İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban, “Qarabağ” amanatı...

6855 11.12.2018 10:50 İdman A A

Qurban Qurbanov məşhur nağıl qəhrəmanı Papa Karl deyildi ki, taxtadan Buratino yonsun, ona əl-ayaq qoysun, nəfəs versin, üstəlik, cibinə qızıl pul qoyub məktəbə (Avropa çempionatına) göndərsin...

Qurban Qurbanovun istefa verməsi (və ya istefaya göndərilməsi) xəbərini şənbə günü telefonuma gələn zəngdən bildim. Yazılarımı izləyən həmkarlardan biri “Axır arzuna çatdın, Qurban millidən getdi...” dedi.

Xəbər mənim üçün qətiyyən gözlənilməz olmadı, çünki hələ Kosovo ilə oyundan sonra bu barədə yüksək səviyyədə müzakirə olduğu barədə bəzi informasiyalar dolaşırdı. Hətta Qurbanın istefa ərizəsi yazdığı barədə də bəzi media strukturlarına feyk xəbər ötürülməsi müşahidə edilirdi. Qurban Qurbanovun özü istefaya getdi və ya heç xoşlamadığım “göndərildi” sözü ilə müşahidə olunan müzakirələrin indi əhəmiyyəti varmı?

Kaş istefa verəydi, “mən bu işi məndən daha yaxşı bacara bilənə buraxıram” deyəydi. O halda “6 illik müqavilə bağlandı, niyə 1 il sonra istefaya göndərildi” kimib suallara ehtiyac qalmazdı. Qurban Qurbanov bu işi bacarmadı, yoxsa işləməyə imkan vermədilər? Məncə, hər ikisi. Dəfələrlə yazdığım kimi, Qurban Qurbanovdan o halda fövqəladə nəticə istəmək olardı ki, adama “material” verəydilər. Qurban Qurbanov məşhur nağıl qəhrəmanı Papa Karl deyildi ki, taxtadan Buratino yonsun, ona əl-ayaq qoysun, nəfəs versin, üstəlik, cibinə qızıl pul qoyub məktəbə (Avropa çempionatına) göndərsin. Bəli, Qurban Qurbanovun üstünlüyü bu idi ki, Azərbaycanda kimin futbol oynaya bildiyini hamıdan yaxşı bilir, şəxsi keyfiyyətləri ona obyektiv seçim etmək imkanı verir, müasir futbolu da şükür yaxşı mənimsəyib.

Qurban Qurbanovun futbol oynatma sistemi tənqidə gəlsə də, şəxsən mən bu barədə onun tərəfindəyəm. Çünki yalnız hücumda oynayan, yalnız müdafiə olunan komanda anlayışı yoxdur. Bu baxımdan Qurban qardaşımıza bu tipli iradları heç vaxt bölüşməmişəm və zənnimcə, istefası ilə də heç bir əlaqəsi yox...

“Qurbana işləməyə imkan vermədilər” deyənlər də çoxdur. Bu fikrin tərəfdarları da iddia edir ki, bundan əvvəl əcnəbi məşqçilərə (Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 2 il) vaxt verildiyi halda, Qurbana bu şans tanınmayıb. İnananlar inansın, amma Qurbana daha 1 il şans verilsəydi, nə dəyişəcəkdi?  Axı bunu deyənlər hamıdan yaxşı bilir ki, bu problemlər 2 ilə, 5 ilə həll olunası deyil. Problemin həlli futbolumuza kompleks yanaşma, kökündən başlayan islahatlar tələb edir. Əgər Qurban daha bir il qalsaydı, Qurbanın... özü qalmayacaqdı. Necə? Meydanda ağzından süd iyi gələn uşaqlar ən yaxşı halda “İstefa!” qışqıracaqdılar, qələmini silah kimi işlədən yazarlar isə adamı haqq-nahaq hər dəfə yaralayacaqdı.

Qurban Qurbanovun istefası gerçəkləşəndən sonra bir süjetini gördüm yerli telekanallarda - adam gülürdü! Son bir ildə Qurbanı gülən görmədik, daima üzündə adamı sıxan bir qayğı, bir əzab vardı. Bəlkə süjet köhnə idi, bəlkə mən ifrata varıram, amma Qurbanın çiynindən ağır bir yük götürüldü. Bu yükü  1 il əvvəl niyə götürmüşdü, futbol rəhbərliyi niyə onun namizədliyini canı-dildən müdafiə edirdi, bunu çoxları bilir. Qurban həm də bir vətənpərvər kimi bu işə razılaşdı, təklifə biganə qalmadı, nə isə edə biləcəyinə inandı, amma... alınmadı!

***

Qurbanın “Qarabağ”a qayıtması işin xeyrinədir. “Qarabağ” bu mövsümdə bu təyinatdan zərər çəkdi. Yazdıq-pozduq, Lobanovski nümunəsini yada saldıq, “Qarabağ”ın oyunçularının millidə çoxluq təşkil etməsinin işin xeyrinə olduğuna inanmağa çalışdıq. Amma maləsəf...

Baş məşqçinin millidən istefasını “Qarabağ”ın oyunundakı zəifləmə ilə izahı 1 il əvvəl olsaydı, mənə səmimi görünərdi. İndi səmimi görünmür, amma yenə “Qarabağ”ı düşünürlərsə, sağ olsunlar. Çünki bu kluba sıradan baxmaq olmaz, bu kluba hər cür dəstək lazımdır. “Qarabağ”ın taleyi millinin taleyi qədər  önəmlidir, hətta ondan bir addım daha önəmlidir. Bu mövsümdəki uğursuzluğunun birbaşa Qurban Qurbanovun təyinatı ilə əlaqəsi olmadığını bilirik. Amma  bu, ciddi və gözardı ediləcək səbəb də deyildi. Qurban Qurbanovun millidən getməsi, görəcəksiz, yenə də köklü olaraq heç nəyi dəyişməyəcək. Kimi gətirəcəklər, kim gələcək bu artıq  onların işi, onların problemidir. Qurban isə “Qarabağ”a lazımdır, Azərbaycan futboluna lazımdır, onun hələ görəcəyi işlər qarşıdadır...Ona görə qətiyyən təəssüflənmirəm,             Qurban, “Qarabağ” amanatı deyirəm...

***

“Qarabağ” Londona yollanır

Cümə axşamı, dekabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İngiltərənin “Arsenal” klubunun qonağı olacaq “Qarabağ” komandasının səfər proqramı bəlli olub.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan çempionu dekabrın 11-də saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə Londona yola düşəcək.

Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.

Qeyd edək ki, Londondakı “Emireyts” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nazim SABİROĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR