İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın alimlərin faizinə görə dünyada üçüncü yerdəyik - sevinək, yoxsa...

920 06.05.2023 08:22 Media A A

Əhməd Qəşəmoğlu: “İndi şou-biznes əhlinə olan diqqətin heç 50-də biri elmi işçiyə yoxdur”

Dövlət Statistika Komitəsinin 2021-ci ilə dair rəqəmlərinə əsasən hazırda Azərbaycanda 14188 professor-müəllim və 19754 tədqiqatçı var. Onların da 11 min 698 nəfəri və ya 60%-i qadındır. Bu şəxslərin 1351 nəfəri və 7%-i elmlər doktorudur ki, onlarn da 314 nəfəri və ya 23 %-i qadındır. 5819 nəfər və ya 29% fəlsəfə doktorudur, onların da 3121 nəfəri və ya 54% qadındır.

Azərbaycan qadın alimlərin faizinə görə dünyada üçüncü yerdədir. “The Weston Forum” bu barədə UNESCO-nun məlumatlarına istinadən xəbər yayır.

Azərbaycanda qadınların elmdəki payı 59 faiz təşkil edir. Elmdəki qadınların nisbəti baxımından lider 75 faizlə Myanmadır, onu 62 faizlə Venesuela müşayiət edir. Azərbaycandan sonra 57 faizlə Monqolustan və 56 faizlə Tunis gəlir. Sayca ən az qadın alim Cənubi, Qərbi Asiyada (19 faiz) və Şərqi Asiya, Sakit Okean regionundadır (24 faiz).

Avropa elmində qadınların payı ortalama səviyyədən bir qədər yüksəkdir: Qərbi Avropada 33 faiz, Orta və Şərqi Avropada 39 faiz.

Avropadakı göstəricilər arasında Almaniya qadınların təxminən 28%-i ilə Fransa, Çexiya və Hollandiyanı qabaqlayaraq, axırdan dördüncü yerdədir.

UNESCO-ya görə, qadın tədqiqatçıların əksəriyyəti hər birinə 52 faiz düşməklə Şimali Makedoniya, Latviya və Litvadadır, onların ardınca 49-50 faiz qadın alimlərin olduğu Serbiya, Bolqarıstan və Moldova gəlir.

Hesabat göstərir ki, gender bərabərliyinə nail olmaq üçün göstərilən səylərə baxmayaraq, qadınlar elmdə az təmsil olunurlar. UNESCO-ya görə, 2016-cı ildə dünya üzrə tədqiqatçıların təxminən 30 faizi qadınlar olub.

Beləliklə, statistikadan göründüyü kimi, Azərbaycanda elmin səviyyəsi o qədər də ürəkaçan olmasa da, qadın alimləri üstünlük təşkil edir. Səbəb nədir? Niyə bir sıra ailə qayğılarından uzaq olan, elm sahəsində çalışan kişilərin sayı getdikcə azalır? 

Mütəxəssislər bunu müxtəlif səbəblər ilə izah edir. Qeyd olunur ki, elm sahəsində uğurlu olan kişilər əmək haqqının azlığından xarici ölkələrdə işləməyi üstün tutur. Məsələ aydındır: şahidi oluruq ki, orta savadlı adi mütəxəssisin aldığı əmək haqqı elmlə məşğul olan alimin əmək haqqından dəfələrlə çoxdur. Qadınların isə elm sahəsinə gəlməsi az əmək haqlı, işi az olan müəssisələrdə rahatlığın olması ilə izah edilir.

Əhməd Qəşəmoğlu: “Nazirlərimiz sadə hərəkətləri ilə deyil, tapşırılmış  işləri görməklə məşhurlaşsınlar...” Pravda.az

Əhməd Qəşəmoğlu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Bəli, ildən-ilə Azərbaycanda alim qadınlarının sayı artmaqdadır. Ona görə ki, son 30 ildə bir sıra hadisələr baş verir. Məsələn, istedadlı kişilərin bir çoxu elmdə qalmır, daha çox gəlir əldə edən işlərlə məşğul olmağa çalışır. Şəxsən mənim köhnə tələbələrim,  işçilərim arasında xeyli gənc var idi ki, onlar olduqca istedadlı idi və əgər elmdə qalsa idilər Azərbaycan elmi üçün çox ciddi işlər görə, böyük alim ola bilərdilər. Lakin onlar elmlə məşğul olmağa davam etmədilər, çünki  elm sahəsində əmək haqqı, elmi işçilərə qarşı diqqət azdır. Yəni hər hansı  bir şou-biznes nümayəndəsinə qarşı olan diqqətin 50-də biri qədər elmi işçiyə diqqət yoxdur. Elmi işçinin, alimin ən hörmətli jurnallarda məqaləsi çıxanda və yaxud xarici ölkədə kitabı çıxanda onu heç kim bilmir, amma hansısa idmançı, şou-biznes əhli kiçik bir uğur qazananda hamı bilir.

Bütün bunlar bir kənara, alimlərə mane yaradanlar da çox olur. Həmin maneələrdən biri budur ki, son dövrlər elmdə saxta alimlər, saxta dissertasiyalar yazanların sayı çoxaldı. Yəni dissertasiyasından özünün xəbəri olmayan nə qədər alim var. Həmçinin elmi adların verilməsinin təsdiq olunması sahəsində də xeyli maneələr, mənasız tələblər var. Mənasız tələblər nədir? Məsələn, deyirlər ki, xarici ölkədə hansısa bir nüfuzlu indeksli jurnalda məqalən çıxmayıbsa, müdafiə etmək, elmlər doktoru adı almaq olmaz. Hamı da bilir ki, xaricdə məqalənin çap olunması üçün 700-800, bəzən də 1000 manatdan çox pul verməlisən. Beləliklə də burada söhbət alimin əsərinin keyfiyyətindən deyil, onun məcburi pul xərcləməsindən gedir.

Beləliklə, bu, mənasız bir tələbdir. Hansısa bir şəkildə elə etmək olar ki, ölkənin daxilində çox nüfuzlu elmi jurnallar çap edilsin və orada institutlar, elmi şuralar tərəfindən təqdim olunan məqalələr çıxsin. O halda alimin də xərci çıxmaz və hətta alimə təşəkkür edilər ki, bu sahədə elm üçün çox ciddi, əhəmiyyətli məqalə yazıb. Amma biz bunun etmir, əvəzində deyirik ki, get pul xərclə, hansısa xarici ölkədə, hansısa jurnalda məqalən çıxsın.

Qeyd etdiyim kimi, dissertasiyaların səviyyəsi, həqiqi alimlərin yetişdirilməsi ilə bağlı ciddi işlərin görülməsinə böyük ehtiyac var. Kişilərin başı başqa sahələrdə işə qarışanda isə qadınlar daha çox önə çıxır. Bu Rusiyada və digər MDB ölkələrində də belədir. Sovet dövründə kişilər daha çox elmə maraq göstərirdi, indi isə daha çox gəlir gətirən sahəyə. Bu halda da meydan qadınlara, qızlara qalır".

Yazını hazırladı: Xalidə GƏRAY

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR