İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA-nın oxucu kartı bahalanan Mərkəzi Elmi Kitabxanasından REPORTAJ, FOTOLAR

2299 13.01.2017 18:59 Reportaj A A
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 2017-ci il üçün açıqladığı xidmətlərin qiymət cədvəli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müzakirələrə səbəb kitabxanadan AMEA üzvü olmayan vətəndaşlar üçün nəzərdə tutulan illik oxucu kartının qiymətinin artırılmasıdır. Belə ki, ötən illərdə bu kart üçün ödəniləcək məbləğ 5 manat olduğu halda, bu ildən etibarən qiymət 20 dəfə qaldırılaraq, 100 manat nəzərdə tutulub. Aylıq oxucu kartının qiyməti isə 10 manatdır. 

Bu müzakirələr bizi adıçəkilən kitabxanaya getməyə sövq etdi. 2015-ci ilin sentyabr ayında tam istifadəyə verilən kitabxana olduqca müasir və yüksək şəraitə malikdir. Qapıdan içəri girdik və bizi ilk olaraq qeydiyyat şöbəsi qarşıladı. Məlum oldu ki, hər istəyən buraya daxil ola bilməz. Bunun üçün qeydiyyatdan keçib, ödəniş etmək lazımdır. Bu zaman sizə xüsusi plastik kart verilir və bu kartla siz kitabxanadan istifadə edə bilərsiniz. 

Mərkəzi Elmi Kitabxana 1924-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik Büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqriyin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya Bürosu" (1924) MEK-in təşəkkülü üçün ilkin baza olub. 

Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923-1924-cü illərdə həyata keçirilib. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963-1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana (MEK) adlanmağa başlanıb. 

Kitabxana bir neçə mərtəbədən ibarətdir. Oxucular axtardıqları kitabı birinci mərtəbədə kompüter vasitəsilə tapırlar. Və kitabın sifarişini verib, növbəti mərtəbəyə qalxırlar. Burada artıq onları axtardıqları kitab gözləyir. Oxucu həmin kitabı götürüb, xüsusi oxu zalına keçir. Sakit, müasir, işıqlı otaqda öz işini görür. 

Birinci mərtəbədə sərgi salonu var. Hazırda burada "20 Yanvar" Günü ilə bağlı sərgi təşkil edilib. Digər mərtəbələrdə isə müxtəlif oxu zalları mövcuddur. Onlardan ən diqqət çəkəni Akademiklərin zalıdır. Akademiklərin zalı Elmlər Akademiyasının həqiqi üzvü olan alimlərə xüsusi iş şəraiti yaradır, zalda özünə yer tapmış geniş çeşidli ədəbiyyata və beynəlxalq informasiya məkanına sürətli çıxış imkanı verir. Eyni zamanda, elmin ali səviyyədə sahələrarası əlaqələndirilməsinə və gənc alimlərə bu sıradan olan əməkdaşlıq nümunəsini nümayiş etdirir. Bu zal internet, geniş və işıqlı iş masaları, kompüterlər və istirahət otağı ilə təmin olunub.

Mərkəzin ilk kolleksiyası məhz bu zala ianələr hesabına toplanılıb. Burada çox önəmli kitablar var. Həmçinin Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən kitabxanaya hədiyyə edilmiş kitabları xüsusi qeyd etmək olar. 

Kitabxananın “İlk dəfə”  və "Ən" kateqoriyasına aid edilmiş fəaliyyətləri də var. Azərbaycanda ən böyük rəqəmsallaşdırılmış türkdilli mənbələrin bazası MEK-dədir. Azərbaycan kitabxanalarında ilk dəfə olaraq elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq olunub. İlk dəfə olaraq MEK oxucularının istifadəsinə beynəlxalq elektron elmi məlumat bazaları verib. Azərbaycan kitabxanalarında saxlanılan 17 ən qədim kitab MEK-dədir. “Nəşriyyat haqqında” Qanuna ilk dəfə olaraq MEK tərəfindən islahat yönümlü təkliflər verilib. 

Kitabxana hazırda pulsuz kitab kampaniyası keçirir. Belə ki, müxtəlif məktəblərə, universitetlərə, kitabxanalara və s. lazımlı yerlərə pulsuz kitablar verilir. Reportajımız zamanı bu aksiyanın canlı şahidi də olduq. İsmayıllıdan gəlmiş nümayəndə onlar üçün hazırlanan kitabları təhvil alırdı. 

Burada kitablar müasir cihazlar sayəsində elektron hala salınır. Hətta Azərbaycanda bu cihazlardan sadəcə, bu kitabxanada var. Əslində, kitabxana haqqında çox şey yazmaq olar. Hər bir mərtəbəsi, hər bir zalı haqqında ayrı bir yazı hazırlamaq mümkündür. 

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR