İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dövlət çevrilişi mümkündürmü...

847 22.01.2022 11:02 Yazarlar A A

Özü başqa, xüsusən də qonşu ölkələrdə çevriliş yaradan bir ölkədə dövlət çevrilişi – etiraf edim ki, özüm də bu cür mülahizələri ciddi qəbul etmirəm. Amma avtoritar ölkələrdə bir qayda olaraq psixoloji məqamlarsız keçinilmir.

Məsələn, siyasi psixoloqlar hələ də Adolf Hitleri və yaxud da İosif Stalini ən adi paranoiklər hesab edirlər. Ona görə də bu cür ölkələrdə daim hansısa çevrilişlər, sui-qəsdlər, məkrli-gizli sövdələşmələr, daxili və xarici düşmənlər uydururlar.

Əslində biz bu mövzuya qətiyyən toxunmazdıq, əgər bir məsələ olmasaydı. Bu yaxınlarda Rusiyada məşhur Levada mərkəzi ciddi bir sorğunun nəticələrini açıqladı. Yadımda qalanı bu oldu ki, rəyi soruşulanların düz 22 faizi yaxın dövrdə Rusiyada dövlət çevrilişinin olacağını istisna etməmişdi.
Əlbəttə, məsələ onda deyil ki, Rusiyada həqiqətən də çevriliş olacaq. Yox, Rusiya yetərincə dayanıqlı və stabil ölkədir. Amma o, “daxili və xarici düşmənlər”lə əhatə olunub. Ölkənin daxili rejimi daim Aleksey Navalınıy kimi hansısa “siyasi düşmən”lərə ehtiyac duyur, çünki yuxarların rəyi belədir ki, guya bu adamlar xarici düşmənlərin, xüsusən də Qərb dairələrinin tapşırıqlarını yerinə yetirirlər və bu səbəblərdən də real siyasi həyatdan tamam təcrid olmalı və hətta lazım gələrsə, günlərini həbsxanalarda keçirməlidirlər...

“Xarici düşmən”lərə gəldikdə isə, burada da əməlli-başlı bolluqdur. Bütün demokratik Qərb, Aİ və NATO ölkələri, ABŞ və eləcə də onlarla digər ölkələr Moskvanın potensial və real düşmənləri sayılır.
Bu ölkənin dünya ilə yetmiş illik qarşıdurma təcrübəsi var. Həmin qarşıdurmanı uduzandan sonra Rusiya bir müddət öz geosiyasi ambisiya və iddialarından əl çəkdi, daha doğrusu, onları dondurdu. Amma son vaxtlarda Moskvanın fəal şəkildə geosiyasi müstəviyə qayıtması sezilir.

Hazırda Rusiya ilə ABŞ və ya NATO arasında danışıqlar da çox tez-tez baş verir, amma onlar vəziyyəti yüngülləşdirmir. Əksinə hər gün Moskvanın Brüssel və Vaşinqton ilə münasibətləri daha da soyuq olur.
Qazaxıstan hadisələri isə Moskvanın geosiyasi ambisiyalarında yeni mərhələ oldu. Ötən əsrin səksəninci illərinin sonlarından və doxsanıncı illərinin əvvəllərindən, SSRİ-nin süqutundan sonra Moskva daha açıq şəkildə öz sattellitlərinin daxili işlərinə qarışmırdı. İndi isə bunun üçün yeni mərhələ, yeni dövran başlayıb.

Görünür ki, Moskva Ukrayna hadisələrindən özü üçün çox ciddi nəticələr çıxarıb. O, Viktor Yuşenkonun hakimiyyətə gəlişinin, ya da ki, Viktor Yanukoviçin hakimiyyətdən gedişinin əleyhinə idi. Amma bununla belə Kiyevə hərbi müdaxilə etmədi, sonuncu dəfə yalnız Krımın anneksiyası ilə, Şərqi Ukraynada vəziyyəti qarışdırmaqla kifayətləndi.

Amma son vaxtlarda Kremldə belə qərar verdilər ki, bu cür passiv münasibət Rusiyanın geosiyasi ambisiyalarına ciddi təhdid ola bilər və elə bu səbəbdən də aktiv müdaxilə və müqavimət kursu götürüldü.

Sonuncu Qazaxıstan hadisələri məhz bu qəbildən oldu. Moskva bu ölkədə də hərbi üsullarla hökumətə qarşı etirazları yatırtdı, üstəlik, bəyan etdi ki, belə bir aqibət başqa Mərkəzi Asiya ölkələrini də gözləyə bilər.

Hazırda Rusiya ilə Qərb arasında maksimal qarşıdurma müşahidə olunur. ABŞ-da və Avropada Moskvanın Ukraynaya müdaxilə etməsini tamam real hesab edirlər. Aydın məsələdir ki, iş ciddi həddə çatsa Qərb hansısa addımlar atmalıdır. Bu, hansısa daha ciddi siyasi və iqtisadi sanksiyalar ola bilər. Amma bundan başqa hibrid müharibələrinin ciddi təzahürləri də mümkündür. Aydın məsələdir ki, Moskva məhz bundan ehtiyat edir. Bu səbəbdən də Levada mərkəzinin sorğularına mücərrəd və akademik məşğuliyyət kimi baxmaq lazım deyil, yox, bunlar ən azı onu göstərir ki, ölkədə vəziyyət qənaətbəxş deyil. Ona görə də hətta ən ekzotik ssenarini belə istisna etmək olmaz. Bir daha deyirik ki, Rusiya təhlükəli həddə gəlib çıxıb. Belə çıxır ki, KTMT üzvlərinin hakimiyyət məsələsi bundan sonra Moskvada həll olunacaq. Bu, SSRİ-nin bərpası deyil, nədir? O gün baxırıq, N.Nazarbayev xalqa müraciətini rusca edir! Bəs bunu necə yozaq? Bəs “türkçü” Nazarbayev harada qaldı?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR