İnsanlara hürriyət, millətlərə istiqlal!

Rebiç ola bilməməyin detalları

2005 19.07.2018 09:30 Yazarlar A A

Belə hadisə bizdə də ola bilərmi? Məsələn, bir idmançı çıxa, kənd-kəsəyinin banklara olan kredit borcunu bir dəfəyə bağlaya... Məncə, ola bilər. Çünki bizdə də səxavətli, ürəkli, comərd adamlar həmişə olub, var, gələcəkdə də olacaqlar.

Bəzi dostlar əks fikirdədir və özlərinə görə arqumentləri də var, amma bu xüsusda sonra yazarıq.

İndilikdə onu deyək ki, bu işi 2018-ci il mundialında ikinci yeri tutan Xorvatiya millisinin futbolçusu Ante Rebiç edib.

Özü də Rebiç həmin savab işə qol qoyandan sonra çıxıb brifinq keçirməyib, telekameraların önündə özündən razı halda, süni təvazökarlıqla “bəli, mən kəndçilərimin bütün borclarını ödədim” deməyib.

Bu sirrin üstünü onun sabiq komanda yoldaşı Lovro Sindik açıb. Lovro mediaya deyib ki, Rebiç bu addımı mundialdan öncə atıb - yəni gümüş medal və dünya şöhrəti qazanmazdan qabaq.

Müvafiq  informasiyada Rebiçin Split şəhəri yaxınlığındakı kiçik kənddə böyüdüyü qeyd olunur. Amma ardınca bildirilir ki, “o, bu kəndin bütün 500 sakininin kredit borcunu bağlayıb”.

“Kiçik kənd” hara, “500 sakin” hara? Kiçik kənd 50-60 evdən ibarət olan yaşayış məntəqələrinə deyirlər, 500 nəfər yetkin (bankdan kredit götürməyə yaşı çatan) adamın yaşadığı yer isə böyük kənddir, az qala qəsəbədir.

Söz yox ki, kənd adamlarının bankdan götürdükləri kreditlər kiçik, 300-500 dollarlıq məbləğlər olub, amma söhbət 5-6 adamdan getmir axı, 500 nəfərdən gedir. Demək, Rebiç o qədər adamın kreditinin bağlanmasına bir ətək pul verib. Həm də o, pulu havayı yerdən, asanca qazanmayıb, nə qədər tər töküb, ayağına, dizinə, üzünə təpik, böyrünə dürtmə ala-ala, yaşıl meydançada dəfələrlə döşəli qala-qala qazanıb.

Yəqin ki, ailəsindən və yaxın qohum-əqrəbasından başqa o kənddə Rebiçin üstündə haqq-sayı, əməyi, zəhməti olan bir kimsə olmayıb. Dolayısı ilə o, bu alicənablığı etməyə də bilərdi. Amma edib  və əvəzində çox şey qazanıb: kəndçilərinin alqışını, ölkə miqyasında hörmət, dünya çapında təqdir... Üstəlik, yaxşı oğlan adı. İndi o, daha çox pul qazanacaq... Futbol tarixində də qalacaq.

Yenə o fikirdəyəm ki, bizdə də Rebiç kimi comərd, elcanlı, xeyriyyəçi oğlanlar var.

Sadəcə, o cür açıqürəkli oğlanlar futbolçu deyillər, “Ayntraxt”da oynayıb, dünyanın parasını qazanmırlar.

Bəs “Ayntraxt”da oynamasalar da, dünyanın parasını qazanan futbolçularımız da var axı...

Hə, var. İntəhası, onlar da Rebiç kimi “kiçik kənd”d doğulmayıblar, böyük qəsəbədə, şəhərdə doğulublar və krediti olan həmyerlilərinin sayı 500-lə məhdudlaşmır, bəlkə də 5 mindən çoxdur, bir futbolçu o qədər krediti necə bağlasın?

Həm də o, bunu niyə etsin? Adam yadına salacaq ki, bu futbolçu karyerasına yeni başlayanda camaat ona necə lağ edir, ələ salır, kinayə ilə “bala Ronaldinyo” deyir, sonra “oyunçuluğunu demirəm ey, qaralıqda eynisiniz” deyə əlavə edib irişir, ortalıqdakı kəndçilər də ona qoşulub hırıldaşırdılar. Bu tip şeyləri yadına salan hansı futbolçu atılıb banka gedər ki, kəndçilərimin kredit borcunu bağlayacam?

Hələ bu kimi məsələlərdə yaxın qohumlar amili var. İstənilən adamın N qədər əmioğlusu, bibioğlusu, dayıoğlusu, xaloğlusu, bir o qədər də zərif cinsə aid qohumu olur. Hamısı da yetkin, hamısı da bankdan kredit götürəcək yaşda və ehtiyacda... Yazıq futbolçu təkcə öz qohumlarının kredit borcunu bağlasa müflis olar, özü borca düşər.

Daha bir məsələ isə belə səxavətli futbolçunun dərhal tamahkar məmurların lupasının altına düşməsidir. Adamı təqibə alarlar. İlk fürsətdə çəkərlər içəri, deyərlər, “Bill Qeyts-zadsan, əə, kredit bağlayan çıxmısaaan? Belə bomba oğlansansa, 50-60 min də qoy stolun üstünə, qonağımız-qaramız olur”.

Hələ “səxavətli futbolçu”nun kriminal ünsürlərin diqqətini cəlb etməsi təhlükəsi də var. Braziliyadakı kimi anasını girov götürməsələr də, gecə evini yaracaqlar.

Bizim comərd futbolçunu Rebiç olmağa qoymayan səbəblər bununla bitmir. Adamın adı çıxınca, qonşu kəndlərdəki, rayonlardakı kredit borcu olanlar da tökülüşəcək onun üstünə ki, bizim borclarımızı da ödə, ehtiyac içindəyik. Beləcə, adam gecə ilə ölkədən qaçacaq.

Dediyim odur ki, Rebiç qədər əliaçıq olmaq mümkündür, amma  Rebiçlik edib arxasında durmaq çətindir.

Ona görə də bizim futbolçular (eləcə də o biri idmançılar) pullananda kreditə 250-500 min manatlıq maşınlar alırlar, eləcə öz kreditlərini bağlayırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR