İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bizə hansı şansı verə bilər?..

1151 13.12.2018 08:25 Yazarlar A A

Yox, burada Ermənistandakı son seçkilərin detalları ilə sizi yormayacam. Həm ona görə ki, oxucularımızın maraq və təəccübünə səbəb ola biləcək bütün məqamlar səsləndirilib, həm də ki fikrimizcə, nəinki Ermənistanın, ümumiyyətlə, cəmi Cənubu Qafqaz ölkələrinin heç birinin öyünüləsi seçki mədəniyyəti yoxdur.

Güman edirdik ki, qonşu Tiflis bu istiqamətdə ciddi irəliləyiş edib, amma son seçkilər bizi bu fikirdən də daşındırdı, primitiv saxtakarlıqla olmasa da, hər halda İvanişvili bloku bütün digər vasitələrlə gürcüləri öz namizədlərinə səs verməyə məcbur edə bildi.

Odur ki, Ermənistandakı son seçkilər ətrafında sadəcə, “gəzişmək” istərdik bu yazıda. Amma bəlkə də hər şeydən əvvəl ötən həftənin sonlarında Sankt-Peterburqda baş tutan sammitdən başlamaq lazım gəlir. 

Ruslar demişdi ki, KTMT-nın baş katibi məsələsi təxirə salınır və onun sonradan işçi qaydasında həll olunması daha məqsədəuyğun sayılır.

Amma Peterburq sammitinin kuluarlarındakı söhbətlər dərhal Rusiya mediasının qulağına çatdı və demək olar ki, elə sammit davam edən gün  xəbərlər səsləndi ki, baş katib məsələsini artıq həll olunmuş saymaq olar; böyük ehtimalla post Minskə qismət olacaq və bu təyinatadək vəzifəni Moskvanın təmsilçisi aparacaq.

Əslində məsələnin təxirə salınması parlament seçkisi ərəfəsində Paşinyana güzəşt idi və o, Y.Xaçaturovun postundan geri çağırılması kimi bu olayı da “Kremlin Ermənistandakı yeni reallıqlarla hesablaşması” kimi qələmə verəcəkdi. Amma bizim Bakı əhlinin dili ilə desək, Kreml də tamam hərif-filan deyil. Odur ki, Paşinyan sammitdə yaman pərt idi - bunu hətta min kilometrlərlə uzaqlıqdan efirin köməyilə də sezmək mümkün idi.

Pərtlik yaradan başqa səbəb də vardı. Növbəti ildə Avrasiya İqtisadi Birliyində də sədrlik Ermənistana keçir. Amma buna baxmayaraq Birlik üzvləri onun sammitini İrəvanda yox, Astanada keçirməyi düşünürlər ki, bunun özü də həm Rusiyanın, həm də bütövlükdə MDB-nin Ermənistana və onun liderinə qarşı daha bir diqqətsizliyi deməkdir.

Amma N.Paşinyan siyasətçi olmasa da, hər halda, ermənidir və hiyləgərlik sarıdan problemi yoxdur. Odur, özünü Peterburq sammitində sudan sakit, otdan nazik apardı - hansısa ikibaşlı bəyanatları ilə yadda qalmadı. Ona görə ki, bu adama sammitdən demək olar ki, dərhal sonra baş tutacaq seçkiləri problemsiz başa vurmaq lazım idi.

Gəl, yenə də dinc durmadı. Sammitdən sonra ilk xəbər bu oldu ki, keçmiş prezident R.Koçaryan yenidən həbs olunubdur. Hiss olunur ki, bu adam Koçaryandan çox ehtiyat edir və düşünür ki, Kreml tez bir zamanda Ermənistanın daxilinə əlini uzatmaq fikrinə düşsə, bunun üçün ən ideal icraçılardan biri Koçaryan cənablarıdı, çünki onunçün dağıtmaq, ara qarışdırmaq və öldürmək problem deyil...

Qərəz, dramatik epizodlarla, irəliləmələrlə-geriləmələrlə müşayiət olunsa da başabəla qonşumuzda proseslər axır ki, finalına yetişməkdədir. Seçkinin nəticələri rəsmən elan olunub, bir müddət sonra, ya da növbəti ilin lap əvvəllərində hökumət kabinetinin təşkilinə start veriləcəkdir.

Hətta seçkinin rəsmi və müfəssəl nəticələrini də gözləmədik, ilk yazını rəsmi elanadək yazdıq.

Ona görə ki, hələ görməmişik ki, inqilab etmiş siyasi qüvvə bir neçə aydan sonra özünün keçirdiyi seçkiləri uduzsun və siyasi olimpi qeyrisinə təhvil verilsin. Əlbəttə, dövlət çevrilişi etmiş hansısa qiyamçı dəstə ilə bu baş verə bilər və tarixdən də belə hallar məlumdur.

Məsələn, əski bolşeviklər müvəqqəti hökuməti silahlı yolla devirmiş qiyamçı dəstələr idi və təsadüfi deyil ki, azca sonra sovetlərə keçirilən seçkiləri, əgər səhv etmiriksə, eserlərə uduzmuşdular. Amma sonra nə etdilər? Seçkinin nəticələrini ləğv etdilər və eserlərə də divan tutdular...

Paşinyanın silahlı dəstələri yox idi, o, əksinə silahla hakimiyyətə gələnləri silahsız devirmişdi - düşmən olsa da bunu etiraf etməyə məcbur görünürük.

İndi də seçki fəallığı İrəvanın mer seçkilərindəki kimi yenə də yüksək olmasa da hər halda, Paşinyanın ictimai dəstəyini tamamilə inkar etmək də olmaz - insanlar hələ onun səsinə səs verirlər. Amma bunun da avans olduğunu düşünmək lazımdır və özü də bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

Həm də rəsmi nəticələri gözləməməyimizin bir səbəbi də Rusiya mediasının ürəksiz-ürəksiz inqilabçı baş nazirin heç bir problemsiz öz hakimiyyətini legitimləşdirəcəyi haqqındakı proqnozları oldu. Aydındır ki, Paşinyanın ən böyük rəqibi Kremlin dəstək verdiyi cinah ola bilərdi, di gəl, seçkidə belə cinah görünmədi. Odur ki, “böyük qardaşlarımız”ın seçki ilə bağlı təxminlərini sınamaq qərarına gəldik...

O ki qaldı bizim təxminlərə, gözləməməliyik ki, kimsə İrəvanda hakimiyyətə gələcək və Qarabağı bizə qaytaracaq. Bu olmayacaq. Fikirləşməliyik ki, görən, Ermənistanda hansı vəziyyət yaransa bizim Dağlıq Qarabağı qaytarmağımızı asanlaşdıra bilər?

Dəfələrlə yazmışıq ki, gec-tez Moskvayla İrəvan arasında “çat” yaranacaq. Budur, əmin ola bilərsiniz ki, Paşinyan bu “çatı” yaradacaq. Gəlin görək, bundan anında faydalana biləcəyikmi?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR