İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Beynəlxalq Sənətkarlıq Muzeyində daimi Azərbaycan stendi AÇILACAQ FOTO

651 01.11.2023 15:39 Mədəniyyət A A

Cari il 21-22 sentyabr tarixlərində Özbəkistan Mədəniyyət Nazirliyi, Fərqanə vilayət hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə Kokand şəhərində II Beynəlxalq Tətbiqi Sənəti Festivalı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirlərdə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, keramika və ağacoyma sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib və Azərbaycan sənətkarlarının iştirakı təmin edilib.

II Beynəlxalq Tətbiqi Sənəti Festivalı çərçivəsində cari il 21 sentyabr tarixində Kokand şəhərində Beynəlxalq Sənətkarlıq Muzeyinin açılışı olub.

Muzeyin əsas məqsədinin xalq sənətinin qorunub saxlanılması və inkişafı, bu sərvətlərin gələcək nəsillərə ötürülməsi, mövcud nadir sənətkarlıq məktəblərinin ənənələrinin davam etdirilməsi və nümayiş etdirilməsidir. Muzeydə ilkin olaraq Özbəkistan, Çin, Yeni Zelandiya, İran, Qazaxıstan, Qırğızıstan, Hindistan, Tailand, İndoneziya, Malayziya və s. sənətkarların əl işlərinə dair stendlər qurulmuşdur.

Açılış mərasimi çərçivəsində Kokanddakı Beynəlxalq Sənətkarlıq Muzeyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi arasında görüş keçirilmiş, qeyd olunan beynəlxalq muzeydə gələcəkdə Azərbaycan stendinin də yaradılması və burda sənətkarlarımızın əl işlərinin hədiyyə edilməsi və daimi milli stendimizin yaradılması razılaşdırılmışdır.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə milli mədəniyyətimizin təbliği məqsədi ilə Azərbaycan sənətkarlarının maraqlı əl işləri, sənətkarlıq məmulatlarını toplamış və sözügedən Muzeydə milli stendimizin yaradılması layihəsinə start vermişdir.

Kokanddakı Beynəlxalq Sənətkarlıq Muzeyində yaradılacaq Azərbaycan stendində qədim tariximiz, zəngin mədəniyyətimiz, sənətkarlarımızın istedadını nümayiş etdirən əl işləri, eksponatların nümayişi nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stendə Azərbaycan xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış, qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanmış - tarixi İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablo, Azərbaycan bayrağının əks olunduğu xəritə, Azərbaycan milli musiqi alətlərinin maketi əks olunmuş çərçivə, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilmiş və xalqımızın çay mədəniyyətini əks etdirən armudu stəkanlar, çaynik, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi hədiyyə olunmuşdur.

Bundan başqa, milli stendimizə Azərbaycan milli rəqsləri, xalq oyunları-pəhləvanlıq sənəti, Molla Nəsrəddin, xalça toxuyan Azərbaycan qadını, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanmış xüsusi maketlər də əvəzsiz olaraq verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaxın zamanlarda Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində daimi Azərbaycan stendinin açılışı nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR