İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana TAP hədəsi

1588 08.06.2017 09:20 İqtisadiyyat A A

İddiaların əsası varmı?; “”Qazprom" digər mənbələrdən Avropaya mavi qazın nəql edilməsində maraqlı deyil"


Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Medvedyev Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini və effektivliyini şübhə altına alan bəyanatlarla çıxış edib. A.Medvedyev jurnalistlərə açıqlamasında Rusiya qazının gələcəkdə TAP kəmərinə vurulması imkanlarından danışıb. Bildirib ki, TAP kəmərinin dolmamaq riski var, çünki Azərbaycan əsas neft yataqlarında hasilatı saxlamaq üçün laylara getdikcə daha çox qaz vurmağa məcburdur.


Qeyd edək ki, “Qazprom” şirkəti TAP-a faktiki rəqib sayılan qaz dəhlizinin yaradılması üzərində işləyir. Bura Rusiyadan Türkiyənin Yunanıstanla sərhədinə qədər “Türk axını” qaz kəmərinin çəkilməsi, həmin kəmərin daha sonra “Poseidon” kəmərinə birləşdirilməsi planları daxildir. “Türk axını” kəmərinin tikintisi artıq başlayıb. TAP kəməri isə TANAP-la Türkiyənin Yunanıstanla sərhədinə qədər nəql olunacaq Azərbaycan qazını (ildə 10 mlyard kubmetr) Avropanın cənubuna çatdıracaq.


“Qazprom”un idarə heyətinin sədr müavini yada salıb ki, TAP kəməri üçün mənbə Azərbaycan qazıdır və o da məhdud ola bilər: “İndiki situasiyada Azərbaycanın qaza tələbatı artır, çünki əsas neft yataqlarında hasilatın aşağı düşməsini dayandırmaq üçün laylara getdikcə daha çox qaz vurulur. Bu, zarafat məsələ deyil-zərurət məsələsidir. Neft Azərbaycan iqtisadiyyatı üçün əsas büdcə gəliri mənbəyi olaraq qalır”.


Avropanın qaz təchizatı bazarında inhisarını əldən vermək istəməyən Rusiya qaz nəhənginin bəyanatları Moskvanın Cənub Qaz Dəhlizinə qarşı qəzəbini ilk dəfə bu cür açıq büruzə vermiş olur. Lakin bundan öncə də Rusiya təxribatçı addımlara əl atmış, İtaliyada təbiətsevərlərin əli ilə TAP kəmərinin tikintisinin dayandırılmasına nail olmuşdu. O zaman da ekspertlər “No TAP” aksiyasının arxasında Rusiyanın durduğunu istisna etmirdilər.


Yerli ekspertlər “Qazprom” rəsmisinin iddialarını əsassız adlandırır, ölkəmizin kifayət qədər qaz ehtiyatına malik olduğunu və ilkin mərhələdə Avropaya 10 milyard kubmetr həcmində qazın maneəsiz olaraq ixrac edilə biləcəyini vurğulayırlar.


İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bütün bu bəyanatların səbəbi Rusiyanın Avropa qaz bazarında özünə rəqib görmək istəməməsindən irəli gəlir: “Rusiyanın TAP-a münasibəti heç zaman isti olmayıb. Bu ölkə rəsmilərinin istər rəsmi, istərsə də qeyri-rəsmi açıqlamalarında hər zaman TAP-a qarşı neqativ fikirlər, xüsusən də Cənub Qaz Dəhlizinin ehtiyatlarının az olması, TAP və TANAP-ın mavi qaza olan tələbinin ödənilməsində çətinliklərin olacağı ilə bağlı daim açıqlamalar yayımlanıb. Bu da başa düşüləndir. Çünki Cənub Qaz Dəhlizi birinci mərhələdə Avropaya 10 milyard kubmetr qaz nəql edəcək, daha sonra bu həcmlərin 20 milyard kubmetrə qədər artırılması mümkündür. Bu rəqəmlər ”Qazprom"un Avropaya ixrac etdiyi mavi qazın həcmi ilə müqayisədə xeyli kiçikdir, buna rəğmən “Qazprom” digər mənbələrdən Avropaya mavi qazın nəql edilməsində maraqlı deyil. Bunu da açıq şəkildə bəyan edir. Rusiyanın narahatlığı ondan ibarətdir ki, fərqli mənbələrdən nəql edilən qazın Avropa bazarına çıxarılması bu ölkənin Avropa bazarındakı dominantlığını xeyli zəiflədə bilər.

Image result for İqtisadçı ekspert Vüqar Bayramov


Əvvəllər də iddialar var idi ki, ekologiya tərəfdarlarının keçirdiyi aksiyalar həm də “Qazprom” tərəfindən dəstəklənib. Bunu sübut etmək o qədər də asan deyil. Lakin aksiya iştirakçılarına müəyyən mənbələrdən kifayət qədər vəsaitin daxil olması da açıqlandı. Ehtimallar da səsləndirildi ki, bu vəsaitləri TAP-ın reallaşmasına qarşı olan qüvvələr verib. “Qazprom”un TAP əleyhinə kompaniyalarda iştirakını sübut etmək mümkün olmasa da , ehtimal olunur ki, şirkət bu məsələdə xeyli aktivdir. “Qazprom”un bu məsələdə iştirakının hansı dərəcədə olmasından asılı olmayaraq, birmənalı şəkildə demək olar ki, bu şirkət Azərbaycan qazının Avropa bazarına çıxmasının əleyhinədir".


A.Medvedyevin iddialarına gəlincə, V. Bayramov bildirdi ki, TAP-ın qazla doldurulmasında heç bir çətinlik yaşanmayacaq: “Hazırda Azərbaycanın qaz hasilatı 29 milyard kubmetrdir. 2020-ci ildə, Şahdəniz layihəsinin ikinci fazası istifadəyə veriləndə 44,5 milyard kubmetrə qədər yüksələcək. Azərbaycanın birinci mərhələdə Avropa bazarı qarşısında öhdəliyinin cəmi 10 milyard kubmetr olduğunu nəzərə alsaq, həmin öhdəliyin yerinə yetirilməsində hər hansı çətinliyin olmayacağını deyə bilərik. Praktik olaraq ilbəil artan qaz hasilatı həmin öhdəliklərin yerinə yetirilməsinə imkan verəcək. ”Şahdəniz 2"nin istismara verilməsi ilə yanaşı, digər qaz yataqlarının, xüsusilə də Abşeron yatağının istifadəyə verilməsi nəzərdə tutulur. Bu da birmənalı şəkildə qaz hasilatının artmasına səbəb olacaq. O baxımdan, TAP-ın istifadəyə verilməsinin birinci mərhələsində hər hansı çətinliyin olacağını gözləmirəm. Ancaq gələcəkdə Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulması daha arzuolunan olardı. Rusiya isə növbəti dövrlərdə də öz narazılığını ifadə etməkdə davam edəcək".


İqtisadçı qeyd etdi ki, TANAP-la bağlı belə bir problem mövcud deyil: “Rusiya TANAP-ı ciddi rəqib olaraq görmür. TAP-ı isə Avropada böyük alternativ kimi görür. TAP-ın inşaat işləri hələ də davam etdiyi üçün Rusiyanın prosesə təsir imkanları qalmaqdadır. Hər halda, təxribatın olacağını istisna etmək olmaz”.


Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR