İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarlarda və marketlərdə bahalaşma pik həddə çatıb: Qiymətlərə "od düşüb" - REPORTAJ, FOTOLAR

17042 24.02.2015 18:53 Reportaj A A
Mərkəzi Bankın qərarı ilə dollar və avronun manata olan məzənnəsinin bahalaşması ölkənin bütün sahələrinə mənfi təsir göstərib. 

Buraya ərzaq malları, kənd təsərrüfatı məhsulları, dərman preparatları, daşınar və daşınmaz əmlak, elektrik avadanlıqları və sair daxildir. Ancaq əhalini ən çox narahat edən məsələ gündəlik istehlak məhsullarının bahalaşmasıdır. 

Musavat.com-un əməkdaşı sözügedən sahələrdə vəziyyəti öyrənmək üçün araşdırma aparıb. Məlum olub ki, dollar və avronun bahalaşması ölkədə müxtəlif sahələrdə ticarətə öldürücü zərbə vurub.  

Marketlərdə qiymətlərə “dur” deyən yoxdur

Qida məhsullarında qiymət artımının olub-olmadığını öyrənmək üçün ilk olaraq, ərzaq məhsulları satılan iri marketlərə baş çəkdik. Marketlərdə əksər yeyinti məhsullarının, xüsusən də, gündəlik tələbat malları olan unun, yumurtanın, kərə yağının, duru yağların, şəkər tozunun, qəndin, siqaretin, təmizlik vasitələrinin və sairin qiymətində 25-30 faiz artım müşahidə olunur.

 
Marketlərdə əvvəllər 7.4 AZN-ə satılan Yeni Zellandiya yağı hazırda 10.5 AZN satılır. Şəkər tozu və qəndin qiymətində 30 qəpik bahalaşma var. Müxtəlif firmaların istehsalı olan günəbaxan, qarğıdalı, zeytun yağları da 30 faiz bahalaşıb. 

Həmçinin müxtəlif firmalara məxsus qazlı içkilər, şirin sular, meyvə şirələri 10 qəpik bahalaşıb. Əvvəllər 6-7 qəpiyə satılan yumurtanın qiyməti isə indi 10 qəpikdir. Xaricdən gətirilən süd və süd məhsulları da 40-50 qəpik bahalaşıb. Əvvəllər 1.2 manata satılan bəzi xamaların qiyməti 1.9 manat olub. Əksər marketlərdə çörəyin qiyməti dəyişməz olaraq qalır. 

Alıcılar isə yeni qiymətlərdən narahatdırlar. Onlar ərzaq səbətində ixtisarlar apardıqlarını və gəlirlərinin indiki qiymətlərlə müqayisədə məhdud olduğunu deyirlər. 

Meyvə-tərəvəz də bahalaşdı

Dollar və avronun məzənnəsinin kəskin bahalaşması kənd təsərrüfatı məhsullarına da təsirsiz ötüşməyib. Azərbaycan aqrar ölkə olsa da, əksər kənd təsərrüfatı məhsullarının xaricdən idxal edildiyi heç kimə sirr deyil. Bu baxımdan, meyvə-tərəvəzin qiymətində artım olacağı gözlənilən idi.
 
Hazırda bazarlardakı mövcud durumu öyrənmək üçün paytaxtın ən böyük ticarət mərkəzlərindən olan “8-ci kilometr” bazarına baş çəkdik.
 
Bazarda demək olar ki, əksər məhsulların qiymətində bahalaşma var. Satıcılar da son üç gündə qiymət artımını təsdiqləyirlər. 

Satıcı Eyvaz Hüseynov meyvələrin qiymətində 20-50 qəpik bahalaşma olduğunu deyir: “Son günlər kənd təsərrüfatı məhsullarının topdansatış qiymətində artım var. Biz də məhsulları baha aldığımız üçün məcburən baha satmalı oluruq. Məsələn, əvvəllər armudun kiloqramı 1.6 manat idisə, indi 2.4 manata satırıq. Kivi və bananın hər kiloqramında 40 qəpik artım var. Narınginin qiyməti əvvəl 1.5 manat idisə, indi 2 -2.5 manata satılır. Həmçinin 1.2 manata olan portağal indi 1.6 manatdır. 3.5 manata satılan ananasın qiyməti 4-4.2 manata çatıb”. 

Söhbətə qatılan başqa bir satıcı isə əvvəllər topdansatış mərkəzlərində qiymətlərin kəskin artmasından  şikayətləndi: “Əvvəllər almanın 20 kq-lıq yeşiyini 9 manata alırdıq, ötən gün eyni məhsulu 12 manata almalı olduq. Bananın bir yeşiyi 37 manat idi, indi 40 manatdır. 20 kiloqramı 20 manata satılan armud indi 28 manata qalxıb”.

Bahalaşma alıcılığı “öldürüb”

Bazarda söhbətləşdiyimiz əksər satıcılar son günlər alıcılığın aşağı olmasından şikayətlənirlər. Bazarda təkcə, meyvənin deyil, tərəvəz məhsullarının da qiyməti artıb. 70 qəpiyə satılan kartof 1 manat, 50 qəpikdən satılan soğan isə 70 qəpiyə təklif olunur. Xüsusən də, Rusiya və İrandan gətirilən kartof 20-30 qəpik bahalaşıb. 

Ancaq Gədəbəy-Tovuz bölgəsindən gətirilən yerli kartofun da qiyməti 20-30 qəpik artıb. Hazırda bazarlarda yerli kartofun bahalanmasını satıcılar fermerlərin mövcud vəziyyətdən sui-istifadə etməsi kimi qiymətləndirirlər. 

Kələm və kökün qiymətində də kəskin artım var. Kələmin bir kiloqramı əvvəl 0.6 manat idisə, indi 1 manata təklif olunur, kökün qiyməti də 30-40 qəpik artıb. Türkiyədən gətirilən qırmızı mərci isə 1.4 manatdan 2 manata qədər bahalaşıb.

Bazarda müşahidə apardığımız zaman satıcılarla alıcılar arasında mübahisələrin də şahidi olduq. Alıcı xanımlardan biri bir neçə gün öncə 60 qəpiyə aldığı kələmin indi niyə 1 manata satıldığını soruşub, satıcının haqsızlıq etdiyini deyirdi. 

Novruz bayramı gəlməmiş quru meyvələr indidən bahalaşdı

Qeyd edək ki, bahalaşma quru meyvələrin qiymətinə də təsir göstərib. Quru meyvələrin əksəriyyəti xaricdən gətirildiyi üçün topdansatış mərkəzlərində qiymətlər kəskin artıb. 

Satıcı Namiq Cəfərovun sözlərinə görə, əksər məhsullar 2-3 manat bahalaşıb: “Əvvəllər kiloqramı 10 manata satılan qoz ləpəsi indi 12 manatdır. 11 manata olan badam 15 manata satılır. 3.2 manata satılan kişmiş bahalaşaraq, 4.4 manat olub. Kiloqramı 8 manata olan ərik qurusu 10 manata qalxıb. 3.6 manata satılan xurma 4.8 manata qədər bahalaşıb”.
 
Namiq Cəfərov onu da vurğuladı ki, yerli sahibkarlar da xaricdən gələn məhsulların bahalaşdığını görüb, yerli məhsulların da qiymətini  artırırlar: “Məsələn, fındıq ləpəsi yerli məhsuldur, bunun nə dollardan, nə də avrodan asılı bir tərəfi yoxdur. Ancaq topdansatış mərkəzlərində bahalaşıb, biz də məcbur olub, baha qoymuşuq. Əvvəl 8.8 manata satdığımız fındıq ləpəsi indi 10.3 manatdır. Bu, sadəcə mövcud durumdan sui-istifadədir və alıcılığı “öldürür”. Bu gün heç nə sata bilməmişik. İnsanlar gəlib, qiymətləri soruşub, qayıdırlar”.

Quru meyvələrin satıldığı dükanda məhsulların üzərində qiymətlərə rast gəlmədik. Satıcılar deyirlər ki, yeni qiymətləri müəyyənləşdirənə qədər köhnə qiymətləri yığmışıq. 

Təklif: “Gömrük rüsumu ləğv edilsin”

Tərəvəz alveri ilə məşğul olan Sahib Kərimov deyir ki, hökumət xaricdən gətirilən məhsulların bahalaşmasına qarşı tədbirlər görməlidir: “Rusiyada böhran başlayanda onlar Azərbaycandan aparılan ərzaq məhsullarına gömrük rüsumunu ləğv etdilər ki, qiymətlər kəskin artmasın. Çünki orada dövlət öz vətəndaşlarını düşünür. Azərbaycan hökuməti də bu addımı ata bilər. Gömrük rüsumu ləğv edilsə və ya güzəştlər olsa, bu qədər bahalıq olmaz. Sadə insanların da ölkəyə mal gətirməsinə şərait yaratmaq lazımdır. Sadəcə, yüksək vəzifəli şəxslər və onların yaxın adamları ölkəyə mal gətirir və bu da monopoliya yaradır. Özləri istədikləri qiyməti qoyub, bazara verirlər. Biz nə edə bilərik? Bundan biz satıcılar sadəcə, ziyan çəkirik. Məhsul bahalaşdıqca, alıcılıq azalır”.
 
Qeyd edək ki, satıcılar son günlər heç bir dövlət qurumunun bazarlarda yoxlama aparmasına şahid olmadıqlarını bildirdilər. İstər Kənd Təsərrüfatı Nazirliyi, istərsə də İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görüldüyünü və bazarlarda monitorinqlər aparıldığını açıqlasalar da, satıcılar bunu görmədiklərini deyirlər. 

Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR