İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyindən Azərbaycan üçün özəl “Yol xəritəsi”

8585 16.05.2015 08:55 Siyasət A A


Avropa Birliyinin (AB) Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə sayılı günlər qaldı. Xəbər verildiyi kimi, tərəfdaşlıq proqramının üzvü olan 6 ölkədən beşi, o cümlədən Azərbaycan zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunacaq. Mötəbər toplantıda habelə Fransa, Almaniya və Avropanın digər liderləri iştirak edəcək.

Artıq bəllidir ki, Rusiya Xarici İşlər Nazirliyinin sammitlə ilgili 6 ölkəyə ünvanlı hədəsi sonuncular tərəfindən ciddiyə alınmayıb. Ali toplantının işinə, yekun sənəd və bəyannaməsinə Rusiya hədələrinin nə dərəcədə təsir edəcəyini isə görəcəyik. Ancaq ehtimal eləmək olar ki, tərəfdaş ölkələrin hamısının bir növ həmrəylik jesti kimi eyni qərarı verməsi növbəti mərhələdə də Rusiya təsirini minimuma endirəcək. 

Belə də yazmaq olar ki, Moskvanın hədəsi əslində əks-effekt verib. Ayrı sözlə, Ermənistan xaric, müstəqil ölkələrə qarşı Moskvanın bu cür qaba davranışı, onlara bir növ “yol göstərməsi” 5 ölkə (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Belarus) tərəfindən aşağılanmaq kimi qəbul edildiyindən, tam əks qərara gəlinib. Öz növbəsində Ermənistan da məhz 5 dövlətin ortaq iradəsindən ruhlanaraq analoji mövqe sərgiləyib.
*****


Bu arada Latviya Xarici İşlər Nazirliyinin “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykans Riqa toplantısı ilə bağlı çox maraqlı, eyni zamanda Kremlin ovqatını korlayacaq anonslar verib. Diplomat bildirib ki, AB sammit çərçivəsində Gürcüstan, Ukrayna və Moldovanın öncə imzaladıqları assosiasiya sazişlərinin reallaşmasında bu ölkələrə kömək etmək zəmindədir, Azərbaycan, Belarus və Ermənistana isə əməkdaşlığa dair xüsusi, özəl təklif olacaq. 

“Toplantının yekununda ”Şərq tərəfdaşlığı" siyasətinin yaxın iki il üçün əsas istiqamətlərini müəyyənləşdirən bəyannamə imzalanacaq. Biz bütün ölkələrlə bərabərlik prinsipləri əsasında münasibətlər qurmaq istəyirik" - deyib Poykans. O, Ermənistanla AB arasında yeni bir  müqavilənin imzalanacağını da istisna etməyib. “Bundan əlavə, sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik” - əlavə edib səfir.

Lakin hələlik konkret olaraq Azərbaycana ediləcək və ya Bakıdan gözlənilən təklifin mahiyyəti açıqlanmır. Ancaq belə təəssürat yaranır ki, AB ölkəmizin olduqca həssas durumunu nəzərə alaraq Azərbaycan üçün fərdi “Yol xəritəsi” hazırlamaq niyyətindədir - təbii ki, rəsmi Bakının razılığı əsasında.


Bəs Baklı buna gedəcəkmi? Söyləmək çətindir. Lakin Azərbaycan prezidenti İlham Əliyevin sammitə şəxsən qatılmaq qərarı verməsinin özü bu xüsusda xoş məram jesti kimi qəbul oluna bilər. 
*****
Hər şeydən göründüyü kimi, yeni təkliflər ölkəmizi Rusiyanın orbitindən birdəfəlik çıxarmaq üçün növbəti təhlükəsizlik (xilas) kəməri roluna iddia edəcək. Qərb üçün də, Güney Qafqazın öz strateji oriyentirini indiyədək dəqiqləşdirməmiş yeganə dövləti olaraq Azərbaycan üçün də bu kəmər olduqca mühüm önəm daşıyır.

Azərbaycandan ötrü isə yeni “Yol xəritəsi” ən birinci Qarabağ məsələsinə görə aktuallıq kəsb edir. Hər halda, Rusiyanın güclü imkanları ola-ola bu münaqişəni 25 ildir həll etmək istəməməsi, üstəlik, postsovet məkanında özünə sərfəli yeni-yeni etnik-ərazi münaqişələri yaratması heç kimə sirr deyil. 

AB-nin isə Qarabağ probleminə yanaşması təxminən məlumdur. Təşkilatın əsas orqanı olan Avropa Parlamenti saxta erməni soyqırımı ilə bağlı ədalətsiz yanaşma sərgiləsə də, bu da gerçəkdir ki, bir neçə il öncə Avroparlament Ermənistanı işğalçı kimi tanıyan və ondan qeyd-şərtsiz Azərbaycan ərazilərini boşaltmağı tələb edən qətnamə də qəbul edib. 

Bu günlərdə isə AB yetkililərindən biri Riqa sammiti mövzusunda və tərəfdaş ölkələrin əməkdaşlığından danışarkən bir daha açıqca bəyan elədi ki, bir tərəfdaş ölkənin digər tərəfdaş ölkənin ərazisini işğal eləməsi yolverilməzdir.


Bakının AB ilə yaxınlaşmaq yönündə qəti addımlara qərar verməsi həm də ona görə zəruri görünür ki, təşkilatda Almaniya kimi ölkəmizə, Dağlıq Qarabağ ixtilafına yetərincə həssas və ədalətli mövqedə olan bir dövlət də təmsil olunur. 

Nəhayət, Azərbaycanın bu mötəbər qurumla əlaqələrinin dərinləşməsi yaxın və orta perspektivdə Avropa üçün vazkeçilməz “qaz xabı” (“energetik xab”) rolu oynayacaq qardaş Türkiyənin də köklü maraqlarına uyğundur. AB ilə ölkəmizin məqbul məsafəyədək yaxınlaşması həmçinin, 1 nömrəli strateji müttəfiqimizin mövqeyinin qitədə daha sanballı təbliği üçün yeni və güclü tribuna demək olardı. 

Qalır indi bu tribunadan istifadə qərarı vermək üçün siyasi iradə.

Analitik xidmət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR