İnsanlara hürriyət, millətlərə istiqlal!

Qədrini bilmədiyimiz illəri düşünərkən...

749 01.03.2022 10:20 Yazarlar A A

Cəmiyyətlər, xalqlar da lap adicə insanlar kimidir. İllərlə min bir çətinliklə nələrisə qazanırlar, sonra isə onları sağına-soluna xərcləməyə, məsuliyyətsizcəsinə itirməyə başlayırlar.

Bəli, biz də bu mənada istisna olmadıq. Bir fərdlər olaraq nə qazanmışdıqsa demək olar hamısını itirdik. İndi yalnız cəmiyyət olaraq, necə deyərlər, toplumsal hüquqlarımız qalıb ki, Rusiya Ukrayna müharibəsi fonunda onlar haqqında da təlaşla düşünməyə məcburuq.

Əlbəttə, bizim nə panika yaymaq fikrimiz var, nə də hadisələri qabaqlamaq. Ümid edək ki, hər şey yaxşı olacaq. Amma hadisələr istər-istəməz bizi düşünməyə vadar edir.

Məsələ bundadır ki, əgər Rusiya Ukraynanı götürərsə, onun iştahı artacaq, nəzərləri digər post-sovet ölkələrinə yönələcək, çünki bu adi bir müharibə deyil, NATO və Avropa İttifaqına qarşı həvəs göstərən ölkələrə qarşı müharibədir. Bizə elə gəlir ki, Ukraynanı tez və problemsiz işğal etsə Rusiyanın diqqəti Gürcüstana və Moldovaya tərəf yönələcəkdir.

Qeyd edək ki, Gürcüstan artıq müəyyən təlaş keçirir və gürcü siyasətçiləri ölkələrinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını deyirlər.

Bir sözlə, vəziyyət son dərəcə mürəkkəbdir. Əlbəttə, bu müharibəni Rusiya yalnız taktiki planda udacaq. Strateji planda isə o, məğlubiyyətə məhkumdur. Dəfələrlə yazmışıq ki, bu müharibə Rusiya üçün bataqlıq olacaq. Kreml əhli indidən valyuta və qızıl ehtiyatlarını hesablayır. Di gəl, bizə elə gəlir, perspektiv planda bunlar Moskvaya qətiyyən kömək etməyəcəkdir.

O ki qaldı bizim Azərbaycana, bu günlərdə rəsmi Bakı Moskva ilə müttəfiqlik sazişi də imzaladı. Əlbəttə, bunların böyük əhəmiyyəti var. Bundan başqa, Azərbaycanın arxasında Türkiyə və ya Şuşa Bəyannaməsi var. Amma ən əsası budur ki, Azərbaycanın NATO ilə bağlı planları yoxdur və Avropa İttifaqı ilə saziş imzalamaq niyyətində də deyil. Əsası budur.

Burada qeyd edək ki, bu günlərdə Avropa İttifaqı ilə saziş üzərində işləri sürətləndirmək haqqında göstəriş verildi. Amma düşünmürük ki, bu ciddi bir qərar olsun. Yox, belə olmayacaq. Ukraynanın təcrübəsi göstərir ki, Avropa sevdası çox riskli bir məsələdir. Hətta ola bilsin ki, buna görə Gürcüstan və Moldova da cəzalandırılsın. Həm də Avropa İttifaqı məsələsində Azərbaycanın daxili motivləri də var. Bəli, Bakının nələrisə Avropa institutları ilə müzakirə etməsi artıq keçmişdə qalıbdır. Artıq bu yoxdur və rəsmi Bakı buna lüzum görmür.

Bir sözlə, nə daxili motivlər, nə də xarici məqamlar Avropa İttifaqı ilə dərinləşmiş münasibətlər üçün yer qoymur - biz Avropaya öz neftimizi və qazımızı satacaq, beynəlxalq sammitlərdə Avropanın enerji təhlükəsizliyində axırıncı rolu oynamadığımızı deyəcəyik. Bununla da bizim avro-ehtiraslarımız və planlarımız bitəcəkdir.

O ki qaldı “yeni SSRİ” məsələsinə, ehtimal ki, Moskva Kiyevi problemsiz həzm edə bilsə, belə xəyallara düşəcək. Burada onu da qeyd etmək lazımdır ki, post-sovet ölkələrinin əhalisinin bir qismi SSRİ məsələsinə rəğbətlə yanaşırlar, amma onlar böyük səhv edirlər. Ona görə ki, kommunist SSRİ-si keçmişdə qaldı, o, bir daha qayıtmayacaqdır. Bu dəfə Rusiya öz ətrafında bir geosiyasi ittifaq formalaşdırmağa çalışacaq və post-sovet ölkələrinin xarici əlaqələrini və onların müdafiə strategiyasını özünün nəzarətinə götürəcəkdir. Amma bunlar o halda mümkün ola biləcək ki, Rusiya Ukrayna məsələsini tez bir zamanda həll etmiş olsun. Yox, əgər Ukrayna məsələsi Rusiya üçün Əfqanıstan müharibəsinə çevrilsə, o, halda çox çətin olacaq. Sonuncunun ehtimalı isə çox böyükdür, çünki ukraynalılar bir vaxt sovet hakimiyyətinə böyük müqavimət göstərmişdilər və düşünürük ki, bu dəfə də onlar silahı asanlıqla yerinə qoymayacaqlar.

Bunun üçün Ukraynanın həm daxili motivləri var, həm də xarici. Avropa ölkələri özləri Ukraynanın tərəfində vuruşmasalar da, ona dəstək verəcək və müharibəni sönməyə qoymayacaqlar...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR