İnsanlara hürriyət, millətlərə istiqlal!

AİDA ilə İslam İnkişaf Bankı ilə arasında protokol imzalanıb

764 14.12.2016 16:45 Qalmaqal A A
Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev İslam İnkişaf Bankı tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş “İslam İnkişaf Bankının üzv ölkələri arasında davamlı inkişaf nəticələri üzrə tərəfdaşlığın miqyasının artırılması və möhkəmləndirilməsi” tədbirində iştirak edib.
 
XİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin inkişafa yardım agentlikləri arasında informasiya mübadiləsinin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin təşviq edilməsi olub.
 
Tədbir zamanı AİDA-nın fəaliyyəti haqqında tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib.
 
Görüş çərçivəsində Ə. Şıxəliyev və İslam İnkişaf Bankının prezidenti Bandar Haccar Cənub-Cənub Əməkdaşlığı və Qarşılıqlı Əlaqə üzrə Niyyət Protokolunu imzalayıblar. Sənəddə tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və mütəxəssislərin qarşılıqlı şəkildə ezam edilməsi nəzərdə tutulur.
 
 
Qeyd edək ki, AİDA İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının həyata keçirilməsi çərçivəsində əməkdaşlığı davam etdirir. Kampaniyanın 2009-2015-ci illəri əhatə edən birinci mərhələsi çərçivəsində 8 Afrika ölkəsində görmə qabiliyyətini tam və ya qismən itirmiş 50000-dən çox insan ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR