İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı “Girov” filmi: ziyalıları hiddətləndirən nədir - “no-war”çıların əməyi, yoxsa...

2701 27.04.2023 08:00 Müsahibə A A

Filmin rejissoru Çingiz Həsənov: “Mən özüm Qarabağ qazisiyəm, azərbaycanlı qadının evində erməni kişisinin qalması yaxşı hal deyil, amma...”

Son günlər mediada və sosial şəbəkələrdə “Girov” adlı bir filmin müzakirəsi gedir. Həmin filmin Azərbaycanın dəyərlərinə qarşı həqarət olduğu bildirilir.

Film haqqında vikipediyada belə yazılıb: “Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir".  

Ziyalılardan Seyran Səxavət bununla bağlı açıqlama verib və deyib ki, bu film məhv edilməlidir. “Həqiqətən də o kənddə erməni girovu saxlamaq üçün başqa bir ev tapılmır, gərək erməni "erkəyini" azərbaycanlı əsirin xanımının, uşaqlarının yaşadığı evdə girov saxlayaydılar?! Bu, qeyri-mümkündür. Müharibənin acılarını bütün xalqımız birgə yaşayıb. Qarabağlılarsa canlarında, həm də ev-eşiklərində yaşayıblar, canlı-canlı.  “Axırıncı aşırım” filmini yadınıza salın; Abbasqulu bəy “Evin kişisini soruşarlar!” deyir. Azərbaycanlı adət-ənənəsində, evdə kişi yoxdursa, gələn qonaq kişidirsə, qapıdan içəri keçmir. Bizim mentalitet budur! Necə ola bilər ki, erməni “erkəyini” gətirib qatalar əri əsirlikdə olan - evdə olmayan qadının evinə?! Bu, Azərbaycan təfəkküründən min yox e, milyonlarla kilometr uzaqdır. Siz belə bir işi ağlınıza sığışdıra bilirsiniz?", - deyə o, “Şərq”ə açıqlamasında bildirib.

Filmdən Mədəniyyət Nazirliyinin və digər müvafiq qurumların xəbəri varmı? Bu film necə olub ərsəyə gəlib? “Sülh göyərçini” olanların qrantı, əməyi ola bilərmi?

Qeyd edək ki, “Girov” filmi 2005-ci ildə mərhum SSRİ xalq artisti Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında, “Azərbaycanfilm”in istehsalı olan dram janrında çəkilmiş filmdir. Filmin quruluşçu rejissoru, ideya müəllifi də Eldar Quliyevdir. Filmin bəstəkarı isə xalq artisti Siyavuş Kərimidir. 92 dəqiqəlik tammetrajlı bədii filmin ilk nümayişi oktyabrın 10-da İsveçdəki “Göteborq Ekzayl Film Festival” beynəlxalq kino festivalıda baş tutub. Daha sonra isə “Qahirə Beynəlxalq  Fino Festivalı”, Çexiyanın “Karlovı Varı Beynəlxalq Kino Festivalında, Polaşının Varşava, Krakov şəhərlərində nümayiş olunub.

Afaq Bəşirqızı: "Martdan bəri verilən sərəncamlardan sui-istifadə olunub" -  01.10.2019, Sputnik Azərbaycan

Afaq Bəşirqızı: “Ola bilər ki, ermənilərin də arasında kimlərinsə xasiyyəti yaxşı olsun, bəlkə də... ”

Mövzu ilə bağlı filmdə satıcı qadın obrazını canlandıran xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti zamanında film ərsəyə gələndə də bu cür qalmaqal yaşandığını bildirdi: “Eldar Quliyev bu filmi çəkən zaman da söz-söhbət olmuşdu. Filmdə Azərbaycan xalqını necə insani xarakterdə olduğu, yeri gələndə düşmənə qarşı da güzəştə getməyi bacardığı əks olunur.

Baxmayaraq ki, ermənilər  hər zaman bizə zülm edib, minlərlə gənclərimiz şəhid olub, mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar amansızlıqla qətlə yetirilib, şikəst edilib, biz yenə də yeri gələndə humanist davranmağı bacarırıq. Bir dəfə bu mövzu ilə bağlı söhbət düşəndə mənə sual verdilər ki, “Afaq xanım, siz erməni uşağı öldürərsiniz?" Cavab verdim ki, əlbəttə ki, heç vaxt öldürə bilmərəm. Dedi ki, bəs axı onlar bizim uşaqları amansızlıq qətlə yetiriblər? Dedim ki, mən erməni deyiləm. Beləliklə, həmin film də bu nöqteyi-nəzərdən  çatdırmaq istəyir ki, xalqımız necə insani keyfiyyətlərə malikdir”.

Xalq artisti filmdə “düşmən”in də insani cəhətlərə malik olduğunun əks edilməsinə bu cür münasibət bildirdi: “Hamımız insanıq, hamımızı Tanrı yaradıb, eləcə də onları. Uca Tanrı hər şeyi görür, lazım olsaydı onları heç yaratmazdı. Deməli, haradasa insanın həyatda baxışlarına ağlına siyasətinə belə bir köməkdir bu cür ünsürlər.  Ola bilər ki, onların da arasında kimlərinsə xasiyyəti yaxşı olsun, bəlkə də... Dəfələrlə  görmüşük ki, hansısa erməni əsir düşəndə bildirir ki, əsgərliyə göndərilib və döyüşməyə məcbur olub. Anaları da ayağa qalxmışdı ki, "uşaqlarımızı müharibəyə göndərməyin". Amma nə olsun. Yəni deməyim budur ki, hamıya “günahkar” demək olmaz. Bu, filmdə də öz əksini tapıb ki, hər kəs eyni deyil. Bütün bunlara  baxmayaraq, deyə bilərəm ki, düşmən elə düşməndir. Yəni hamısı bizim üçün düşmən olaraq qalır".

Filmin rejissorlarından biri Çingiz Həsənov isə məsələyə bu cür aydınlıq gətirdi: “Birinci Qarabağ savaşı dövründə belə idi ki, hansı tərəfdən girov düşən olurdusa, dəyişmək üçün həmin girova baxılırdı. Məsələn, əgər Azərbaycan tərəfindən kiminsə yaxını girov düşürdüsə və erməni girov var idisə, onu dəyişmək üçün saxlayırdı. Yəni burada qalmaqallı heç bir şey yoxdur.

Film çox yaxşı filmdir, quruluşçu rejissoru Eldar Quliyevdir, mən də onun üzərində işləmişəm. Bir daha qeyd edirəm ki, bu gün indi kimsə öz şəxsi düşüncəsi ilə nəyisə düşünüb, hansısa fikirlər səsləndirə bilər, amma ortada “bəla”, qalmaqallı bir şey yoxdur. Həmin dövrdə bütün valideynlər erməni əsirliyindən öz övladlarını xilas etmək üçün bir şans axtarırdılar ki, həmin şansla övladlarını dəyişsinlər.

Bəli, azərbaycanlı qadının evində erməni kişisinin qalması yaxşı hal deyil və razıyam ki, bu bizim mentalitetə ziddir, amma fakt göz qabağındadır.

Mən özüm müharibə iştirakçısı, qaziyəm. 1993-97-ci illərə qədər döyüşmüşəm, bilirəm ki, erməni  hər zaman düşmənimizdir, silahı əlimizdən heç vaxt yerə qoymamalıyıq, bəli, onların yaxşısı-pisi yoxdur, hamısı düşməndir. Filmdən də görünür ki, düşmən məkrlidir, düşdüyü vəziyyətdən çıxış yolu tapmaq üçün hər vasitədən istifadə edir. Düşmən bizim əsir düşən insanlarımızın başına olmazın oyunlar, vəhşiliklər gətirib, amma biz girovlara heç vaxt o cür yanaşmamışıq".

Rejissor “Girov” filminin artıq 10 ildən çoxdur ki, televiziya ekranlarında nümayiş olunmadığını da bildirdi: “Film ərsəyə gəldikdən sonra televiziya ekranlarında bir neçə il nümayiş olundu. Lakin son 10 ildir ki, film televiziya ekranlarına çıxmır”.

Şeyx Əbdül: Bəhramın cəsarəti çatmayıb desin ki… Yeni Sabah

Şeyx Əbdül Mahmudov

Xalq artisti, rejissor-aktyor Şeyx Əbdül Mahmudov da mövzuya münasibət bildirib: “Məlum olduğu kimi, bu filmi rəhmətlik, gözəl sənətkarımız Eldar Quliyev çəkib. Həmin vaxt da söz-söhbət olmuşdu. İndi də tənqid edirlər ki, azərbaycanlı qadının evində girov erməni kişisi nə gəzir? Əlbəttə ki, erməni girovu orada azərbaycanlı qadın deyil, maraqlı qüvvələr saxlayır. İkincisi də ki, erməni girov ona görə azərbaycanlı qadının evində saxlanılır ki, həmin evlə dəyişdirilməlidir. Məsələ bu cür qəbul olunmalıdır. Yəni burada faciəvi, böyük bir məsələ yoxdur. Bir də ki, illər sonra niyə bu mövzunu yenidən qazıb çıxarıblar, onu anlamaq olmur.

Ümumiyyətlə, dünyada elə bir şey yoxdur ki, ona “qulp” qoyulmasın. Amma baxır necə “qulp” qoymaq".

Xəyanətkarlar, zəvzəklər, riyakarlar! – Sevda Sultanova yazır

Sevda Sultanova 

Kinotənqidçi Sevda Sultanova isə qeyd etdi ki, “Girov” filminin ideyası, mövzuya yanaşılması bəşəridir: “Müasir dövrdə Azərbaycan kinosunda qələbəmizdən əvvəlki dövrlə bağlı Qarabağ mövzusunda əsasən zəif filmlər çəkilsə də, mən Azərbaycan rejissorlarına, kinomuza insani hisslərini itirmədikləri və filmlərində bəşəri ideyaları təbliğ etdikləri üçün minnətdaram. Həmçinin Eldar Quliyevə. "Girov" filmi haqda resenziyam var. Həmin resenziyamda filmin bədii estetik keyfiyyətlərini tənqid eləmişəm. Amma filmin ideyası, mövzuya yanaşma bəşəridir. Qarabağ işğal olduğu dönəmdə rejissorlarımızın bu mövzuda ekranlaşdırdığı filmlərdə qarşı tərəf aşağılanmır, antimilitarist mövqe, lazımi məqamlarda anlayışlı olmağımız və qəzəbimizə qalib gəlmək bacarığımız göstərilir. Düşünürəm ki, torpaqları işğalda olan rejissorların insani filmlər çəkməsi bir millət kimi bizim böyük mənəvi üstünlüyümüz və qələbəmizdir. Bundan sonra da çəkiləcək filmlərdə mənəvi üstünlük itirilməməlidir, təbii ki, Qarabağ uğrunda savaşda haqlı tərəf olduğumuzu göstərməklə.

Bütün hallarda heç nə unudulmamalıdır".

Qeyd edək ki, qalmaqallı “Girov” filmi haqqında səslənən tənqidi fikirlərlə bağlı Mədəniyyət Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumdan tezliklə məsələyə münasibət bildiriləcəyi deyildi.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR