İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlimxan Yaqubun vəfatının ildönümü məzarı başında qeyd edilib - REPORTAJ, FOTOLAR

2704 09.01.2017 16:51 Reportaj A A
Bu gün Fəxri Xiyabanda xalq şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub. Xalq şairinin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı isə Tərlan Həsənovdur.

Musavat.com xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak ediblər. 

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutan anım mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, deputat, yazıçı Aqil Abbas, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhhərəmov, deputat Qənirə Paşayeva, Z.Yaqubun ailə üzvləri və ziyalılar iştirak ediblər. 

Tədbirdə şairlə bağlı fikirlər səslənib, xatirələr yada salınıb. İlk olaraq akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edib. O, sözlərinə Zəlimxan Yaqubun ruhuna müraciətlə başlayaraq, onun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışıb: “Bura elə bir məkandır ki, burada Azərbaycanın böyük şəxsiyyətləri uyuyur. Sən də müqəddəs vətən torpağına burada qovuşmusan. Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustadlarından idi. Z.Yaqub vətənini, xalqını sevirdi. O, dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. O, bu gün abidə formasında yenidən bizə qayıtdı. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, daim Azərbaycan tarixində, ədəbiyyatında yaşayacaq. Zəlimxan Yaqubun yaradıcılığında təkcə Güneyli-Quzeyli Azərbaycan həqiqətləri yox, bütün Türk və İslam dünyası öz əksini tapıb. Elə ona görə də Zəlimxan Yaqub bütün Türk və İslam dünyasına mənsub şairdir”.

Rafael Hüseynov qeyd edib ki, Zəlimxan Yaqubun yaradıcılığına, onun istedadına ən böyük qiyməti Heydər Əliyev verib. Prezident İlham Əliyev də daim şairə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Daha sonra isə professor Qəzənfər Paşayev şair haqqında xatirələrini bölüşüb: "Zəlimxan Yaqub sözün tarixi məsuliyyətini hiss edən və ömrünün sonunadək əlindən qələmi yerə qoymayan şair idi. Onun yurd, xalq sevgisindən yoğrulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq".

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Zəlimxan Yaqubun müasir Azərbaycan poeziyasının böyük simalarından biri olduğunu deyib: "Zəlimxan Yaqub yaratdığı əsərləri ilə qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq. O, həm gözəl poeziya nümunələri yaradırdı, həm də Azərbaycan poeziyasını bütün dünyada təbliğ edirdi. O, ürəyindən keçənləri özünəməxsus intonasiya ilə dünyaya çatdırırdı. Zəlimxan Yaqub eyni zamanda Türk dünyasının böyük şairidir və hər yerdə onun xatirəsi ehtiramla anılır".

Şairin ailəsi adından çıxış edən oğlu Bəhlul Yaqubov Zəlimxan Yaqubun xatirəsinə göstərdikləri yüksək hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z.Yaqub I Fəxri Xiyabanda dəfn olunub.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR