İnsanlara hürriyət, millətlərə istiqlal!

Real TV 1 yaşında - Azərbaycanın xəbər məkanına yeni konsepsiya gətirən “buzqıran gəmi”

2582 15.03.2019 10:18 Media A A

Mirşahin Ağayev: “Artıq unudulmaqda olan və nə vaxtsa mövcud olması da naxoş bir tendensiya kimi xatırlanan Birbaşa Yayın Formatını bərqərar etdik, hadisə rayonundan birbaşa efirə çıxmaq adi hala çevrildi...”

Bu gün Real TV-nin mövlud günüdür. Düz bir il öncə ölkəmizin xəbər məkanına işi xəbər olan televiziya gəldi. Tele-jurnalistikamızın duayen isimlərindən olan Mirşahin Ağayevin rəhbərliyi ilə qurulan bu təsisat Azərbaycanda ilk xəbər televiziyası oldu. İndiyə qədər, ölkəmizdə işi 24 saat xəbər yaymaq olan televiziya yox idi. Bu baxımdan, Real TV bir növ, “buzqıran gəmi” rolunu oynadı, tele-efirimizi işğal edən xarici tv-lərə milli dilimiz və milli xəbərlərimizlə meydan oxudu. Milli efiri canlandırdı, canlı yayınlarla həm xəbəri, həm də hadisənin özünü seyriçiyə çatdırdı.

Tele-efir, informasiya məkanı da vətəndir. Bizim vətəndaşlar nəyi oxuyur və haraya baxır? Bu sualın cavabı da olduqca mühümdür. Çap mediasının dünya çapında böhran keçirdiyi və türk-rus kanallarının vətəndaşlarımızın göz və zehinlərini əsir aldığı bir dönəmdə Azərbaycanın xəbər məkanına bir milli oyunçunun qatılması mühüm hadisə idi. Lakin hamıya bəllidir ki, xəbər məkanımızda vəziyyət, yumşaq desək, mürəkkəbdir. Belə bir situasiyada xəbər tv-si kimi iddia göstərmək böyük cəsarət istəyirdi. Ola bilər ki, Real TV xəbər konsepsiyasında işləyən KİV kimi Azərbaycanda təkdir; lakin onun üçün rəqabət mühiti və rəqibləri həddindən artıq ciddidir. Türk və rus dillərində informasiya almağı bacaran və illərdir bu dillərdə yayın həyata keçirən güclü televiziyaların auditoriyasına qoşulan; üstəlik də, sosial şəbəkələrə axışan azərbaycanlılara yenidən “Anamın kitabı”nı oxutmaq hələ çox zəhmət, cəsarət və illər tələb edir. Real TV bax bu rəqabət şərtlərində ortaya çıxdı. Çıxdı və 1 ilin tamamında böyük nəticələrə imza atdı.

Çox qısa bir müddətdə bu cəsarətli addım Real nəticəsini verdi. Artıq bu gün xəbər və efir məkanımızda Real TV-nin mövcudluğu və ekranı qəbul olunub. O, Azərbaycan xəbərçiliyini iri bir addım qabağa apardı - Real televiziyası ölkə ictimaiyyəti və media camiəsində qəbul olunub, baxılır, seçilir, istinad olunur.

Bütün bunlarla bağlı telekanalın başındakı isim - Mirşahin nə düşünür? Musavat.com müxbiri bu əlamətdar günlə bağlı ondan açıqlama alıb. M. Ağayev müxbirimizə bunları deyib: “REAL TV Azərbaycanın tele-informasiya mühitinə özünəməxsus bir canlanma gətirdi. İlk növbədə, artıq unudulmaqda olan və nə vaxtsa mövcud olması da naxoş bir tendensiya kimi xatırlanan Birbaşa Yayım Formatını bərqərar etdi. Hadisə rayonundan birbaşa efirə çıxmaq adi hala çevrildi. Bu gün artıq Azərbaycan Televiziyası ( bura bütün ciddi telekanalları aid edirəm) CANLI YAYINlarla efiri dirildib. Nümayiş etdirdiyimiz hadisə və faktların statistikasını təqdim etməyəcəm, amma say kifayət qədər geniş bir mənzərəni əhatə edir. Eləcə də vətəndaş - hakimiyyət münasibətlərində əhəmiyyətli bir fəsil olan məmur danışmanlığını sürəkli etdi. Bu gün nazirlər artıq əlçatanlaşıb. Real Təhlil və İnformasiya Mərkəzinin "çinovnik quraqlığı" deyilən bir problemi yoxdur. Real Tv nəyi qazandı? İnformasiya Məkanında yer. Dövlətə, Xalqa xidmət etmək şansı. Prezident İlham Əliyevin Real Tv- nin müsahibə müraciətinə möhtəşəm cavabı. (Və bu həm də bütün Azərbaycan mediasına olan ehtiram və etimaddır!) Faydalı və lazım olmaq fürsəti. Mübarizə aparmaq imkanı. Bəs bu gün hansı vəziyyətdəyik? Yerüstü Yayına hazır vəziyyətdə. Yerüstü Yayına çıxmaq ərəfəsindəyik. Sənədlərimizi Milli Televiziya və Radio Şurasına təqdim etmişik. Gözləyirik. Tamaşaçılarımız da gözləsinlər. Çox az qalıb. Çalışacağıq ki, bu bir Böyük Xəbər Günü olsun. Hər halda çalışacağıq. Sonuncu xəbərədək!”

Yeni Müsavat Media Qrupu bu əlamətdar gün münasibəti ilə başqa Mirşahin Ağayev olmaqla, bütün Real-çıları təbrik edir. Neçə belə illərə, daha böyük uğurlara!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR