İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hərəkətə mane olan obyektlər sökülməlidir” - Ekspert rəyi

2523 18.01.2017 20:05 Reportaj A A
Bakıda bir çox obyektlərin qapıları ya piyada səkisinə, yaxud da birbaşa olaraq avtomobil yoluna açılır. Bu hal isə əlavə problemlərə səbəb olur. Redaksiyamıza müraciət edən şikayətçilər bildirirlər ki, sahibkarlar əksər hallarda obyektlərinin qarşısında avtomobil dayanması üçün xüsusi yerlər düzəldirlər. Bu isə yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə törədir. 

Misal üçün Binəqədidə yeni açılmış “Taksim kabab” adlı kafedən insanlar şikayətlənirlər. Obyektin qarşısında olduğumuz zaman da müşahidə etdik ki, burada sıra ilə avtomobillər dayanır. Obyektin sahibi isə həmin avtomobillərinin yolun hərəkət hissəsində dayanmasını üçün üzərində “TK” yazılan xüsusi dəmir lövhələr də düzəldib. Avtomobil dayandıqdan sonra həmin dəmir lövhələr, qoruyucu çəpər kimi onun arxasına düzülür. Yaxınlıqda yaşayanlar bildirirlər ki, obyekt açılandan pik saatlarda bu ərazidə tıxac olur. Səbəb də kafeyə gələn avtomobillərin yolda hərəkət edən nəqliyyat vasitələrinə maneə törətməsidir.

Oxşar hallar yuxarıda da qeyd etdiyimiz kimi, Bakının bir çox yerlərində müşahidə olunur. Sahibkarlar belə bir şərt də qoyurlar ki, obyektin qarşısında başqa şəxslər avtomobil saxlaya bilməzlər. Bu yeri aldıqlarını söyləyirlər. 

Məsələ ilə bağlı qanunun tələbləri isə başqadır.

Musavat.com-a danışan ekspert Ərşad Hüseynov bildirib ki, bu cür obyektlər tikinti norma və qaydalarından kənar tikilib: “Ölkədə Şəhərsalma və Tikinti Məcəlləsi, həmçinin dövlət şəhərsalma norma və qaydaları mövcuddur. Bu qaydalar hələ 1950-60-cı illərdən var. Həmin qanunlara riayət olunarsa, belə mənzərələr heç zaman müşahidə oluna bilməz. Tikililərin forması nəyinki yolun hərəkət istiqamətindəki avtomobilə, heç piyadaya da mane ola bilməz. Səki ilə gedən piyadanın da hüquqları var. Obyektlərin avtomobil və piyadanın hərəkətinə mane olması, tikinti və şəhərsalma normalarının kobud şəkildə pozulmasıdır. Bu, müasir, 20-ci əsrə uyğun olmayan məskunlaşma problemidir. Ona görə də problem aradan qaldırılmalıdır. Ölkədə belə bir anormal yanaşma var ki, deyirlər, biz filan obyekti tikirik, çünki icra hakimiyyətindən icazə almışıq. Azərbaycan vətəndaşı elə düşünür ki, icra hakimiyyətinin hansısa bir cızma-qarası qanunlarımızdan üstündür. Əgər həmin sərəncam qanuna ziddirsə, onu verən icra hakimiyyətinin əməkdaşı da, tikintini aparan şəxs də məsuliyyətə cəlb olunmalıdır. Tikili isə sökülməlidir. Özü də bu, dövlət hesabına deyil, həmin şəxslərin hesabına sökülməlidir. Nə qədər ki, bu cür addımlar atılmayıb, problemlər də bitməyəcək. Şəhərin hər yerində bu cür qayda pozuntularına rast gəlmək olar. Məsələnin “Yol hərəkəti haqqında” Qanunla tənzimlənməsinə gəlincə isə, yol hərəkəti qaydaları normal, standartlara uyğun yolda hərəkəti tənzimləyir. Bu məsələlər isə tikinti və şəhərsalma qaydalarına uyğun tənzimlənməlidir. Belə ki, yolun özü belə, bu qaydalara uyğun tikilməlidir ki, daha sonra digər məsələlərə riayət olunsun”.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR