İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyalarda erkən parlament seçkiləri gözləntisi

1194 11.12.2018 10:10 Siyasət A A

Növbədənkənar parlament seçkiləri müxalifətə revanş fürsəti verəcək?

Növbəti ilin aprel ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər yayılır. İddialara görə, növbədənkənar prezident seçkiləri kimi bu seçkilər də seçki kampaniyasına çox az qalmış təyin edilə bilər. Hökumətdə bu seçkini də sabitlik şəraitində reallaşdırmaq planının götür-qoy edildiyi söylənilir.

Bəs növbədənkənar parlament seçkiləri müxalifət düşərgəsini aktivləşdirə və müxalifətə revanş üçün fürsət verə bilərmi?

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, növbədənkənar parlament seçkiləri ilə bağlı məsələni hələ 3-4 ay əvvəl mətbuata açıqlamalarında proqnoz vermişdi. “Bunu görmək üçün dərin məntiqə malik olmaq zəruri deyil. Daxili proseslərin analizi göstərir ki, parlamentin tərkibi  təzələnməli, yeni şərtlərə uyğunlaşdırılmalıdır. İndi isə xarici amillər də ortaya çıxıb. Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri də səbəblərdən biri kimi bizdə erkən seçkiləri şərtləndirir. Müxalifət düşərgəsinin fəallaşmasını da bununla əlaqələndirmək mümkündür. Əslində qarşıdakı parlament seçkiləri demokratik açılım, cəmiyyətin konsensusu üçün vacibdir. Bunu hər tərəf düzgün dəyərləndirməlidir.

Mən müxalifətin revanşını görmürəm, obyektiv olmaq lazımdır. Əgər müxalifət yeni parlamentdə ciddi və təsirli fraksiya əldə edə bilsə, bunu uğur saymaq olar. İndiki mərhələdə bu böyük nailiyyət olmuş olardı" deyə, Ə.Əliyev bildirib.  

Nurullayev ile ilgili görsel sonucu

Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin yazda keçiriləcəyi barədə xəbərlərin həqiqət olduğunu güman etmək olar: “Əslində seçkilərin bu payız keçiriləcəyini də düşünürdüm. Hansı zamanda keçirilməsindən asılı olmayaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsi baş tutacaq. Bu həm də ona görə lazımdır ki, parlament seçkiləri 2025-ci il prezident seçkiləri ilə üst-üstə düşməsin. Gələn ilin apreli olmasın-payızı-oktyabr ayı olsun-seçkilərin keçirilməsi ciddi ehtimaldır.

Qaldı ki, müxalifətin fəallaşmasına, bu təbii ki, baş verəcək. Siyasətçilər, siyasi partiya və təşkilatlar seçkilər zamanı hər zaman fəallıq göstərirlər. Sadəcə olaraq, seçkilərin irəli və ya geri çəkilməsinin ciddi önəmi yoxdur və heç zaman da olmayıb. Çünki desəm ki, var, sual oluna bilər ki, zamanında keçirilən və növbədənkənar keçirilən seçkilər arasında fərq nə olub? Heç nə. Müxalifətarası didişmələr, günahlandırmalar və bir-birinin üzərinə çamur atmalar. Bütün bunları dayandırmaq və  birləşmək lazımdır".

R.Nurullayev qeyd etdi ki, revanş götürmək məfhumu bizim siyasi cəmiyyətimiz üçün keçərli deyil: “Siyasi revanş tam demokratik oturuşmuş ölkələrdə qanunlar çərçvəsində və seçicilərin iradəsi ilə baş verir. Bizim cəmiyyətdə revanş sözün həqiqi mənasında başa düşülür. Müxalifətin hər iki mənada revanş götürmək imkanları məhduddur. Azərbaycana normal siyasət lazımdır ki, bütün siyasi partiyalar və siyasətçilər normal şəraitdə güclərini görə bilsinlər və addımlarını ona görə atsınlar. Məhz belə olarsa, siyasi ələnmə prosesi dərinləşər və cəmiyyət üçün də çox faydalı olar. Öncə bizə siyasi mədəniyyət ənənəsini formalaşdırmaq lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR