldən fərqi də elə bundadır.

***
Lakin Azərbaycan üçün hansı iqtisadi inkişaf modelinin seçilməsindən asılı olmayaraq, əksər siyasi və iqtisadçı şərhçilər bir məsələdə yekdildirlər: uğurlu islahatlardan ötrü üç mühüm şərtin təmin edilməsi vacibdir - siyasi iradə, islahatçı komanda və islahat proqramı.
Azərbaycanda bu üç şərtin keçərli olub-olmadığı yəqin ki, lap yaxında bilinəcək. Bu vaxt çox uzana da bilməz. Çünki zaman olduqca az qalıb. Azərbaycan üçün “Qum saatı” işə düşmüş sayıla bilər.

Analitik xidmət 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR