İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" layihəsi yekunlaşıb - FOTOLAR

2685 14.12.2016 16:57 Proje A A
Qadın Konsensus Mərkəzi "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihəyə yekun vurub. Bu barədə dekabrın 14-də tədbir keçirilib. 

Musavat.com xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Əlizadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri, kənd təsərrüfatı, sahibkarlıqla məşğul olan şəxslər, iqtisadçılar iştirak ediblər. 

Tədbirdə çıxış edən məruzəçilər qeyd edib ki, iki ay davam edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. Layihənin məqsədi kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin araşdırılması, dövlət qurumları ilə əlaqələrinə kömək etmək və onların uğur hekayələrinin mediada işıqlandırılması olub. Bu çərçivədə Masallı, Tərtər, Salyan, Neftçala, Qusar, Biləsuvar və s. rayonlarda fəaliyyət göstərən qadın fermerlərin fəaliyyəti araşdırılıb.

Həmçinin bildirilib ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına artan diqqətlə bağlı kənd təsərrüfatı alternativ sahə kimi tez-tez xatırlanır. 2015-ci ilin rəsmi statistik məlumatlarına əsasən, məşğul əhalinin 36,4 faizi kənd təsərrüfatında fəaliyyət göstərir. 

2016-cı ilin statistik məlumatlarına görə isə, ölkədə ümumi sahibkarların 19,9 faizini qadınlar təşkil edib. Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksini tapmır. 

Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə kənd təsərrüfatı işlərinə cəlb olunan qadınların sayında artım müşahidə edilib. Əksər hallarda qadınlar kənd təsərrüfatında aşağı məvacibli işlərə cəlb olunub və artım tendensiyası qadın fermerlərin sayına ciddi təsir etməyib.

Tədbirdə problemlərin həlli yolları haqqında geniş müzakirələr aparılıb, tövsiyyələr səsləndirilib. 

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR