İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin ayaqqabıları iləBMT kürsüsünü döyməsinə çoxmu qalıb?..

552 01.02.2022 10:20 Yazarlar A A

Bəli, on illərlə günümüz Rusiya ilə çarpışmalarda keçsə də, daim Moskvanın bitib-tükənməyən təhdidlərindən qorunmağa çalışsaq da, yenə də keçmiş sovet adamlarının böyük əksəriyyəti belə hesab edir ki, Rusiya müharibə etməz. Çünki özü İkinci Dünya müharibəsini yaşayıb, çünki on illərdir ki, insanların beyninə yeridiblər ki, ruslar heç bir halda müharibə istəməz.

Onunla da razıyıq ki, Qərbin də siyasi, diplomatik və yaxud hərbi dairələri heç də mələk-misal adamlar deyillər, onlar da uydurmaqda, şişirtmədə ustadırlar. Üstəlik, Rusiyanın öz iddialarından müvəqqəti də olsa, əl çəkdikləri 90-cı illəri də görmüşük - o vaxt həmin dairələr yeni təhlükələr uydurmaq üçün dərindən -qabıqdan çıxır, Bin-Ladeini, beynəlxalq terrorizmi dünya üçün yeni bir təhdid kimi qələmə verməyə cəhd edirdilər.

Bəzi Qərb jurnalistləri hələ də iddia edirlər ki, hətta 11 sentyabr terrorundan müvafiq dairələrin irəlicədən xəbəri olub, amma onun qarşısını almayıblar ki, insanlarda yeni xof yaransın. Əlbəttə, biz bu cür ehtimalların nə dərəcədə düzgün olub-olmamasını deyə bilmərik, yalnız onu deyə bilərik ki, Qərb-Rusiya, xüsusən də ABŞ -Rusiya qarşıdurması tarixində başqa hadisələr də olubdur. Məsələn, ABŞ-ın müdafiə nazirlərindən biri soyuq müharibənin gərgin çağlarında “Ruslar gəlir! Ruslar hücum edirlər!” deyərək özünü pəncərədən atmışdı - hər halda, oxuduğumuz kitablar, yazılar belə deyir...

Bütün bunları niyə deyirik? Son günlərdə yaşanan prosesləri yalnız Karib böhranı ilə müqayisə etmək olar. Amma o vaxt Kennedinin və Xruşşovun cəsarəti çatdı ki, yeni dünya müharibəsinin qarışını alsınlar, baxmayaraq ki, o vaxt ABŞ nüvə arsenalına görə Rusiyadan xeyli üstün idi və mühafizəkar dairələr hələ də Kennedini ona görə bağışlamırlar ki, o, fürsəti əldən verdi, müharibə etmədi.

Amma zaman göstərdi ki, Kennedi haqlı imiş, on illər sonra SSRİ daha dinc üsullarla tamam çökdürüldü və neçə-neçə ölkə azad oldu...

Fəqət, indi SSRİ-nin yerini Rusiya tutubdur. Maraqlıdır ki, ABŞ-da indi də hakimiyyətdə demokrat prezidentdir.

O ki qaldı Rusiya prezidenti Vladimir Putinə, bu adam əlbəttə ki, N.Xruşşov deyildir, amma o da çoxdan həddini aşıbdır. İndi bu adam ABŞ-dan və NATO ölkələrindən təhlükəsizlik təminatları istəyir. Amma bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberq bir sıra məsələlərə aydınlıq gətirdi. Dedi ki, Rusiya yeni əraziləri təhdid etməklə NATO-nun qüvvələrinin öz sərhədlərindən uzaqlaşdıracağını düşünür. Amma NATO-nun ən çox genişlənməsi Moskva Krımı işğal edəndən sonra başladı.

Bir daha deyirik ki, Vladimir Putin təminat istəyir. Bəs Ukraynaya təminat lazım deyilmi? Onun əraziləri qorunmamalıdırmı? Bəs Krımı kim Ukraynaya qaytarmalıdır?

Moskva bu suallara cavab verməyə tələsmir, üstəlik, müharibə təhlükəsini sovuşdurmaq üçün konkret addımlar da atmaq da istəsmir.

Bu günlərdə S.Lavrov dedi ki, guya proseslər Rusiyadan asılı olsa, o, heç bir halda müharibə etməyəcək. Amma bir daha deyirik ki, bunun üçün konkret addımlar atılmalıdır. Onlar isə yoxdur. Əvəzində silahlı qüvvələr Ukrayna sərhədində cəmləşməkdə davam edir...

Düşünürük ki, indiki şəraitdə təminat ən çox Ukraynaya lazımdır. Doxsanıncı illərdə Kiyevi aldatdılar. Ukrayna bir neçə milyard dolların müqabilində sovet dövründən qalma nüvə arsenalından imtina etdi. Gərək Kiyev bunu etməyəydi, çünki nüvə silahı çəkindirici amildir və hazırda o, Ukraynanın köməyinə gələ bilərdi, onunla daha ehtiyatla və hörmətlə davranardılar.

Çox qəribədir ki, SSRİ-nin bütün əndazələri aşması Nikita Xruşşovun dövrünə təsadüf etmişdi. Bu adam çox şeylə yadda qalmışdı. O cümlədən də BMT-nin kürsüsünü başmaqları ilə döyəcləməsilə ilə! İndi də növbə Vladimir Putinindir. Görək, o, nə ilə yadda qalacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR