İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə TIR-ları limanda qaldı; gərginlik nə zaman bitəcək?

2394 14.12.2015 22:44 Region A A

Türkiyə-Rusiya arasındakı gərginlik artıq tərəflərin iqtisadi zərərləri ilə nəticələnməyə başlayıb. Yayılan məlumatlara görə, Türkiyədən gələn TIR-ların Rusiya ərazisindən keçməsinə tətbiq edilən qadağadan sonra Ələt dəniz limanında yük maşınlarının sıxlığı yaranıb. 

Belə ki, limanda 175 TIR Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyir. Hələlik bu, texniki səbəblərlə - hava şəraitinin pis olması, bərələrin azlığı ilə əlaqələndirilir. Amma heç şübhəsiz ki, ortada siyasi səbəblər də var. 

Məsələ ilə bağlı musavat.com-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, yaxın zamanlarda Rusiya ilə Türkiyə arasında gərginliyin yumşalması gözlənilmir: “Yaxın zamanlarda Rusiyanın sanksiyaları aradan qaldıracağını düşünmürəm. Əksinə, Rusiya vəziyyəti gərginləşdirməkdə davam edir. Heç ona dəxli olmayan məsələlərdə qızışdırıcı mövqedən çıxış edir. Misal üçün, Türkiyə ilə İraq hökuməti arasında bəzi suallar yaranıb ki, ora da qırışırlar. Yaxud da, Rusiyanın hərbi gəmisi Türkiyənin  balıqçı gəmisinə atəş açır. Hansı ki, bu da böyük fəlakətə yol aça bilərdi.  Bütün bunlar göstərir ki, sadəcə olaraq Rusiya, Türkiyədən intiqam almamış əl çəkən deyil”.


Politoloq qeyd edib ki, belə bir vəziyyətdə Rusiya prezidenti geri addım atmayacaq: “Onun Federal şuradakı çıxışına diqqət edək. O deyir ki, türklər canlarını pomidorla qurtarmayacaqlar. Bu o deməkdir ki, onlar Türkiyəyə cavab haqqında düşünürlər. Bu ya Türkiyə hərbi təyyarələrinin vurulması ola bilər, ya da tutaq ki, PKK-ya silah ötürülməsi. Ancaq hansısa intiqam haqqında düşünüldüyü ortadadır. Bu olmadan  heç bir geri addım atmayacaqlar. Hətta bütün vasitəçilik təşəbbüslərinə də yox deyirlər. Azərbaycan da vasitəçilik təşəbbüsü irəli sürdü. Qazaxıstan və Belarus prezidentləri də söylədilər ki, Rusiya ilə Türkiyə arasında dialoq olmalıdır. Rusiyanı bu məsələdə heç bir dövlət dəstəkləmir. Hər kəs deyir ki, dialoq olmalıdır. Hazırda Türkiyə soyuqqanlı davranır. Ancaq Rusiya sərtliyini davam etdirdikcə, Türkiyə də buna adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Bu  proseslərdən isə hər iki dövlət itirəcək. Rusiyanın itkiləri isə daha çox olacaq”.

E.Şahinoğlu yalnız bir halda gərginliyin azala biləcəyini deyib: “Görünən budur Rusiya, Türkiyəyə cavab addımı ataraq, onu hansısa itkiyə məruz qoymalıdır ki,  daha sonra danışığa getsin. İndi gəlin baxaq ki, Rusiyanın Türkiyədəki səfiri nə deyir. Səfir bildirir ki, birincisi Türkiyə üzr istəməlidir, ikincisi təyyarəni vuranlar cəzalandırılmalıdır, üçüncüsü isə təzminat ödənilməlidir. Heç bir dövlət bu cür şantaja getməz, Türkiyə də həmçinin”.


Əli Rais, 
musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR