İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızlar asfalta uzananda...

3595 23.09.2018 17:37 Yazarlar A A

Təxminən 10-15 gün bundan əvvəlin söhbətidir. Qubadan qayıdırdıq. İki ailə, maşınla arxa-arxaya üzü paytaxta təzəcə yol almışdıq. Bir də gördüm, məndən xeyli qabaqda olan qohumum qəfil əyləcə basaraq, maşını dayandırdı, qəza işıqlarını yandırdı.

Onunla paralel gedən bir maşın da eyni qaydada. Yaxınlaşanda gördük yerdə iki gənc uzanıb. “Eyvah, qohum adam vurdu” dedim. O tormozun tükürpədən səsi daha çox filmlərdə dəhşətli qəzaların xəbərçisi olur deyə, çoxumuzun travması var. Əlim-ayağım əsə-əsə maşından düşəndə bir də gördüm ki, asfaltda bir qızla bir oğlan əl-ələ tutaraq sakitcə uzanıblar. İntiharmı, sui-qəsdmi -  ağlımda dəli suallar. Lap yaxınlaşanda bir də gördüm ki, kənarda bir operator, bir işıqçı... Sən demə, kişinin uşaqları “love story” çəkirmişlər. O toydan öncə hazırlanan, sonra da toyda ağız deyəni qulaq eşitməyən dəqiqələrdə nümayiş etdirilən hoqqa var ha, ondan... Gənclər qərar veriblər ki, Qubanın sıx meşəlik olan yollarında yerəcə uzansınlar, gəlib-gedən maşınları da həyasızcasına dayandırsınlar, əl-ələ verib video çəkdirsinlər. Üstəlik mənim kimi panikaya meylli adamların da ağlına hər cür kriminal, qəza versiyalarını gətirsinlər. Məşhur tamaşada deyilən kimi, bunlar bir gün sındıra-sındıra oynayacaqlar deyə...

Nəsə, 10 dəqiqə deyinə-deyinə dörd-beş maşın bu gənclərin yolun ortasında çəkiliş heyəti ilə birgə çıxardıqlarını pəstahı izlədik. Heyət üzvlərindən birinin əlində içi ağ alma ilə dolu vedrə də var idi. Təxmin elədik ki, bunu da “Qubanın ağ alması” mahnısının sədaları altında bir klipə çevirəcəklər və sair və ilaxır. Mən təbii ki, qoca nənə stilində indiki gənclərin şit olması ilə bağlı moizə oxumayacam. Gəncdilər, yeni trendləri də təqib edəcəklər, toyları monoton olmasın deyə rəng də qatacaqlar, özlərinə, gələcəkdə uşaqlarına xoş xatirələr də hazırlayacaqlar. Amma dozasında. Mən toydan əvvəl bu cür pəstahları çıxaranların toydan bir ay sonra qopardıqları həngamələrdən də xəbərdaram çünki. “Şeytan detallarda gizlənib” deyərlər. “Toyda ayaqqabımla əl çantam eyni brenddən olmasa uğursuzluq olar” deyib, dava çıxaran gəlinlər dəstəsi... Onlar toydan əvvəl nə qədər belə yersiz detallara taxılırlarsa, toydan sonra qayınananın “a bala, bu axşam nə əcəb belə gec gəldiniz” kimi sualına da eyni dərəcədə taxılıb, üçüncü dünya müharibəsi qopara bilirlər.

Son illər cəmiyyətdəki boşanma statistikasına diqqət edin. 2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub. Əsas səbəb kimi cütlüklər arasındakı xarakter uyğunsuzluğu göstərilib. Məişət zorakılığı, sonsuzluq, maddi problemlər… bunlar sıralamada növbəti yerləri tutur. Xarakter uyğunsuzluq elə bizim haqqında danışdığımız məqamdır. 7 ayda 8538 boşanma bilirsiz nədir? 8538-i vuraq 2-yə, 17 minə yaxın insanın taleyinin qırılması, nə qədər uşağın yarımçıq böyüməsidir. Bir çox hallarda isə dediyim bu detalçılıq, xırdaçılıq, yersiz şan-şöhrət ucbatından. “Anama niyə çay gətirmədin” deyən ana uşaqlarının çıxardıqları davadan tutmuş, toy günü oynayacaqları mahnının seçimi ucbatından qırğın qoparan cütlüklərə qədər…    

İnsanlar hələ də anlamırlar ki, detallar bəzən insan həyatını cəhənnəmə çevirir. Göyə lazerlə sevdiyinin adını yazdıranlar, yaxta kirayələyib, yoldaşına sürpriz edənlər, xanımının ad günündə onun adının baş hərflərindən ibarət gül qutuları düzəldənlər, sürpriz səyahətlər təşkil edənlər… Sizə kim deyir ki, bunların hamısı ürəyin dərin qatlarından, səmimi şəkildə gələrək edilir? Bir çox hallarda abartı, publikaya hesablanma, şitlik elementləri olan bu sayaq davranışlar səmimiyyətdən kilometrlərlə uzaqda olur.  Biri hansısa günahını yumaq üçün belə addım atır, bir başqası vicdanını rahatlamaq, ya da şöhrətpərəstlik üçün, bir başqası... Aralarında səmimi olanlar da çoxdur. Amma çox az faizlə.

Bəzən şou elementləri olan bu cür sevgi nümayişləri daha sonra elə həmin ailələrdə dava-dalaşa səbəb olur. Məsələn, o asfalta uzanıb, “love story” çəkdirən qızcığaz gələcəkdə hesab edəcək ki, əgər ad günündə ona dənəsi 7 manatdan 20-25 ədədlik ağ qızılgül qutusu hədiyyə edilməyibsə, onda nə mənası var bu evliliyin? Arqument də təxminən belə olacaq ki, ildə bir dəfə ad günümdə belə gül alınmırsa, nə mənası var bu münasibətin? Çünki potensial bu, kafa bu, münasibətlər haqda anlayış bu..  Belə-belə, otdan-sudan səbəblər. Armudun sapı, üzümün çöpü söhbətləri...

Təəssüf ki, gənclərdə münasibətlərin təməli möhkəm qoyulmayıb, mayası düzgün yoğurulmayıb, onlara sevginin, ailənin tərifi doğru öyrədilməyib...Şouya, publikaya, yandıq verməyə hesablanmış sevgi nümayişləri bir çox halda boşanma statistikasını artırmaqdan ötəyə getmir. Sonra da biz düşünürük ki, cəmi 7 ayda 8538 ailə necə dağıldı? Asfalta uzanıb “love story” çəkdirən qızlar ucbatından... Ola bilər?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR