İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı taxtda, Roberti zindanda görəcəkmişik

1398 11.12.2018 09:50 Yazarlar A A

Bir il öncə bu günlərdə proqnozlaşdırmaq mümkün deyildi ki, 2018-ci ilin dekabrında Ermənistanda hakimiyyətdə Sarkisyan-Köçəryan cütlüyü yox, tamam başqa bir adam olacaq.

O “başqa adam”ın adını nəinki regionda və dünyada, heç Ermənistanın özündə də çox adam bilmirdi.

Onu yalnız doğulduğu mahalda və İrəvanda, jurnalistlər və siyasətçilər sferasında tanıyırdılar. Keçmişdə jurnalist, ötən ilə qədər isə deputat olan bu hay-küylü, demaqoq adam - Nikol Paşinyan perspektiv vəd etmirdi.

İndi o, ilin birinci yarısında zor-xoş yiyələndiyi hakimiyyəti bir az möhkəmlədib və xalqın 70 faizinin səsini alaraq legitimləşdirib.

Söz yox, Paşinyanın seçki zəfərində qəsb olunmuş hakimiyyətin yaratdığı üstünlükdən, administrativ resurslardan maksimum istifadə olunub, amma bu resursları səfərbər etmək və seçki qələbəsinə çevirməyin özü də ağıl və fərasət tələb edən işdir.

Adam əlində milyardlar fırladan və xarici dəstəyi qüdrətli prezidentlər səviyyəsində olan Sərkisyan-Köçəryan tandemini diz çökdürdü və hələ bu süqutun mabədi də olacaq. Hazırda Köçəryan həbsdədir, onun digər əlaltıları da həbs və müflis ediləcək. Sıra Sərkisyana və adamlarına da çata bilər.

Paşinyan bu işi (köhnə hakimiyyətin başbilənlərini və fəallarını darmadağın etməyi) uğurla davam etdirsə, başa çatdırsa, hakimiyyəti uzunömürlü olacaq, yarıda dayandırsa, bir müddətdən sonra onun özünü də yarıda dayandıracaqlar.

Prosesin buraya qədər davam edən hissəsi göstərir ki, ölkə xaricində nə qədər ciddiyə alınmasa da, xüsusilə MDB məkanında onunla, sözün əsl mənasında, üzdəniraq kimi davranılsa da, Paşinyan ən azı Qafqaz ölkələrindəki qısaömürlü hakimiyyətlərin təcrübəsini bilir.

Gürcüstanda Zviad Qamsaxurdiya, Azərbaycanda isə Əbülfəz Elçibəyin hakimiyyətlərinin bir il çəkməsi, bütün digər səbəblərlə yanaşı, əsasən “köhnə qvardiya”nın zərərsizləşdirilməməsi üzündən baş vermişdi.

Onlara qarşı lüstrasiya həyata keçirilmədi və bu plutokratlar dəstəsi malik olduqları vəsaitləri, eləcə də bir-birləri ilə əlaqələri qoruyaraq, ölkədən çıxmayaraq kölgəyə çəkildilər, qısa müddətdən sonra onları heç nəyin təhdid etmədiyini görərək, toparlandılar, hərəkətə keçərək yenidən hakimiyyətə qayıtmağa çalışdılar və bacardılar.

Hərçənd onların heç də hamısı yeni hakimiyyətdə təmsil oluna bilmədi. Konkret olaraq Azərbaycanda Elçibəy hakimiyyətinin devrilməsində fəallıq göstərən mütəllibovçuların bir çoxu kənarda qaldı, surətçilərin hamısı isə ilyarımdan sonra ya həbsə alındı, ya da didərgin düşdülər.

Hazırda Sərkisyan-Köçəryan tandeminin rəhbərlik etdiyi, nüvəsi Qarabağ ermənilərindən olan klan aşınma mərhələsindədir. Ya onlar tamamilə darmadağın ediləcəklər, ya da bir müddətdən sonra toparlanıb revanşa qalxacaqlar.

Bundan ötrü onların hər şeyi var. Xarici dəstəkləri də hələlik sıfırlanmayıb.

Ötən il bu vaxtlar nə qədər fantastik görünsə də, biz Köçəryanı bu il həbsdə gördük. Onun və Sərkisyanın hakimiyyətdə olduğu dönəmlərdə bunu təsəvvür etmək çətin, ancaq mümkün idi.

Bundan əvvəl Serbiyanın Miloşeviç və başqa hərbi caniləri günü gəldiyi zaman həbs edilmiş, Haaqa tribunalına verilmişdilər.

Əlbəttə, prezident və baş nazir, eləcə də müdafiə naziri olduqları zaman heç kəs onları həbsə almayacaq, barələrində cinayət işi açmayacaqdı, amma adamlar vəzifələrini itirəndən sonra iş dəyişdi və bu şəxslər adi adamlara çevirilincə bütün immunitetlərindən məhrum oldular və hərbi cani olduqları yada düşdü.

Köçəryan da, Sərkisyan da hərbi canidirlər, Qarabağda mülki əhaliyə qarşı törədilmiş amansız və kütləvi cinayətlərin altında onların imzası var.

Azərbaycanın hüquq-mühafizə orqanları vaxtında bütün dəlil-sübutları toplayıb onların mühakimə edilməsi üçün Haaqa tribunalına müraciət etməliydi. Bu barədə jurnalistlər, o cümlədən qəzetimizin müəllifləri hələ 10-15 il öncədən yazırdılar.

Əgər elə bir iş baş versəydi, bu gün Haaqa tribunalı Köçəryanın və Sərkisyanın ekstradisiyasını tələb edə bilərdi. Paşinyan isə nə qədər erməni millətçisi olsa da, güman ki, onlardan birdəfəlik yaxa qurtarmaq üçün tribunalın tələbini yerinə yetirərdi.

Bəlkə hələ də gec deyil...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR