İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərda tənqidlərə dözmədi: "Əsəblərim pozulub, psixoloqa gedəcəm"

5305 14.01.2017 12:29 Qalmaqal A A
Son günlər “Selfinaz” stand-up şousuna  görə tənqidlərə məruz qalan aktyor Fərda Xudaverdiyev haqqında səsləndirilən ittihamlara  münasibət bildirib.  

Musavat.com saytının suallarına cavab verən aktyor qeyd edib ki, Azərbaycanda stand-up-ın  inkişaf etməsi üçün çalışır: 

“Mənim sosial şəbəkədə verdiyim cavab məni təhqir edənlərə idi, sözümün də ağasıyam.   Hamısını tutub bir-bir  sözümü deyə bilmirəm, amma bilirəm ki, səhifəmi izləyirlər. Yumorist olsam da, yazılanlar mənə təsir edir. Ətrafımdakı insanlar bilir ki, hansı şərtlərlə “Selfinaz” layihəsini həyata keçirdim. Biz rus, türk aktyorları kimi yaşamırıq. 3-5 manat  bizə oynadığımız filmlərin faizindən, toy məclisindən, tədbirlərdən  gəlir. Bəzən dəvət olunduğum qazanclı mərasimlərə getmirəm ki, layihəmi həyata keçirim, yeniliyə cəhd edim, insanları güldürüm. Bu cəhdlərdən sonra yazılan tənqidlər insanı məyus edir. Mən də etməsəm, stand-up-ı kim eləyəcək? Onda da deyəcəklər ki, niyə bizdə stand-up yoxdur? Adama deyərlər ki, dünyada stand-up geniş yayılıb, utanmırsınız, biriniz bu layihəni etmirsiniz? Əmək sərf edilən işə mız qoymaq olmaz. 

- Stand-up şounuzun davamı olacaqmı?

- Əlbəttə olacaq. İnşallah, may ayında 2 gün ard-arda Nizami Kino Mərkəzində səhnəyə çıxacağam. Onda geyim də, dekor da fərqli olacaq. Zarafatlar da tam fərqli olacaq. O zaman görüm məni nədə qınayacaqlar.

- Fərqliliklər olacağını dediniz. Bu fərqlilik tənqidlərə görədir, yoxsa..?

- İlk stand-up türk şirkətinin ideyası idi. Stand-up-ı 2010-da Azərbaycana gətirdim, 2016-a kimi heç bir Azərbaycan şirkəti mənə sahib çıxmadı, pul xərcləmədi. O pulları da “Altlema” şirkəti xərclədi. Müqaviləyə əsasən onların seçdiyi geyimi geyinib, dekorla şoumu göstərəcəkdim. Əgər dünən Cem Yılmazı tanıyan adam  dekorun Cem Yılmazınkına oxşadığını deyirsə, deməli məni axmaq yerinə qoyur. Guya mən bunları bilmirəm? Amma razılaşmalı idim. Çünki bir yerdən başlamaq lazımdır, nə qədər yerində saymaq olar? Şirkət sırf kommersiya üçün addım atdı, istədikləri də tutdu, yaxşı pullar qazandılar.  Oxşarlığı mən də bilirdim, bu mənim vurulmağım üçün deyildi.  Nə deyərdim, sizlə razı deyiləm? Mən etməsəm, heç kim etmirdi axı. Bu fürsəti əldən çıxarıb, keyfiyyətsiz kamera çəkilişi, ucuz reklamlarla stand-up-ı davam etdirməyəcəkdim. O şirkət məni  həvəsləndirdi, yeni nəfəs gətirdik yumora.  

3 stand-up edən namizəd varsa, mən kənara çəkilərəm. Bu insanlar kimlərə söz atmayıb, kimləri təhqir etməyiblər? Qurban olum, özümüzü sevək. Mən sosial şəbəkə paylaşımımda da “Bir olaq, yumruq olaq” mahnısını oxudum. Mən müğənni deyiləm. Başqa cür necə mesaj göndərim? Biz bir-birimizi tutsaq, bizim də Cem Yılmaz kimi şəraitimiz yaxşı olar, aktyorlarımız gözəl yaşayar. Tamaşaçının da  gözü başqa şeylər görər. Qabağa gedənin ayağından dartırıq. 

- Bu söz-söhbətlər sizi ruhdan salmayıb? 

-  Əlbəttə salıb. Ilk günlər depressiya düşəcəkdim, yaxşı ki ətrafımızda dərrakəli insanlar var. Ağıllı insanlarla oturub düşündük ki, söz-söhbətləri boş verək və işimizə davam edək. 

- Sənət dostlarınız da sizə dəstək oldu. Onlardan bu addımı gözləyirdiniz?

- Sağ olsunlar, hamısını öpürəm. Mənim heç kimlə problemim yoxdur. Onlardan bu dəstəyi gözləyirdim. Onlar da məni vursaydı, təmiz ruhdan düşərdim. Mənə dəstək olanların sayəsində növbəti stand-up şoumu etməyə qərar verdim. Yoxsa, əsəblərim tamam pozulmuşdu, psixoloqa getməyi düşünürəm. Artıq həkimlə danışmışam. 

- Keçək bir müddət öncə təqdim etdiyiniz “Naxox” filminə. Tamaşaçı reaksiyaları necədir? 

- Reaksiyalar çox yaxşıdır. Mən demişdim ki, “Naxox” “Xoxan”dan 3 dəfə gülməli olacaq. İzləyənlər bunun şahidi oldu. “Naxox” filminə baxanlar bəyəndikləri barədə mənə yazırlar. Bu da bizi sevindirir. Şükür ki, Allah bizi utandırmadı.

- Filmlərin davamı olacaqmı?

- Mənim başqa şirkətlə müqaviləm var.  Müqavilə bu və gələn il keçərlidir. Ona görə dəqiq nə isə deyə bilmərəm. Amma qorxu-komediya filmində oynamağım gözlənilmir. 

- “Gecə qonağı” filminin birinci hissəsində çəkilsəniz də, ikincinin  fotolarında sizi görə bilmədik...

- Maliyyə məsələlərinə görə filmdə rol ala bilmədim. “Gecə qonağı - 2”-də mən yoxam. “Niyə-2” filmimiz gəlir. Ssenari müəllifi mənəm. Mart ayından kinoteatrlarda olacaq.
 
- Hazırda vine (vayn-qısa video kadrlar çəkməyə imkan verən mobil əlavə-red.)  çəkən gənclərin sayı artıb. Fəaliyyətlərini izləyirsiniz? Onlarla işbirliyiniz gözlənilirmi?

- Qarşıma çıxanda izləyirəm, amma sırf “Görüm filan kəs nə çəkdi?” deyib izləmirəm.  Mən hamısı ilə iş birliyi qura bilərəm. Mənə müraciət edən olsa, təkliflərini dəyərləndirərəm. Gənc, istedadlı uşaqlara dəstək olmaz lazımdır.

Könül İbrahim
Fotolar Məhəmməd Türkmənindir.
Musavat.com




 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR