İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazanda qida rejimi - kimlər diqqətli olmalıdır?

445 11.03.2024 21:12 Gündəm A A

Həkimlər bir neçə xəstəlikdən əziyyət çəkən şəxslərə daha çox ehtiyatlı olmağı tövsiyə edir, bunlar...

11 ayın sultanı mübarək Ramazan ayının ilk günlərini yaşayarıq. Həmişəki kimi, bu ay ərzində oruc tutanlar fərqli qidalanma rejiminə əməl etməli olacaqlar. Bəs Ramazanda necə qidalanmalı ki, səhhətlə bağlı problem ortaya çıxmasın? Kimlər, hansı xəstəlikləri olanlar daha diqqətli olmalıdır? Hansı xəstələrə ümumiyyətlə oruc tutmaq olmaz? İmsak və iftarda nələrə diqqət etməli?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “İlk olaraq mədə-bağırsaq sistemində problem olan insanlarda iltihabı problemlər varsa, mədədə qastrit, yara kimi xəstəliklər varsa, bu zaman oruc tutmaq məsləhət görülmür. Qan azlığı olan insanlara oruc tutmaq tövsiyə olunmur. Bu zaman qidalanmada problem yarana bilər, bayılma ola bilər. Şəkərli diabeti olanlar özlərini qorumalıdırlar. Çünki bu xəstələrə davamlı ac qalmaq olmaz. O cümlədən, orqanizmin zəifləməsi ilə müşayiət olunan xroniki problemlərdən əziyyət çəkən pasiyentlər də oruc tutmamalıdır. Bundan sonrakı qrup o xəstələrdir ki, müxtəlif ürək-damar sistemi, digər problemlərdən əziyyət çəkərək davamlı dərman qəbul edənlərin oruc tutmaması tövsiyə olunur. Çünki həkimin təyin etdiyi dərmanları vaxtında qəbul etməzlərsə, sağlıq durumunda problem ortaya çıxa bilər. O cümlədən, sağlam olan, amma oruc tutan zaman halı pisləşən insanlar da diqqətli olmalıdırlar. Həkimə müraciət etməlidirlər, yaxud da oruc tutmağı dayandırmalıdırlar”.

Həkim əlavə edib ki, iftar və imsak vaxtı insanların daha çox qida qəbul etməsi doğru deyil: “Bu orqanizmin birdən-birə ciddi şəkildə yüklənməsinə səbəb olur. Xüsusən arterial təzyiqdən əziyyət çəkən, ürək-damar problemi olan, maddələr mübadiləsi pozulan insanlar üçün ciddi narahatlıq verə bilər. Belə hallarda mədəyə qanın getməsi baş verir, “oğurlama” deyilən bir sindrom baş verə bilər. Çünki mədəyə qanın çox getməsi nəticəsində beyində qan dövranının ciddi şəkildə pozulması hallarına rast gəlinə bilər. Bundan əlavə hansı qidaların qəbul olunması da şərtdir. Mümkün qədər qidaların balanslaşdırılmış şəkildə qəbul olunması tövsiyə olunur. Vitaminlə zəngin olan qidalar, maye qəbuluna diqqət etmək lazımdır. Mayeni də az-az porsiyalarla artırmaq lazımdır. Birdən-birə çox maye qəbulu ciddi fəsadlara yol aça bilər”.

Fizuli Hüseynov - YouTube

Həkim-fitoterapevt Fizuli Hüseynov isə öz məqaləsində qeyd edib ki, sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir: “Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu, uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək dörd dəfə tez sorulduğundan qanda şəkərin miqdarı yeməkdən sonra qısa müddət sonra çox yüksəlir, sonra isə düşür.

Sahurda yumurtaya üstünlük verilməlidir. Yumurta suda qaynadılmış olsa daha yaxşı olar. Çünki yumurtanın tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış parça ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yeməyin də faydası var. Xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ vardır. Kəpəkli makaron və yerli düyü də yemək olar. Duzsuz pendir, qaymaq, xama da yeyilə bilər. Süddə bişmiş yulaf və ya müsli yemək də faydalıdır. Bol-bol su içilməlidir. Köp olmasın deyə razyana ilə çobanyasyığı qarışıqlı çay içmək məsləhətdir. Susuzluğun qarşısını almaq üçün limonlu çay və ya məkkəgülü çayı içmək məsləhətdir. Bir xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün üzərinə 2 ədəd çubuq darçın, 2 ədəd alma və 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edin. Sonra zəif odun üzərində 5 dəqiqə qaynadın. Daha sonra soyuducuya qoyun səhər sahurda için. Bu içki həm dadlı, həm də qanı durultduğundan susuzluğun qarşısını almaq üçün əla vasitədir.

İftar yeməyi isə iki hissəyə bölünməlidir. Birdən-birə boş mədəni çox yükləmək olmaz. Çünki aclıq zamanı metabolizma (maddələr mübadiləsi) zəifləyir. Bir dəfədə çox yemək qəbul edincə köp sancılar və qəbizlik baş verə bilər. Yeməyə su ilə başlayın. Sonra sulu yeməklərə üstünlük verin. Çalışın süfrənizdə mövsümi meyvələr və qatıq, ayran, salat, göyərti bol olsun. Mədəsində qıcqırma olan şəxslər qatığı kefirlə əvəz edə bilər. Sulu yeməkdən sonra bir az istirahət edilməlidir. Məsələn, namaz qılına bilər. Hətta iftarda yemək arasında idman hərəkətləri etmək çox faydalıdır və həzmə kömək edir. Bundan sonra enerjili yeməklər yeyə bilərsiniz. Sahurda olduğu kimi ağ çörək istifadə etməyin. Lifli qidalar, meyvə və quru meyvələrdən yeyin. Yeməkdən sonra köp, qəbizlik və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkilərdən tapa bildiyinizi qarışdırıb çay dəmləyə və ya ayrı-ayrılıqda içə bilərsiniz. İftarda yaxşı qidalanmaq lazımdır. Çünki sabah yenə oruc tutulmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR