İnsanlara hürriyət, millətlərə istiqlal!

Quttereş Məmmədyarova nə deyib?

1323 04.06.2018 08:35 Yazarlar A A

İndi də Qarabağ erməniləri “inqilab” oyununa başlayıblar. Ermənistandakı bir aylıq küçə etirazlarından sonra hakimiyyət başına gələn Paşinyan hökuməti “xalqın dəstəyi”ni aldığını əsas gətirib xaricdən maliyyə dəstəyi almağı hədəfləyib. ABŞ 150 milyon söz verib, Avropa İttifaqı da “Metsamor” AES-in təmirinə milyonlar ayırmağa meyillidir...

Görünür, işğal altındakı Dağlıq Qarabağdakı separatçı rejim də eyni ssenarini oynamaqla ağır durumdan xilas olacağını zənn edir. Bunu həm də beynəlxalq aləmdə “tanınmağın” yolu kimi düşünürlər. Regional layihələrdən kənarda qalmış Ermənistanın varlığını dünya son aylarda xatırladı, küçə aksiyalarında. İndi də Qarabağ separatçıları bu yolla öz varlıqlarını nümayiş etdirəcəklərini düşünürlər. Hətta bu durumda “demokratiya” ab-havasını yaratmağa da çalışırlar.

Bundan əvvəl qondarma rejimin “parlamenti” adlanan qurumun iclasında da oyuncaq qurumun rəhbərliyinə qarşı üsyankar çıxışlar olmuşdu. Beynəlxalq aləmə mesaj verirlər ki, “baxın, bizdə demokratiya var, hətta orada ”ötənilki büdcənin icrası ilə bağlı" açıq müzakirələrin keçirilməsi uğrunda mübarizə aparılır, üstəlik, “Hərəkat-88" və ”Dirçəliş" fraksiyaları da mövcuddur".

Kimsə deməsin ki, onsuz da işğal altındadır, bizə aidiyyəti yoxdur. Bütün bunlar Azərbaycan ərazilərində baş verir. Düzdür, ərazi bizim nəzarətimizdə deyil. Amma nəzarətimizdə olmayan hadisələrə məhəl qoymamağımız da yanlışdır. Şüuraltı orda baş verənlərin bizə dəxli olmadığı qənaətini aşılayırlar. Məsələn, Dağlıq Qarabağdakı separatçı rejimin “sərhəd xidməti” xəbər yayıb ki, “İran-Artsax” (!!!) sərhədini qanunsuz keçmək istəyən İran vətəndaşı saxlanılıb. Bütün bu xəbərlərdə bir məqsəd var: Dağlıq Qarabağın “müstəqilliyi”nə nail olmaq. Guya bunların sərhədi də varmış, hətta onlar İrandan sərhədi qanunsuz keçmək istəyənləri də zərərsizləşdirə bilirlər. Cinayətkar, qanunsuz rejim, terrorçu dəstələr “qanunsuz sərhəd keçən”dən danışır.

Rəsmi Bakı Qarabağda baş verənlərlə bağlı sərt mövqe nümayiş etdirməlidir. İmkan vermək olmaz ki, separatçılar addım-addım özləri barədə müsbət rəy aşılasınlar. Əks halda, ABŞ Konqresinin Qarabağ ermənilərinə hansısa “sosial layihə” adı altında maliyyə ayırsa, o halda verəcəyimiz reaksiyanın mənası qalmayacaq. Necə ki, indiyədək ABŞ hökuməti Qarabağ ermənilərinə milyonlarla dollarlıq yardım göndərib. Qarabağdakı işğalçı orduya gecəgörmə cihazı yollayan ABŞ bir gün “sərhədi qorumaq” üçün də müasir avadanlıqlar yollaya bilər...

Bu günlərdə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quttereşlə görüşüb. Əslində çoxdan gözlədiyimiz görüşdür. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin nəhayət, icrası üçün konkret addımlar atılmasını Azərbaycan israrla tələb etməlidir. Rəsmi məlumatda deyilir ki, cənab Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini Quttereşə xatırladıb.  Ancaq bununla iş bitməməlidir.  Məsələ çox uzandı. O qədər uzandı ki, Qarabağdakı separatçı rejim 26-cı dəfə uşaqlar gününü qeyd etdiklərini fəxrlə bəyan etdilər. 26-cı dəfə!

Ermənilər məqsədli şəkildə Azərbaycan ordusunun Naxçıvan istiqamətindən yüksəklikləri ələ keçirdiyi barədə xəbərləri tirajlayırlar. Hərbi mənbələr bildirir ki, bu ərazilər vaxtilə ermənilərin ələ keçirdiyi yerlərdir və əsgərlərimiz sadəcə yaşayış məntəqələrimizə təhlükənin qarşısını almaq üçün həmin postlarda möhkəmlənib. İşğalçı bu kimi xəbərlərlə beynəlxalq səviyyədə dəstək almağa çalışır. Təkcə maliyyə dəstəyi yox, həm də işğalçılıq siyasətini unutdurub, Azərbaycana beynəlxalq səviyyədə basqıların artırılmasına çalışır.

Odur ki, səlahiyyətli qurumlar düşmənin yeni təxribatlarına cavab verməyi gözləməkdənsə, konkret hədəf uğrunda daim fəaliyyətdə olmalıdır. Məsələn,  deputat Fazil Mustafa təklif edib ki, Ermənistan sabiq prezidenti Serj Sərkisyan Xocalı soyqırımı və digər cinayətlərdə iştirakına görə beynəlxalq axtarışa verilsin. Hüquqşünas Əliməmməd Nuriyev də deyib ki, Xocalı qatilini beynəlxalq axtarışa vermək mümkündür, prezident olmadığı üçün onun beynəlxalq immuniteti aradan qalxıb, deyə. Elə isə nəyi gözləyirik?

Ermənilər Talışa yol çəkməyə hazırlaşırlar. Ön cəbhədə, Azərbaycan əsgərinin ovcunun içindəki kəndə. Fakt budur ki, 2016-cı ilin apreli dərs olmayıb.

Görəsən, Quttereş Məmmədyarova nə deyib? BMT-nin qətnamələri nə vaxtsa icra olunacaqmı?!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR