İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elektron hökumət” dən kənar qalan bələdiyyələr...

2681 09.11.2014 19:51 Proje A A

Həmin qanunun 56-cı maddəsində İnternet informasiya ehtiyatlarının yaradılması müddəti qeyd olunub: “56.1. Dövlət orqanları bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 1 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını yaradırlar, bələdiyyələr isə bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 3 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını formalaşdıra bilərlər”. Qanun 30 sentyabr 2005-ci ildə qüvvəyə minib.

Qanunun qəbulundan 9 il keçməsinə baxmayaraq, bələdiyyələrin çoxunda ya internet resursu yoxdur, ya da yenilənmir, sadəcə adı var. 

“BƏLƏDİYYƏ SEÇKİLƏRİDİR, AMMA SAYTDA BUNA AİD BİR CÜMLƏ BELƏ YOXDUR”


Sumqayıt şəhər sakini Məmmədova Zəminə deyir ki, 2014-cü ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləridir, amma saytda buna aid bir cümlə belə yoxdur: “Ölkədə bələdiyyə seçkiləri keçirilir, ancaq vətəndaşlar bundan xəbərsizdir. Heç olmasa bələdiyyələrin saytları seçki ilində yenilənərdi”.

Xəzər rayon sakini Eldar Fərhadovun sözlərinə görə, bələdiyyələrdə sakinlərin yerli özünü idarəetmə orqanlarına ödədikləri əmlak vergisinin elektron sistemi də yoxdur: “Bələdiyyələrin saytında “Elektron müraciət” bölməsi var, lakin heç bir şikayətə baxılmır. Üç ay əvvəl yazdığım müraciətə hələ cavab gəlməyib”.

1718 BƏLƏDİYYƏDƏN 50-nin SAYTI VAR


Ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir. Bunlardan hazırda təxminən cəmi 50-nin saytı fəaliyyət göstərir. Onların da 80 faizi ya işləmir, ya da yenilənmir. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin fikrincə, bu sahədə biabırçı vəziyyət yaranıb: “Mövcud olan resurslardan isə 9-u işlək vəziyyətdədir. Bələdiyyə saytlarının bir qismi vətəndaş cəmiyyəti təşəbbüsü ilə yaradılmış və bələdiyyələrin istifadəsinə verilmişdir. Şirvan şəhər, Xırdalan şəhər, Bakının Nizami, Nəsimi, Səbail rayon bələdiyyələrinin resursları daim yenilənir və zənginliyi ilə diqqət çəkir”. 

FORMAL FƏALİYYƏT GÖSTƏRƏN SAYTLAR

Paytaxtın Nərimanov rayonunun bələdiyyəsinin saytına, ümumiyyətlə, daxil olmaq mümkün deyil. 

Qaradağ rayonu Korgöz bələdiyyəsinin rəsmi saytı mövcud olsa da, saytın operativliyi aşağı səviyyədədir. Belə ki, bələdiyyənin saytı Azərbaycan, Rus, İngilis dilində fəaliyyət göstərsə də, onların heç birində bələdiyyənin yaranma tarixindən başqa heç bir məlumat yoxdur. Saytın 7 bölməsi olsa da, onların heç biri işləmir və bütün bölmələr “Ana səhifə”ni göstərir. 
Qaradağ rayonu Qobustan bələdiyyəsinin rəsmi saytında bölmələrin yalnız adı var. Rayona aid ümumi məlumat və  fotoşəkillərdən başqa heç bir məlumat yoxdur. 


Badamdar bələdiyyəsinin saytı da Nərimanov bələdiyyəsinin saytı ilə eyni aqibəti yaşayır. Bu bələdiyyənin də saytına daxil olmaq mümkün deyil. 

Abşeron rayon Saray bələdiyyəsinin saytında 5 bölmə olsa da, onlardan yalnız “Haqqımızda” bölməsi fəaliyyət gösətir. Sayt, ümumiyyətlə, 2008-ci ildən bu günə kimi yenilənmir.
Abşeron rayonu Masazır bələdiyyəsinin də internet resursu var. Amma sonuncu dəfə 19 may 2010-cu ildə yenilənib. 

Abşeron rayonu Novxanı bələdiyyəsinin saytı isə ən son 14 aprel 2008-ci ildə yenilənib. 
Görədil Bələdiyyəsinin saytı olsa da, içərisində “Bələdiyyə haqqında məlumat”dan başqa heç nə yoxdur. 


Xəzər rayonu Zirə Bələdiyyəsinin də saytı var. Amma ən son 7 avqust 2008-ci ildə yenilənib. Rayonun adı isə saytda hələ də “Əzizbəyov” kimi qeyd olunub. 

Biləcəri Bələdiyyəsinin saytına 18 noyabr 2008-ci ildə məlumat yerləşdirilib. 
Sumqayıt Bələdiyyəsi də 2012-ci ildən bəri yenilənməyib. 

BƏLƏDİYYƏLƏR ÜMİDLİ DANIŞIR

Apardığımız araşdırma zamanı yalnız Nizami Bələdiyyəsinin yeniləndiyinin şahidi olduq. Sayta ən son məlumat 18 oktyabr 2014-cü ildə yerləşdirilib. Ancaq burda da bələdiyyə seçkilərinə aid heç bir məlumat tapa bilmədik. 

Bərdə Bələdiyyəsinin İnternet resursu yoxdur. Özünü bələdiyyə işçisi kimi qələmə verən şəxs bildirdi ki, internetə çıxışları var, amma saytları yoxdur. Saytın indiyə qədər yaradılmaması səbəbi maliyyə çatışmazlığıdır: “Yaxın vaxtlarda hazırlanmalıdır. Sayt nümunələri verilib bizə. Hazırda işlər gedir. Maliyyəmiz azdır ona görə gec hazırlanır”.

Nərimanov Bələdiyyəsindən isə dedilər ki, saytları hələ yoxdur: “Səbəb maliyyədir. Həm də seçki ilə bağlı işlərimiz çoxdur”.

Qaradağ rayon Puta bəldiyyəsindən isə bildirdilər ki, saytın yenilənməməsinin səbəbi onlara məlum deyil. 


Binəqədi rayon Rəsulzadə Bələdiyyəsinin saytında sonuncu xəbər 24 iyun 2014-cü ilə aiddir. Xəbərdə bələdiyyədə pilot layihə həyata keçirildiyi vurğulanır. Ancaq ondan sonra heç bir məlumat yerləşdirilməyib. Saytın redaktoru Aytən Rzazadə açıqlamasında bildirdi ki, saytda ancaq şəkillər yerləşdirilir: “Hərdən bir yazılar da veririk. Maliyyə çətinliyimiz yoxdur. Saytımız operativ yenilənir”.

SƏBƏB MALİYYƏ ÇATIŞMAZLIĞIDIR 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyir ki, bələdiyyələrin saytlarının olmamasının səbəbi maliyyə resursu ilə əlaqədardır: “Bir bələdiyyənin orta aylıq büdcə gəliri 2200 manatdır. İnternet resursunun saxlanması üçün isə ayda 400 manata yaxın vəsait lazımdır. Digər səbəb isə ixtisaslı kadrların olmamasıdır”.
Vətəndaşların informasiyaya olan təlabatını nəzərə alaraq bu gün bütün dünya ölkələrində elektron hökumət ideyası dəstəklənir. Misalçün, Türkiyədə bələdiyyələrin hamısının saytı var və operativ yenilənir. 

Ekspert Qalib Toğrul hesab edir ki, Türkiyədən fərqli olaraq Azərbaycanda bələdiyyələrin səlahiyyətləri və maliyyə mənbələri çox azdır. Onun fikrincə, bələdiyyələrin səlahiyyətlərini, maliyyə mənbələrini daha da genişləndirmək lazımdır ki, problem aradan qaldırılsın.

Günay Familqızı

Yazı  Multimedia Mərkəzinin keçirdiyi “Onlayn Media Müsabiqəsi”nə  təqdim olunur





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR