İnsanlara hürriyət, millətlərə istiqlal!

Qələbəyə bərabər “heç-heçə” - İranla İsrail “son məşq"i edirdi, yoxsa...

1100 16.04.2024 11:41 Siyasət A A

“Meydanda tək qalan Tehrandan fərqli olaraq İsrail öz müttəfiqləri ilə birgə real hərəkət imkanlarına malikdir”

İranın İsrailə raket hücumu Yaxın Şərqdəki durumun partlayış həddində olduğuna şübhə saxlamadı. Vəziyyəti xüsusilə həssas edən isə iki ölkə arasında genişmiqyaslı hərbi toqquşmanın mümkünlüyüdür. Hərçənd nə İran, nə də seçki ilinə girmiş ABŞ və Bayden hökuməti bunda maraqlı görünmür. İsrail dövləti və baş nazir Benyamin Netanyahu haqda isə bunu söyləmək çətindir. 

İranın İsrailə zərbəsini tərəflər üçün qələbəyə bərabər “heç-heçə” saymaq mümkünmü və onun davamı nə olacaq? Qarşıdurma bununla bitdi, yoxsa İsrailin cavabı mütləq olacaq? Böyük müharibə təhlükəsi sovuşdumu, yoxsa bu, yeni savaşa gətirəcək son “baş məşq” idi? 

Bəs ekspertlər, hərbi analitiklər Tehranın öyündüyü silahların və İsrailin müdafiə sisteminin keyfiyyəti haqda nə düşünürlər? Kimin silahları daha effektli çıxdı, o sırada “Dəmir günbəz” sınaqdan uğurla çıxa bildimi? 

İran İsrail ərazisində hərbi hədəfləri vurduğunu bildirir. Hansı hədəflərdən söhbət gedir? ABŞ prezidentinin “İranın İsrailə hücumu uğursuz oldu, yəhudi dövləti qələbə qazandı” sözləri nə dərəcədə gerçəyi ifadə edir? Belədirsə, bu, İsraili artıq birbaşa İrana hücuma sövq edə bilərmi? 

İsrail mənbələrinin məlumatına görə, İsrail “yaxın 48 saat ərzində” İrana cavab verəcək. Tehranın nüvə obyektlərinin vurulacağı istisna edilmir. O halda bölgədə genişmiqyaslı müharibə alovlanmazmı?

Yaxın günlərdə İsrail hakimiyyəti İranın öz ərazisinə hücumuna hansı növ cavab veriləcəyini müəyyən edəcək.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü Peter Lerner deyib.

“İsrail hökuməti növbəti addımlar barədə yaxın günlərdə qərar verəcək. İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndələri artıq İsrail hökumətinə İranın hücumuna cavab vermək üçün bir neçə variant təqdim ediblər”, - sözçü bildirib.

İsrailə hücumdan sonra Hərbi Kabinetin naziri Benni Qantz ölkəsinin İrana qarşı regional koalisiya yaratmaq və respublikaya zərbə endirmək istədiyini açıqlayıb. O vurğulayıb ki, münaqişə hələ bitməyib.

“İsrail İrana uyğun zamanda və lazımi şəkildə cavab verəcək”, - Qantz qeyd edib.

İran və İsrail bir-birinə daha bir zərbə endirə bilər, lakin bu, çətin ki, genişmiqyaslı müharibəyə səbəb olsun.

Axar.az xəbər verir ki, bunu macarıstanlı hərbi ekspert Pyotr Dunai deyib. “Digər böyük oyunçular, o cümlədən Çin, Rusiya və Avropa Birliyi eskalasiyada maraqlı deyil. Hər kəs məhdud cavab zərbəsində maraqlıdır, bu qədər”, - o bildirib.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov İran mifinin İsrailə hücumla tamamilə dağıldığını düşünür: “İran yerləşdiyi bölgədə Türkiyənin və bütövlükdə Türk dünyasının qarşısında Qərbin istifadə etdiyi böyük bir alət rolunu oynayan dövlətdir. Baxın, 1970-ci illərin sonlarından - yəni İranda islam inqilabı baş verdikdən sonra bu günə qədər İran molla rejiminin başında dayanan liderlər və bu hakimiyyətin digər qulbeçələri Qərbi, ilk növbədə isə Amerika Birləşmiş Ştatlarını söyməklə İsraili yer üzündən silməklə hədələyirlər. Ötən 43 il ərzində bu hakimiyyətin Qərbə və İsrailə qarşı yaratdığı əsas problem Yaxın Şərqdə və ilk növbədə İsrail ətrafındakı ölkələrin ərazisində terrorçu təşkilatlar yaratmaqdan və dünya bazarlarında oğurluq yolla satdığı neftin pullarını İranın səfalət içərisində yaşayan insanlarının boğazından kəsib həmin terrorçu təşkilatları maliyyələşdirməkdən ibarət olub. Qərbə və İsrailə qarşı tutduğu bu yolla da İran dünyada terrorçu dövlət imici qazanıb. Baxın, son 10 ildə İran bu terrorçu təşkilatların maliyyələşməsinə 300 milyard dollardan çox vəsait xərcləyib. 

Bu mollalar Amerika ilə necə düşməndilər ki, onların övladları Birləşmiş Ştatlarda xan kimi yaşayırlar və İran vətəndaşından oğurlanan pulların böyük bir qismi ABŞ-da onların bizneslərinə yatırdılır. Bu mövzuda deyiləcək faktlar çoxdur...

İndi gələk İranın son “hücumlarına”. Bəlkə də İran bu hücumu etməsəydi, hələ bir müddət İranın hərbi gücü barədə yaradılmış mif dünyanı dolaşmaqda davam edəcəkdi. İran bu hücumla o mifi öldürdü. Üst-üstə 185 pilotsuz uçuş aparatı, 110 “Yer-yer” raketi, 36 qanadlı raket atasan və onların heç biri hədəfə çatmaya... Dünyada hərbi hava qüvvələrinin mövcud olduğu tarixdə belə biabırçılıq yəqin ki, olmayıb. Ən maraqlısı isə bu “qələbəni” İran parlamentində deputatların rəqs etməklə qarşılaması və küçələrdə insanların böyük coşqu ilə qeyd etməsi oldu. Bu yerdə yadıma Şimali Koreyada bir internet TV-nin 2024 -cü ildə keçirilmiş futbol üzrə dünya çempionatında Şimali Koreya milli komandasının dünya çempionu olmasına dair çəkib nümayiş etdirdiyi videosüjet düşdü. Videosüjetdə Şimali Koreya milli komandası çempionatda bütün komandaları məğlub edir və finalda Braziliya yığma komandasına 8:1 hesabı ilə qalib gələrək, dünya çempionu olur... Sonradan bu süjeti hazırlayanlardan soruşurlar ki, nədən belə etdiniz? Onlarsa cavab verirlər ki, biz bu yolla böyük əksəriyyətinin dünya çempionatının oyunlarını izləmək imkanı olmayan futbol azarkeşlərimizi heç olmasa belə sevindirə bildik. İndi İran da öz azarkeşlərini İsrailə təmtəraqlı hücumla belə “sevindirdi”. İrana bu şou dünya gündəmini zəbt etmək üçün lazım idi. Ancaq bu addım hərbi əməliyyat kimi nə qədər uğursuz alındısa, şou kimi də bir o qədər uğursuz oldu..."

Cəza alan deputat Bəhruz Məhərrəmov açıqlama yaydı

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov istənilən halda İran-İsrail müharibəsinin qaçılmaz olduğunu söylədi. Deputat hesab edir ki, Qərb əlinə düşən fürsətdən maksimum yararlanmağa çalışacaq: “İranın İsrailə raket hücumu əslində geosiyasi sınaqdır və nəticəsi iki ölkə arasında müharibə kimi regional reallıqlar yox, qlobal miqyasda dəyişən konfiqurasiyada ehtiva oluna bilər. Bu mənada məsələnin mahiyyətini daha aydın başa düşmək üçün prosesləri İran-İsrail münasibətləri ilə məhdudlaşdırmaq olmaz. Bu gün birmənalı şəkildə demək olar ki, Tehran üçün vacib olanı İsraildə hansısa dağıntı törətmək yox, raket və dronlarını bu ölkəyə qədər çatdırmaq idi. İran yaxşı başa düşür ki, İsrail ərazisində hansısa strateji hədəfi məhv etmək iqtidarında deyil. İndiki halda Tehranın göstərə biləcəyi ən yaxşı performans İsrail səmalarında uçmaq idi. Teokratik rejim bunu bacarmaqla əslində arzuladığı və mümkün olan maksimum nəticəyə çatdı. "Tehran bu nəticə ilə nəyə nail oldu" sualına gəlincə, proses həm daxili, həm də xarici amillər fonunda təhlil oluna bilər. 

İlk növbədə, daxilə köklənsək, məlumdur ki, İranın özündə ciddi sosial gərginlik mövcuddur. İstər rejimin basqıları, istər uğursuz iqtisadi siyasət, istərsə də sanksiyalar ölkədə ciddi problemlərə yol açıb və artıq hakimiyyətlə xalq arasında faktiki həmrəylik mövcud deyil. Belə olan halda, Tehranın İsrail üzərinə həmləsi müəyyən müddətlik də olsa, bu həmrəyliyi təmin etdi. İkincisi, uzun müddətdir ki, Fələstin ətrafında yalnız bəyanatlarla kifayətlənən İranın hava hücumu bölgədə özünə bağlı proksi qüvvələrdə İrana itməkdə olan inamı bərpa etdi. Lakin sual çıxır ki, İran eyni addımı daha əvvəllər niyə atmırdı? Məsələ burasındadır ki, İran əgər məcbur qalmasaydı, İsrailə 14 apreldə də həmlə reallaşdırmazdı. Lakin Suriyada İran səfirliyinə hücum və özünün bölgədəki əsas dayağı HƏMAS liderinin ailəsinin öldürülməsi fonunda Tehranın susması artıq İranın regionda nüfuzunu sıfıra endirərdi. Lakin İsrailə hücum eyni zamanda Tehranın arzu etmədiyi reallıqları da meydana çıxardı. Birincisi, hər kəs gördü ki, İran bəyanatları qədər təsirli güc və arsenala malik deyil. İkincisi, meydanda tək qalan İrandan fərqli olaraq İsrail öz müttəfiqləri ilə real birgə hərəkət imkanlarına malikdir. Ən nəhayət və ən gözlənilməzi, bu əməliyyatların gedişində İran islamın ən müqəddəs məkanlarından olan Əl-Əqsaya raketlə hücum edən subyekt, İsrail isə həmin raketləri məhz Qüds üzərində zərərsizləşdirib islam dəyərlərini müdafiə edən tərəf kimi rol aldı. Yəni İran HƏMAS və fələstinlilərin könlünü xoş edə bilsə də, özünün iddialı olduğu müsəlmanların “sionist zülmündən” xilaskarı obrazından məhrum oldu. 

Prosesə İsrailin bucağı ilə baxsaq, İranın hücumu artıq aylardır Fələstin bataqlığına saplanmış və prosesi kökündən həll edə bilməyən Tel-Əviv üçün yeni imkan yaratdı. İsrail İranın bütün mümkün hücumlarını dəf etməyə hazır olduğunu sübut etdi. Yəni əslində necə ki, İran öz əsl məqsədlərinə çatdı, eləcə də İsrail nəticə etibarilə öz prizmasından, xüsusən müdafiə qüdrəti ilə bu prosesin qalibi hesab oluna bilər. Lakin qeyd etdiyimiz kimi, bu bir başlanğıcdır və artıq İsrail-İran müharibəsi qaçılmazdır. Ola bilsin ki, müharibə məhz İranın son hücumundan dərhal sonra başlamasın, lakin istənilən halda 14 aprel əməliyyatı mümkün müharibənin qarşısında duran çoxsaylı siyasi, diplomatik və psixoloji sədləri aradan qaldırdı. Eyni zamanda unutmamalıyıq ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesini sürətlə reallaşdıran kollektiv Qərb də öz növbəsində Yaxın Şərqi qütblərin yeni toqquşma platformasına çevirmək fürsətini qaçırmamağa çalışacaq".

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

 Səxavət Məmməd

Hərbi analitik Səxavət Məmməd tərəflər arasında uzunmüddətli müharibəni mümkünsüz sayır: “İranla İsrail arasındakı gərginlik yeni mərhələyə keçdi. Bundan əvvəl tərəflər birbaşa yox, dolayı yollarla bir-birini cəzalandırırdı. Bu dəfə isə İran birbaşa hücum etdi. İranın hücumunu ABŞ, İsrail, İordaniya və Böyük Britaniya birgə dəf etdi. Hesab edirəm ki, tərəflər arasında uzunmüddətli müharibə ola bilməz. Buna heç bir ölkənin resursu çatmaz. Çünki tərəflərin quru sərhədi yoxdur. Ancaq tərəflər bir-birinə uzaqdan ağır zərbələr endirə bilər. Heç şübhəsiz ki, İranın uranın zənginləşdirildiyi obyektləri, raket anbarları hədəf olacaq. İran isə İsraili tamamilə silməyə cəhdlər edəcək. İsrailin sakit davranacağını düşünmürəm. Çünki İranın bu hücumu ərəblər arasında da rəğbətlə qarşılandı. Ona görə də İranın nüfuzunun artmasını heç kim istəməyəcək. İran bir neçə məntəqəni vura bildi. Ancaq Tehran İsrailə daha çox maddi ziyan vurdu. Çünki İranın göndərdiyi raket və dronların qiyməti İsrailin və tərəfdaşlarının istifadə etdiyindən qat-qat aşağı qiymətə idi. Hesab edirəm ki, tərəflər arasında Suriyada quru döyüşləri də baş verə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR