İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh ritorikası yerini yenidən hərbi ritorikaya verir - səbəb

1432 06.10.2016 09:10 Qarabağ xəbərləri A A
Apreldəki 4 günlük müharibədən 6 ay ötdü. Son hərbi eskalasiya unikal bir şans yaratmışdı ki, vasitəçi dövlətlər - ATƏT-in Minsk Qrupu həmsədrləri, nəhayət, vəziyyətin kritikliyini nəzərə alıb status-kvonu dəyişməyə çalışacaq, illərdir dalanda olan sülh danışıqlarında sıçrayışı təmin edə biləcəklər. Belə bir sülh sıçrayışı isə konflikt zonasında böyük müharibəni önləmək üçün əsas şərtdir.

Əfsus ki, növbəti unikal şans da əldən buraxıldı. Öncə Qarabağ məsələsində müəyyən diplomatik fəallıq müşahidə olunsa da, az sonra hər şey köhnə, heç bir sülh perspektivi vəd etməyən axarına qayıtdı, status-kvo dəyişməz qaldı. Bu da o anlama gəlir ki, müharibə riski təzədən gündəmə qayıdıb.

***

Ötən altı ayda Qarabağ mövzusunda cəmi iki mühüm, yadda qalan olay baş verdi - ABŞ, Rusiya və Fransa xarici siyasət idarələri başçılarının da qatıldığı prezidentlərin may Vyana görüşü və Vladimir Putinin təşəbbüskarlığı ilə reallaşan prezidentlərin Sank-Peterburq görüşü. Artıq aydındır ki, bu görüşlər də real nizamlama üçün zəmin ola bilməyib.

Hərgah, bu arada Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin növbəti görüşünün tezliklə baş tutacağına ümid etdiyini bildirib. Diplomat bununla bağlı müzakirələrin və hazırlıqların gücləndirildiyini də qeyd edib. Ancaq bu qəbildən daha bir görüş nəyi dəyişəcək, əgər belə görüşlərdə münaqişə tərəflərinə, münaqişənin özünə, Azərbaycan torpaqlarının işğalı faktına yanaşma, münasibət dəyişməyəcəksə, görüşün yekunu kimi yenə də şablon və növbətçi bəyanatlar qəbul ediləcəksə?

Təəssüf ki, növbəti görüşün də bu xüsusda əvvəlkilərdən kardinal fərqlənməyəcəyinə inam daha güclüdür. Əgər aprel insidenti də vasitəçilərin köhnə, faktiki surətdə destruktiv yanaşmasını dəyişə bilmədisə, indi - işğalçı Ermənistanın təzədən özünü arxayın hiss etdiyi zamanda bu, ümumiyyətlə, real görünmür.

***

Yeri gəlmişkən, Ceyms Uorlikdən cəmi bir neçə gün öncə ABŞ-ın dövlət katibi Con Kerri indiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllinin qeyri-mümkün olduğunu, “Ermənistan və Azərbaycan rəhbərlərinin həllə hazır olmadığını” iddia eləmişdi. Xarici İşlər Nazirliyinin ardınca dünən Azərbaycanın Prezident Administrasiyasından da bu açıqlamaya reaksiya gəlib.

“ABŞ Dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi ”liderlər buna hazır deyillər" açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir. Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov XəzərXəbər-ə açıqlamasında deyib. Dövlət rəsmisi bildirib ki, belə bir açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qurumun çıxardığı 4 qətnamənin icrasından irəli gəlir. Digər tərəfdən, Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürüb”.

Əli Həsənov onun da deyib ki, Kerrinin açıqlaması bu statuslara ziddir: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz üzərilərinə götürdükləri öhdəlikdən və bu öhdəliyin məsuliyyətindən müəyyən mənada boyun qaçırmaqdır. Məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Bu, yolverilməzdir. Yolverilməzdir ona görə ki, beynəlxalq hüquq norması var. Beynəlxalq hüquq normasına dövlətlərin əməl etməsinə məcbur edən beynəlxalq hüququn çərçivəsi var”.

***

Qayıdaq prezidentlərin növbəti görüşünün mümkünlüyü məsələsində. Bütün hallarda çətin ki, rəsmi Bakı nəticəsiz görüşlərin davam etdirilməsində maraqlı görünsün. Bu mənada ən azından ilin sonunadək daha bir görüşün reallaşması məntiqli görünmür - təbii ki, əgər möcüzə baş verməsə, həmsədrlər ənənəvi mövqelərində pozitiv dönüş eləməsə.

Bəs bundan sonrakı gözləntilər necə qiymətləndirilir?

Təbii ki, sülh danışıqlarının, diplomatik səylərin effekti, səmərəliliyi azaldıqca müharibə, silahlanma amili yenidən önə keçəcək. Ələlxüsus da ərazilərinin 20%-i on illərdir işğal altında olan Azərbaycan öz hərbi potensialını daha da artırmağa davam edəcək. Demək, regionda silahlanma yarışı da güclənəcək.

Bu yarışda şübhəsiz ki, Ermənistanın Azərbaycanla ayaqlaşması mümkünsüzdür. İşğalçı ölkə yalnız Rusiyanın güzəştlə və ya icarəyə verə biləcəyi silahlara ümid edə bilər. Necə ki, “İsgəndər” raket kompleksləri ilə bağlı qalmaqalda bu, özünü göstərdi. Ancaq hərbi analitiklərə görə, həmin raket kompleksləri aprel döyüşləri zamanı da Ermənistan ərazisində olub, amma bu, Azərbaycan ordusunun blits-hərbi uğuruna mane olmayıb. Demək, Ermənistan ərazisindəki heç də bütün döyüş sistemlərinin ixtiyarı İrəvanın əlində deyil. Başqa yandan, Rusiya həmin silahlardan Azərbaycana da verə bilər - ancaq dünya bazarı qiymətinə.

“Yəqin ki, Rusiya Azərbaycana da ”İsgəndər" satacaq". Bu fikir Gürcüstanda nəşr olunan “Arsenali” hərbi-analitik jurnalının məqaləsində yer alır (Virtualaz.org). “Kremlin indiyə qədər ”İsgəndər" operativ-taktiki raketlərini heç kimə satmadığı bir vaxtda bu silahların Ermənistanda nümayiş olunması regiondakı hərbi-siyasi vəziyyəti daha da gərginləşdirib" - jurnal qeyd edir.

Məqalədə daha sonra deyilir ki, bu raketlərin Rusiya tərəfindən Ermənistana verilməsi apreldəki dördgünlük müharibə zamanı Azərbaycan ordusunun İsraildən aldığı müasir idarəolunan raketlərlə erməni ordusunun zirehli texnikasına dəqiq zərbələr endirməsinin nəticələrindən irəli gəlir. “Aprel döyüşləri erməni generalitetinin ciddi səhvlərini üzə çıxarmaqla yanaşı, Kremlin neytral mövqeyi ilə də yadda qaldı, bu isə Ermənistan əhalisində kəskin anti-Rusiya əhvalı yaratdı.  Görünür Rusiya Ermənistanda öz nüfuzunu qorumaq üçün İrəvana bahalı ”İsgəndər" komplekslərini verib. Lakin istisna deyil ki, bu sövdələşmədə həm də uzaqgedən məqsədlər var. Yəqin Azərbaycan da “İsgəndər” almaq istəyəcək, ancaq Rusiya Bakıya bu operativ-taktiki raket komplekslərini dünya bazar qiymətlərinə satacaq", - deyə jurnal vurğulayıb.

***

Beləliklə, qarşıdakı aylarda Dağlıq Qarabağ məsələsi kontekstində sülh ritorikasından daha çox, hərbi ritorikanın, silahlanma mövzusunun aktual olacağını söyləmək üçün əsaslar kifayət qədər ciddidir.








Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR