İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa dair “3+2" formatı... nəyi dəyişəcək?

4232 19.11.2016 09:10 Qarabağ xəbərləri A A

Azərbaycanın müstəqillik tarixində keçirdiyi ən böyük, möhtəşəm hərbi təlimlər başa çatdı. Bu manevrlər sözsüz ki, ən əvvəl işğalçı Ermənistana növbəti və daha sanballı əzələ nümayişi, iradə nümayişi idi. Təcavüzkara bir daha xəbərdarlıq idi ki, nəhayət, ağlını başına yığsın və işğal rejimini sonsuzadək uzatmağa, bəzi himayədarlarına ümid eləməsin. 

Azərbaycanın son hərbi təlimlərlə minimum hədəflərə çatdığını söyləmək olar. Ermənistan prezidenti Serj Sərkisyanın “RİA-Novosti”yə müsahibəsindən də göründüyü kimi, düşmən tərəf böyük müharibədən qorxur, Azərbaycanla silahlanma yarışında şansının olmadığını bilir və bu üzdən əsas ümidini Rusiyaya, onun “balans siyasəti”nə, hərbi dəstəyinə bağlayıb.

Rusiya isə belə görünür, Dağlıq Qarabağ konfliktinin ədalətli həllini yaxınlaşdırmaq niyyətində deyil və həmişə olduğu kimi, öz maraqlarına hesablanmış ənənəvi məkrli oyununu davam etdirir. Bu oyunun qayəsində isə Moskvanın özünü Azərbaycan və Ermənistana dost-tərəfdaş kimi göstərib, altdan-altdan münaqişənin həllini əngəlləmək, iki ölkəni lazım bildiyi qədər öz siyasi-hərbi təsir dairəsində saxlamaq dayanır.

*****   

“Moskva Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir”. Bu barədə ABŞ-ın kölgə kəşfiyyatı sayılan “Stratfor” Araşdırmalar Mərkəzinin “Rusiya üçün bəzi münaqişələr həmişəkindən daha soyuqdur” başlıqlı yazısında deyilir. Yazıda postsovet məkanında hələ də davam edən münaqişələrdən bəhs edilir. 

Image result for Kreml

“Bu münaqişələr əsasən etnik və mədəni azlıqların məskunlaşdığı ərazilərdə baş verib. Sovet ölkələri üzərində Moskvanın nəzarəti zəiflədikdən sonra bu ərazilərdə gərginlik artdı, silahlı münaqişələr baş verdi. SSRİ dağıldıqda sonra isə yeni postsovet ölkələrinin nəzarətindən kənarda de-fakto dövlətlər yarandı”, - məqalədə deyilir. 

Yazıda həmçinin Rusiyanın Cənubi Osetiya, Abxaziya, Ukrayna, Dnestryanı kimi münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsindən istifadəsinin bir qədər mürəkkəb olduğu qeyd olunur: “Çünki bu ölkənin münaqişə zonasında birbaşa hərbi fəaliyyəti yoxdur. Moskva bu münaqişədən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir və Qafqazda hakim xarici güc olaraq qalır. Ermənistanın Moskva ilə strateji müttəfiq olmasına və Azərbaycanın daha çox balanslı xarici siyasət yürütməsinə baxmayaraq, Rusiya hər iki ölkəyə onlardan birinin digərinə qarşı daha gözüaçıq dayanması və təhlükəsizlik ehtiyacları baxımından Rusiyadan asılı olması üçün silah satır”.

O da bildirilir ki, Moskva ilə Qərb arasında ziddiyyət münaqişə zonalarında təhlükəsizlik durumunu daha dinamik edir: “Aprel ayında Dağlıq Qarabağda eskalasiya baş verdi, yüzlərlə insan öldü, yaralandı və ya itkin düşdü. Moskva və Qərbin bu keçmiş sovet periferiyasında təsirini artırmaqla bağlı yarışı bu ərazilərdə və onun yaxınlığında təhlükəsizliklə bağlı vəziyyəti daha da qeyri-stabil edə bilər”.

*****
Bu, doğrudan da belədir. Rusiya -ABŞ (Qərb) rəqabətinin güclənməsi Qarabağ ixtilafının həlli yolunda son zamanlar əlavə əngəllər yaradıb. Bu əngəllər ATƏT-in Minsk Qrupu həmsədrlərinin onsuz da səmərəsiz olan fəaliyyətində də özünü göstərməkdədir. Belə ki, prezidentlərin iyun Sankt-Peterburq görüşündən sonra analoji təması təşkil eləmək yönündə vasitəçilərin göstərdiyi səylər fiasko olub. İlin sonunadək isə olsa-olsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə birgə görüşü reallaşa bilər.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrdə ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə ediblər və Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə ediblər.

Nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq ediblər. 

Bu xüsusda Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində “3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib. Səfər əsnasında Məmmədyarov Fransanın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə ayrıca görüş keçirib.

Image result for Minsk Group

Ancaq nazirlərin həmsədrlərlə “3+2" formatında görüşü nəyi dəyişəcək, əgər prezidentlərin bu formatda görüşü belə, heç olmasa hansısa ortaq bəyannamənin qəbulu ilə yekunlaşa bilmirsə? Əlbəttə ki, sual ritorikdir. Belə görünür, Minsk Qrupunun turist həmsədrləri ilin son akkordunu nəyləsə vurmaq istəyiblər və bu da XİN başçılarının onlarla formal təması şəklində olacaq. 

***** 

Beləcə, Qarabağ münaqişəsinin hıllində daha bir qiymətli il itirilmiş oldu. Maraqlıdır ki, ekspertlərin təzə illə bağlı da gözləntiləri nikbin deyil. Minsk Qrupunun ABŞ-dan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza da optimist deyil.      
“Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?” Bu sözləri eks-diplomat sülh danışıqlarının perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında ciddi fikirləşərsə, Qarabağ münaqişəsinin nizamlanması yönündə irəliləyişə nail olmaq mümkündür. “Lakin biz bilmirik yeni prezidentin başında nə var və o nə düşünür”, - deyə Brayza qeyd edib.

Image result for karabagh war

“Prezidentlər və xarici işlər nazirlər görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz”. Bunu da keçmiş səfir söyləyib. O, Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinə də münasibət bildirib (APA). Brayza Minsk Qrupunun həmsədri kimi Rusiyanın bu addımı necə atdığını anlamadığını deyib. Onun sözlərinə görə, Putin Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar atmamalıdır. Sabiq diplomat onu da qeyd edib ki, hər iki tərəf - Azərbaycan və Ermənistan danışıqlar masası arxasına qayıdıb, müzakirələr aparmalıdır.

Ancaq bu müzakirələr nəyi dəyişəcək, əgər Ermənistan Rusiyaya arxalanıb öz cəzasızlığına əmin olmaqda davam edəcəksə və maksimalist tələblərindən geri durmayacaqsa...  



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR