İnsanlara hürriyət, millətlərə istiqlal!

“BİZ GƏLƏCƏK DÖYÜŞƏ HAZIR OLMALIYIQ”

4895 26.07.2011 09:34 Siyasət A A
Politoloq Vəfa Quluzadə bu fikirləri son zamanlar Qarabağ münaqişəsi ətrafında müşahidə olunan canlanmanı şərh edərkən söylədi. Söhbət böyük dövlətlərin və beynəlxalq qurumların Cənubi Qafqazın ən böyük münaqişə ocaqlarından biri olan Qarabağ probleminin çözülməsi istiqamətində sərgilədiyi mövqedən gedir. Qeyd edək ki, Rusiya Kazan görüşü iflasa uğrayandan sonra ABŞ-ın təşəbbüsü ələ almaq niyyətini görüb yenidən hərəkətə keçdi və rəsmi Moskva münaqişə tərəfləri, həmçinin ABŞ rəhbərliyi ilə növbəti təmaslara başladı. Ancaq fakt budur ki, qonşu İran bölgəyə hər hansı xarici qüvvənin buraxılmaması şərtilə Qarabağ münaqişəsini region ölkələrinin iştirakı ilə həll etməyə çağırır. Tehranın əsas məqsədi təbii ki, ABŞ-ın burada söz sahibi olmasının qarşısını almaq və Qərbin onun sərhədlərinə yaxınlaşmasını əngəlləməkdir. Münaqişənin həlli ilə bağlı maraqlı tərəflərdən biri kimi də Avropa İttifaqı görünür. Qurumun son zamanlar sərgilədiyi mövqe bunun əlaməti sayılsa da, V.Quluzadə fərqli düşünür, hesab edir ki, bu, sadəcə, görüntüdür: “Çünki hamı anlayır ki, bu torpaqlar nüvə dövləti olan Rusiya tərəfindən işğal olunub. Azərbaycan da bunu gözəl bilir, amma bərkdən deməyə cəsarət etmir. Yaxşı, onda Azərbaycan hansı yolu seçsin? Əgər xarici qüvvələr hamısı Qarabağ problemini çözmək istəyirlərsə, nəyi gözləyirlər? Fakt budur ki, heç kim bəyanatlardan o tərəfə getmir. Hətta əraziləri işğal olunmuş Azərbaycan da Rusiyaya açıq demir ki, mənim torpaqlarımı zəbt edən sənsən. Bax, Qarabağ məsələsində bizim vəziyyətimiz pisdən də pisidir”.
Ancaq politoloq ümidsiz olmağa da ehtiyac görmür: “Mən Rusiyanı, onun göydən düşən təyyarələri, batan gəmiləri, korrupsiyanın tüğyan etməsini, kənd təsərrüfatının batmasını, orduda islahatların aparılmamasını diqqətlə izləyirəm. Yəni bu dövlət uçuruma gedir. Mən bilmirəm, biz bu uçurumdan da faydalana biləcəyikmi? Ona görə də Azərbaycanın yeganə çıxış yolu nümunəvi ordu yaratmaqdır. Getsinlər, 30-cu illərdə Adolf Hitlerin necə gözəl ordu yaratdığını öyrənsinlər. Hitlerin yaratdığı hitleryuqen sovetlərin yaratdığı pioner dəstələrindən daha səriştəli idi. Çünki almanlar əsl döyüşçü kimi hazırlanırdı. Bu səbəbdən də İkinci Dünya müharibəsində ən az itkisi olan ölkə Almaniya, ən çox itki verən sovetlər oldu. Mən bununla alman ordusunu təbliğ eləmirəm. Sadəcə, demək istəyirəm ki, müharibəyə onlar kimi, ciddi surətdə hazır olmalıyıq. Alman ordusu qısa müddətdə bütün Avropanı və Rusiyanın Avropa hissəsini işğal etmişdi. Almaniya, sadəcə, tək qaldı və müharibəni dünya iqtisadiyyatına uduzdu. Alman ordusu geri çəkiləndə də döyüşə-döyüşə geri çəkilirdi. Mən istəyirəm ki, bizim əsgər öz torpağını azad etməyə onlar qədər hazır olsun. Sonda Qarabağ məsələsi ordu ilə həll ediləcək. Biz gələcək döyüşə hazır olmalıyıq. Düşünməməliyik ki, kiməsə üz tutaq, gəlib problemimizi həll etsin. Heç kim bizim problemimizi çözməyəcək, çünki bu, heç kəsə lazım deyil”.
V.Quluzadə ölkədə ciddi islahatlara da ehtiyac olduğu qənaətindədir: “Azərbaycanda gərək nümunəvi vəziyyət yaransın. Bunun üçün gərək iqtisadiyyat öz yerində olsun, ölkədə qayda-qanun təmin olunsun, korrupsiya aradan qaldırılsın, hər yerindən qalxan ağalıq eləməsin, ölkə qanuni dövlətə çevrilsin. O zaman torpaqları qaytarmaq olar. Əks təqdirdə, bizə heç kim heç nə qaytarmayacaq. Baxın, görün ölkənin küçələrində necə hərc-mərclikdir”.
Politoloq deyir ki, dünya güclərinin hamısı Qarabağ münaqişəsinin qalmasında maraqlıdır: “Çünki Azərbaycan nə qədər zəif olsa, onlar üçün bir o qədər yaxşı olacaq, öz işlərini Azərbaycanda irəli apara biləcək, bizneslərini çiçəkləndirəcək, Azərbaycana köhnə mal sırıyacaqlar. Qarabağ məsələsi həll olunsaydı, biz Qəbələ RLS-in Rusiyaya növbəti dəfə arendaya verilməsinə razılaşmazdıq. Çünki o, bizim bir qisim əhalinin sağlamlığına zərbə vurur. Digər tərəfdən, Rusiyadan silah-sursat, təyyarə almağa dəyməz, amma bilə-bilə ki, ermənilərə o silahla qalib gəlmək olmaz, yenə də alırıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR