İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Rusiyaya cavabı nə oldu...

582 18.01.2022 09:30 Yazarlar A A

“NATO-nun qapılarını bağlamayacaqlar, Şərqə doğru genişlənməni dayandırmayacaqlar”. Rusiyalı diplomatlar ötən həftə Brüsseldə baş tutan NATO-Rusiya müzakirələrini belə yekunlaşdırdılar.

Elə Qərb diplomatlarının da münasibəti yığcam oldu. Onlar da Moskvanın tələblərinə çox lakonik cavab verdilər: “ Hansısa hərbi-siyasi blokun üzvü olmaq hər bir dövlətin suveren hüququdur. Ukraynaya gəldikdəsə, onun özünümüdafiə hüququ var və o, Rusiya üçün hər hansı bir təhlükə kəsb etmir”.

Etiraf edək ki, elə əvvəldən də tam aydın idi ki, Rusiyanın on yeddi maddəlik tələblərini NATO dövlətləri qəbul etməyəcəklər. Ona görə də NATO-Rusiya dialoqu tamam başqa aspektlərdən maraqlı idi.

Birincisi, Rusiya-Gürcüstan müharibəsindən, xüsusən də Ukrayna hadisələrindən sonra Rusiya ilə NATO arasındakı dialoq dayandırılmışdı. Ona görə də prosesin özünün başlanması maraqlı idi.

İkincisi, hamı izləyirdi ki, görək, NATO üzvləri Ukraynanı Alyansa qəbul edəcəklərini təsdiqləyəcəklərmi?

Bəli, Moskvanın diqqətinə birmənalı şəkildə çatdırıldı ki, GUAM üçlüyü nə vaxtsa NATO-nun üzvü olacaq.

Amma burada bir məqam da var. Kiyev bu prosesdə konkretlik istəyir və hətta tələb edir.

Ona görə ki, artıq xeyli vaxt keçib. Amma qeyd etmək lazım gəlir ki, Ukraynanın özündə də heç konkretlik yoxdur, onun əhalisinin bəlkə də yarısı ölkənin NATO-ya üzv olmasını istəmir.

Bu səbəbdən də məsələ çox qəlizdir. Hiss olunur ki, Brüssel özünü Ukraynanın problemlərilə yükləməyə tələsmir. Qazaxıstan hadisələri zamanı NATO-nun Baş katibi Y.Stoltenberq Ukrayna mövzusu ilə bağlı çox çıxış etdi. Amma o, hər dəfə qeyd edirdi ki, Kiyev bizim müttəfiqimiz yox, tərəfdaşımızdır. Bu isə o demək idi ki, NATO müqaviləsinin məşhur müttəfiqi müdafiə maddəsi Kiyevə şamil olunmur. İndinin özündə də Ukraynanın Alyansa qəbulunun ləngiməsi o deməkdir ki, Brüssel Rusiyadan ehtiyat edir. Belədə isə Ukraynanın qəbulunun bütün hazırlıq işləri artıq görülübdür. Amma Brüssel hər dəfə yeni bir mərhələ fikirləşib tapır ki, prosesi uzatsın.

Rusiya ilə müzakirələrə gəldikdə, düşünürük ki, bununla Qərb Moskvanın boş geosiyasi ambisiyalarına real məzmun verir. Bizə elə gəlir ki, bu prosesi dayandırmaq, NATO-Rusiya Şurasını isə qapatmaq lazımdır. Ona görə ki, belə müzakirələrdən sonra Rusiya özünü həqiqətən də fövqəldövlət hesab edir. Halbuki reallıqda o, heç də fövqəldövlət deyil və onun “gücü” hərbi və xüsusən də iqtisadi imkanları ilə yox, postsovet məkanının bəzi avtoritar liderlərinin anti-milli mövqeyi və prinsipsizliyilə müəyyən olunur.

Məsələn, siyasi analitiklər bu gün də soruşur ki, Q.J.Tokayev niyə KTMT-nın sülhməramlılarını dəvət etdi, o, bu problemi daxili resursları hesabına həll edə bilməzdimi? Məsələ bundadır ki, Tokayev əyani şəkildə göstərdi ki, milli lider deyil, Moskvanın və KTMT-nın adamıdır.

O başa düşdü ki, yerli hərbi hissələr onun anti-humanist əmrlərini, tələblərini yerinə yetirməyəcək, xəbərdar etmədən atəş açmayacaqlar və hətta etirazçıların tərəfinə keçəcəklər. Məhz buna görə də KTMT-nın “sülhməramlı”larını dəvət etdi.

Bir sözlə, son günlərdə çox mürəkkəb geosiyasi proseslər başa çatdı. Amma “başa çatdı” demək hələ tezdir - yox, onların davamı olacaq. Bu, ilk növbədə Qazaxıstan hadisələrinə aiddir. Bir daha qeyd edək ki, Tokayev özünü milli lider kimi göstərmədi, ona görə də hakimiyyətdə Rusiyanın süngüləri hesabına qalacaq və ilk fürsətdəcə xalq tərəfindən devriləcəkdir.

NATO -Rusiya müzakirələrinə gəldikdə isə hər şey hələ irəlidədir, çünki NATO gec-tez öz sıralarına GUAM üçlüyünü də qəbul etməlidir, axı onlar əbədi olaraq alyansın kəndarında qalası deyillər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR