İnsanlara hürriyət, millətlərə istiqlal!

2016-da doğrulmayan sülh ümidləri, itirilən aprel şansı

2732 22.10.2016 08:48 Qarabağ xəbərləri A A
2016-cı ilin yekunundan bizi iki aydan bir az artıq zaman ayırır. Belə görünür, bu il də bəzi ekspertlərin, o sırada Rusiya prezidenti Vladimir Putinin müşaviri Sergey Markovun nikbin proqnozlarına rəğmən, Qarabağ nizamlamasında ciddi heç bir irəliləyişlə yadda qala bilməyəcək. Uzağı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ilə ilin axırınadək prezidentlərin daha bir görüşü reallaşa bilər ki, bu da çətin ki, yekun nəticəyə təsir eləsin. 

Səbəb təkcə vasitəçi dövlətlərin - Rusiya, ABŞ və Fransanın başının daha çox Suriya böhranına qarışması, ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi və Birləşmiş Ştatlardakı prezident seçkiləri deyil. Bunlar öz yerində, əsas tormozlayıcı amil, heç şübhəsiz, bu üç güc arasında Dağlıq Qarabağla bağlı konsensus olmaması və problemin həllində beynəlxalq hüquq prinsiplərinin qulaqardı edilməsidir. 

Bunu son olaraq, bir daha Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov APA və “Trend”ə müsahibəsində bildirib. Sitat: “İyirmi ildən çoxdur ki, ATƏT çərçivəsində müxtəlif formatlı danışıqlar aparılmasına baxmayaraq, hazırda Ermənistanın qeyri-konstruktiv, qəsbkar mövqeyinə görə münaqişənin həlli uzanır və hələ ki real nəticə yoxdur. Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərini əsas tutaraq öz milli haqlarını reallaşdırmaq məqsədilə Dağlıq Qarabağda yaşayan ermənilərə ”yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusunun verilə biləcəyini" bəyan edir. Təəssüf ki, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılaşır və onlar münaqişənin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər".

Bu, doğrudan da belədir. Məhz illərdir vasitəçilik imitasiyası real vasitəçiliyi əvəzlədiyindən, konfliktin həllində bu günədək heç bir ciddi irəliləyiş baş verməyib. Paradoks ondadır ki, vasitəçi güclər, deyildiyi kimi,  Azərbaycanın öz ərazilərini güc yolu ilə azad etmək istəyini də etirazla qarşılayır. 

O zaman necə olsun bəs, işğal altındakı ərazilər sülh yolu ilə azad oluna bilmir, çünki Ermənistana təzyiq edilmir, o biri yandan isə Azərbaycana öz torpaqlarını başqa yollarla azad eləməsi məqbul sayılmır. Halbuki belə bir hüququ Azərbaycana BMT Nizamnaməsi, BMT TŞ-nin Dağlıq Qarabağa dair məlum qətnamələri, digər mötəbər beynəlxalq təşkilatların analoji sənəd və qərarları verir. 

Yenə apreldən sonra unikal bir şans yaranmışdı ki, vasitəçi dövlətlər status-kvonun saxlanmasının nə dərəcədə təhlükəli olduğunu, nəhayət, ciddiyə alacaq və danışıqlar prosesini dalandan çıxarmaq üçün real addımlar atacaq. Əfsus ki, belə olmadı. 
Əksinə, bu yaxınlarda (aprel döyüşlərindən sonra) ABŞ-ın erməni tərəfinə təmas xəttində müşahidəni gücləndirmək üçün müasir müşahidə sistemi verməsindən aydın oldu ki, konkret olaraq, Amerika nəinki işğalçıya təzyiq eləmək istəmir, üstəlik, işğal rejiminin uzanması üçün ona müasir texniki avadanlıqlar ötürür. Bu da təbii ki, nəticə etibarilə Ermənistanı həmişəki kimi, kompromissiz mövqe tutmağa şirnikləndirir.     
          
*****

Yazı hazırlanarkən məlum oldu ki, Minsk Qrupunun Fransadan olan həmsədri dəyişdirilib. Stefan Viskonti bundan sonra Pyer Andriunu əvəz edəcək. Beləcə, həmsədrlikdə diplomatlar rotasiya qaydasında bir-birini əvəzləsə də, vasitəçilər hər 3-4 ildən bir dəyişsə də, Qarabağ konfliktinin həllində dəyişiklik yoxdur. Çünki artıq vurğulandığı kimi, vasitəçi dövlətlərin problemə yanaşmasında prinsipial dəyişiklik yoxdur.

Yaranmış durumun yalnız bir adı var və onu Azərbaycan rəsmi səviyyədə dəfələrlə dilə gətirib: Azərbaycana, işğal faktına, konfliktə münasibətdə ikili standart siyasəti, təcavüzkarın müxtəlif formalarda himayə edilməsi, onun öz adı ilə çağırılmaması. Azərbaycan prezidenti İlham Əliyev məhz belə ikili yanaşmanı nəzərə tutaraq demişdi ki, işğalçıya biri silah verir, başqası maliyyə, o biri dünyada onun təbliğatını aparır və s.
Mövcud şərtlər altında Azərbaycanın tək yolu hərbi qüdrətini durmadan artırması, Ermənistan üzərində əzici üstünlüyü qoruyub saxlaması və artırması, həmçinin də dost-müttəfiqlərinin sayını artırması, onlarla əlaqələrin, ilk növbədə də hərbi sahədə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırmasından ibarətdir. 

Özəlliklə də qardaş Türkiyə, Pakistan və İsraillə hərbi və hərbi-texniki əməkdaşlığı dərinləşdirmək Azərbaycan üçün prioritet kimi qarşıda durur. Eyni zamanda  Ankaranın Moskva ilə istiləşən münasibətləri problemin həlində Bakının manevr imkanlarını artıra bilər ki, bu potensial da qaçırılmamalıdır. 

Yeri gəlmişkən, bu arada Rusiya rəsmisi Moskvanın Minsk Qrupunun üzvü kimi Türkiyənin Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışladığını bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Minsk Qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.

*****
Lakin aydındır ki, Minsk Qrupu üzvləri arasında əsas söz sahibi olan yalnız iki dövlət var - Rusiya və ABŞ. Mariya Zaxarova da daxil, Moskva rəsmilərinin hamısı əla  bilir ki, əsasən də Kreml konfliktin həllində səmimi şəkildə maraqlı olmasa, digər ölkələrin sülh təşəbbüsləri vəziyyəti dəyişməyəcək. Ona görə ki, təcavüzkar Ermənistana ən güclü təzyiq rıçaqı hazırda məhz Moskvanın əlindədir.     
  
Ancaq bu rıçaq əbədiyyən Rusiyanın əlində olmayacaq. Nədən ki, regionda vəziyyət heç də həmişə Kremlin arzuladığı kimi qalmayacaq və dəyişəcək. Necə ki, tədricən dəyişir də. Necə ki, Rusiyanın bölgədəki bir nömrəli rəqibi ABŞ yavaş-yavaş Güney Qafqazda, Gürcüstanda hərbi cəhətdən möhkəmlənir, hətta Rusiyanın müttəfiqi Ermənistana altdan-altdan dəstək, texnologiyalar verib onu Kremlin himayəsindən çıxarmağa səy edir. 
Odur ki, Qarabağ məsələsində Rusiyanın tələsməsinə əsaslar ciddidir. Əks təqdirdə, günün birində moderatorluq başqa dövlətə keçə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR