İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah müharibə olacaqmı?..

711 15.02.2022 08:10 Yazarlar A A

Bu günlərdə ABŞ  rəsmiləri öz prezidentlərinə istinadən belə xəbər yaydılar ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər. Nəzərə alsaq ki, prezidentlər, o cümlədən də ABŞ prezidenti feyk-nyuslarla məşğul olmur, belə zənn etmək olar ki, Co Bayden bu xəbəri deyərkən ciddi kəşfiyyat məlumatlarına əsaslanıbdır.

Belədə isə mövzu xeyli müddətdir ki, gündəmdədir. ABŞ prezidenti demək olar, hər gün bildirir ki, onun ölkəsinin vətəndaşları Ukraynanı tərk etməli və ən azı Polşa ərazisinə keçməlidirlər ki, oradan onları təxliyə etmək mümkün olsun. Onda bəs belə bir çaxnaşma nəyə lazımdır? Məgər vaxtından əvvəl verilmiş bu cür qərarlar vəziyyəti bir az da gərginləşdirmirmi?

Elə məsələ də bundadır ki, gərginləşdirir, çünki Ukraynadakı ABŞ vətəndaşları bir növ çəkindirici rol oynayırdılar - nə qədər ki, onlar, ümumiyyətlə, ABŞ və Avropa vətəndaşları, institutları Ukraynadadır, bu ruslar üçün bir növ mane olacaq. Amma ABŞ vətəndaşlarını təhlükə qarşısında qoymaq istəmir. Bu isə o deməkdir ki, mümkün müharibənin fəsadlarının geniş olacağı güman edilir.

Amma burada maraqlısı heç bilirsinizmi, nədir? Məlum Gürcüstan müharibəsi zamanı belə olmamışdı. O vaxt ABŞ və Avropa bir günün içində müharibəni dayandıra bildilər. İndi isə onların davranışında yalnız təlaş duyulur və hətta məntiqsiz bəyanatlar səsləndirilir. Məsələn, bir tərəfdən deyilir ki, Vaşinqton hətta vətəndaşlarını Ukraynadan təxliyə etmək üçün bura əsgər və zabit göndərməyəcək, o biri tərəfdən bildirilir ki, ABŞ Rusiyanı ciddi şəkildə xəbərdar edir. Maraqlıdır, bu nə xəbərdarlıqdır? Hətta belə təsəvvür yaranır ki, Vaşinqtonda sanki istəyirlər ki, Moskva Kiyevə hücum etsin. Bu, onların nəyinə lazımdır? Görünür, bundan sonra qlobal miqyaslı soyuq müharibəyə start veriləcək və Ukrayna böhranı Rusiya üçün ikinci Əfqanıstan olacaqdır.

Əgər buna qədər Yuqoslaviya böhranı olmasaydı biz Avropanın ortasında belə qanlı qarşıdurmanın olacağına qəti inanmazdıq. Amma Yuqoslaviya oldu. Elə maraqlısı da budur ki, onda NATO Yuqoslaviyaya müdaxilə etməkdən çəkinmədi və Serbiyanın özbaşnalıqlarına son qoydu. Amma belə görünür ki, o, bunu növbəti dəfə Rusiyaya qarşı etməkdən ehtiyat edir.

Bəs ruslar nə düşünür? Maraqlıdır ki, onlar Baydenin məlumatını nə təsdiq, nə də inkar edirlər. Hiss olunanı budur ki, Moskvada müharibəyə başlamağı istəyirlər. Son müsahibələrində prezident V.Putin dedi ki, Kiyev bütün doktrinal sənədlərində Krımı və Şərqi Ukraynanı geriyə qaytaracığını bəyan edir. Bu isə nə vaxtsa Rusiyaya qarşı müharibə deməkdir və onun Ukraynanın NATO-nun üzvü olacağından sonra başlanacağı istisna olunmur. Üstəgəl, görünür, Rusiyada belə hesab edir və belə qənaətə gəliblər ki, onlar NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını yalnız Ukraynanın ilhaqı yolu ilə almağın mümkün olduğu qərarına gəliblər. Düzdür, Kiyevin nə vaxt NATO-nun üzvü olacağı bəlli deyildir. Amma bu vaxtadək ABŞ-ın və NATO-nun hərbi infrastrukturu Ukrayna sərhədlərinə doğru yaxınlaşmaqda idi...

Müharibə olacaqmı? Birmənalı şəkildə demək çətindir. Amma düşünürük ki, bu yaxınlarda o, baş verməyəcək. Üstəlik, ABŞ-da və Avropada bir şeyi bilməlidirlər: Rusiya nə vaxtsa Ukraynanı ilhaq edərsə bu onun sovet planlarının gerçəkləşməsi demək olacaq. Bu planlar isə heç bir vaxt gündəmdən çıxmayıb. Onlar haqqında indi hətta Belarus prezidenti Aleksandr Lukaşenko açıq danışmağa başlayıb. Bəs ona nə düşübdür?

Görünür, Lukaşenko Qazaxıstan hadisələrindən sonra özünü mühüm persona hesab edir, - axı Qazaxıstana sülhməramlılar göndərmək haqda qərarı Vladimir Putinin Aleksandr Lukaşenko ilə qəbul etdiyi deyilir! Həm də güman, “batka” belə hesab edir ki, İttifaq bərpa olunsa, onun da ikinci siyasi həyatı başlaya bilər və o, bu minvalla daha bir neçə on il də Belarusun “birinci katibi” vəzifəsini daşıyar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR