İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya təminat istəyir: alacaqmı?..

714 28.12.2021 08:40 Yazarlar A A

Bəli, birbaşa (J.J.Russo və b.) və nümayəndəli (Ş.Monteskye, C.Lokk, Volter və b.) demokratiyanın ideoloqaları və yaradıcıları çoxdan dünyalarını dəyişiblər, amma onların davamçıları hələ də aydınlaşdırmaq istəyirlər ki, görəsən, hansı sistem daha effektlidir?

Əlbəttə, dünyada daha çox nümayəndəli demokratiya yayılıb, amma birbaşa demokratiya da nadir hadisə deyil və onun ayrı-ayrı elementlərindən hətta nümayəndəli demokratiya ölkələrində də istifadə edirlər. Belədə isə, məsələn, İsveçrə tipik birbaşa demokratiya ölkəsidir və burada bütün mühüm məsələlər referendum yolu ilə həll olunur.

Bunları niyə deyirik? Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı baş tutdu. Düşünmək olardı ki, bu ölkədə bütün mühüm məsələlər, o cümlədən də hökumətə sorğular ilk növbədə xalqın seçdiyi deputatlar tərəfindən parlamentdə səslənəcəkdir, amma gəl, Kremldə belə hesab edirlər ki, prezident öz “xalq”ı ilə birbaşa təmasda olmalı, onun suallarına şəxsən özü cavab verməlidir.

Bunun nə qədər effektiv olub-olmaması bizimçün qaranlıqdı və yalnız onu deyə bilərik ki, Rusiya heç bir parametrinə görə qabaqcıl ölkə deyil: siyasi mənada tipik avtoritar ölkədi, iqtisadi mənadasa geridə qalmış bir dövlətdir.

Amma Putinin mətbuat konfransından başqa detal yadımızda qaldı. Rusiya prezidenti bir daha siyasi isterikaya qapılaraq ABŞ-ı və NATO -nu tənqid etməyə başladı ki, onlar Rusiyanın təhlükəsizliyi üçün problem yaradır və ölkələrinin sərhədlərinə yaxınlaşırlar. Amma bizə elə gəlir ki, problem bir qədər fərqli qoyulmalıdı.

Məsələ bundadır ki, Rusiya ilə həmsərhəd ölkələr özlərini təhlükəsiz hiss etmir, daim təhdidlər yaşayırlar və ona görə də NATO-nun üzvü olmağa, ABŞ-la ikitərəfli hərbi əlaqələr qurmağa və hətta ərazilərində ABŞ-ın hərbi bazalarını da qurmağa çalışırlar.

Bəli, məsələ bundadır. Məsələn, niyə Ukrayna NATO-ya can atır? Niyə görə Gürcüstan ABŞ və NATO ilə hərbi münasibətlər qurmağa cəhd edir? Bunların üzərində baş sındırmaq lazım deyil, səbəblər çox sadədir: Rusiya bu ölkələrin təhlükəsizliyi üçün əsas və real təhlükədir. Moskva Krımı ilhaq edibdi və Şərqi Ukraynanı Kiyevin nəzarətidən tam çıxarıb. Gürcüstana gəldikdəsə, Kreml eyni hərəkətləri Abxaziya və Cənubi Osetiya ilə də edib. Üstəgəl, bir neçə il bundan əvvəl Gürcüstanı tamam işğal etməyə də çalışıb və bunun qarşısı yalnız Avropa ölkələrinin və ABŞ-ın sayəsində alınıbdır.

İndi Rusiya siyasətçilərini GUAM üçlüyünün NATO-ya qəbul edilməsi bərk narahat edir. Qeyd edək ki, mətbuat konfransında prezident Putin bu məsələnin üstündə xüsusi dayandı. Bunun üçün ciddi əsaslar varmı? Axı NATO üzvü olan ölkələr heç vaxt dəqiq tarix demirlər!

Düşünürük ki, məsələni bu dərəcədə şişirtməklə Rusiya iki məqsəd güdür. Birincisi, qoşunlarını Ukrayna ilə sərhədə toplamağa bəraət qazandırmağa çalışır. İkincisi, Angela Merkelin hakimiyyətdən gedişindən sonra ehtiyat edirlər ki, GUAM üçlüyünün NATO-ya qəbulu prosesi güclü və real təkan ala bilər.

Ola bilsin, məhz buna görə də Kremldə tələsik yeni bir qlobal təhlükəsizlik doktrinası cızma-qara etdilər, hansı ki, daha çox dünya ölkələrinə xəbərdarlıq idi. Bəli, burada qeyd olunur ki, Rusiya üçün ən böyük təhlükə keçmiş sovet ölkələrinin NATO-ya qəbuludur. Etiraf edək ki, biz dəqiq bilmirik, post-sovet ölkələri yaxın vaxtlarda NATO-nun üzvü olacaq, ya yox? Bircə onu bilirik ki, Rusiyanın təkliflərini heç kim qəbul etməyəcək.

Ona görə də siyasi müşahidəçilərin bir hissəsi belə hesab edir ki, növbəti il barıt qoxuyur. Prinsipcə, hər şey ola bilər, xüsusən də Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma istisna olunmur. Amma ümid edirik ki, Rusiya siyasətçiləri hələ sağlam məntiq hissini tamam itirməyiblər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR