İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçim qarşısında qalmamaq üçün nə etməli...

1105 05.03.2022 11:31 Yazarlar A A

Diqqətli oxucu soruşa bilər ki, Ukrayna hadisələrinə niyə bu qədər yer ayırırıq? Dərhal qeyd edək ki, səbəb çox sadədir. Məsələ bundadır ki, bu proseslərin təkcə Azərbaycan üçün yox, bütün postsovet məkanı üçün konkret nəticələri olacaq, özü də hər iki halda – həm Rusiyanın qələbə çalacağı, həm də məğlub olacağı təqdirdə.

Prosesdə Rusiya qalib gələrsə, bu, bütün postsovet məkanı üçün çox ciddi geosiyasi nəticələrə gətirib çıxaracaq. Dəfələrlə qeyd etmişik ki, Ukraynada qalib gələndən sonra Rusiyanı dayandırmaq mümkün olmayacaq – bunun ardınca yəqin Gürcüstanın və Moldovanın işğalı gələcək, çünki sonuncular da Avropa İttifaqına və NATO-ya üzv olmağa can atırlar.

Bunun əvəzində Moskva yeni dövlətləri KTMT-nın və Avrasiya Birliyinin üzvü olmağa məcbur edəcək. Güman ki, biz də seçim qarşısında qalacağıq. Kremlin müttəfiqlik sazişi ilə kifayətlənəcəyini düşünmək, əlbəttə, yanlışlıq olardı. Biz də KTMT-yə və Avrasiya Birliyinə “dəvət” alacağıq və bu dəfə bizə nəyisə ləngitmək və ya manevr etmək imkanı verilməyəcək...

Rusiyanın məğlubiyyəti halında bir növ avro-canlanma olacaq – çox ölkələr Aİ və NATO ilə sıx münasibətlər qurmaq istəyəcəklər.

Avropa məkanı ciddi şəkildə genişlənəcək, postsovet ölkələri daha azad və suveren olacaq.
Hətta Mərkəzi Asiya ölkələri əlavə müstəqillik və suverenelik impulsu alacaqlar. Qeyd edək ki, bu çətin günlərdə belə onlar unudulmurlar. Bu günlərdə ABŞ-ın dövlət katibi onların xarici işlər nazirilərilə onlayn-sammit keçirdi. Məqsəd bu ölkələrin Ukrayna proseslərinə münasibətini öyrənmək idi. Amma onlarla ikitərəfli münasibətlərin vəziyyəti də müzakirə olundu. Məsələ bundadır ki, ABŞ bu ölkələrdə özünün hərbi bazalarını açmaq istəyir...

İndisə biz avro-təkanların ayrı-ayrı məqamlarını müşahidə edirik. Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Aİ və NATO ölkələri demək olar ki, hər gün Rusiyaya qarşı sanksiya tətbiq edirlər. Bu günlərdə belə məlum oldu ki, Kiyev Avropa İttifaqına namizəd dövlət elan olunub. Əlbəttə, bu ciddi addımdır. Ancaq bir çox ekspertlər onun haqqında ironiya ilə danışır–belə hesab edirlər ki, bu, yetərincə gecikmiş bir addımdır.

Sözsüz ki, onlar qismən haqlıdırlar. Hazırda Ukrayna hərbi planda Rusiya təcavüzü ilə təkbaşına buraxılıb. Amma müharibənin hər günü Rusiyaya iyirmi milliyard dollara başa gəlir və burada sanksiyaların da rolu az deyil. Bir daha qeyd etmək lazım gəlir ki, Kiyevə qarşı ildırım sürətli müharibə alınmadı...

Avropa İttifaqının son qərarına qayıdaq. Bu müharibə Ukraynanın müstəqilliyi və suverenliyi uğrunda müharibədir. Hələ ki Moskva Kiyevin özünə müttəfiq və tərəfdaş seçmək kimi suveren hüquqlarını tanımır və onlarla hesablaşmır. Aydın məsələdir ki, bu müharibədə Kiyev udsa, o, NATO-nun və hətta Avropa İttifaqının üzvü olacaq. Əks halda hər şey tərsinə olacaq - əvvəlcə Rusiyanı sanksiyaların köməyilə diz çökdürmək lazım gələcək və yalnız bundan sonra postsovet ölkələrinin Avropa İttifaqına və NATO-ya üzvlüyü haqqında düşünmək mümkün olacaq.

Aydın məsələdir ki, bunun üçün də vaxt lazım gələcək. Sovet işğalı 70 il davam etdi. Bəs Putin işğalı nə qədər çəkəcək?

Hələ ki bu suala birmənalı cavab vermək olmur. Hər şey Avropa ölkələrinin, ümumiyyətlə, bütün mütərəqqi dünyanın nə qədər həmrəy olmasından asılı olacaq.

Rusiya təkcə postsovet ölkələrinin hüquqlarını tapdamır, bütün beynəlxalq hüququ ayaqlayır. Belə hal mütərəqqi dövlətlərin və institutların nəzərindən qaçmamalıdır, ona görə ki, o, bir presedentə çevrilə bilər. Yalnız Ukrayna ilə həmrəy olmaqla beynəlxalq özbaşnalığa və ya aqressiyaya son qoymaq olar– bəli, yalnız bu yolla beynəlxalq münasibətlərdə “Güc varsa, hər şey icazəlidir!” tezisinə son vermək olar...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR