İnsanlara hürriyət, millətlərə istiqlal!

VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI

3249 08.09.2009 08:22 Oxucu poçtu A A
Ə.Ağayev yazır ki, hadisə ilə bağlı məhkəmə obyektiv qərar qəbul etməyib: Â«2006-cı ildə Sabunçu rayonu, 5-ci Şəhər şossesi, döngə 1, ev 1-də kirayədə qaldım. Ev sahibi Alxan kirayədə saxladığı adamların pulunu oğurlayır, kefli olub dava salırdı. O cümlədən də mənim 40 manatımı oğurladı. Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinə müraciət etdim, qəbul etmədilər. Sonradan öyrəndim ki, sahə müvəkkili Əhməd müəllim Alxanın qohumudur. Lakin mən Alxan və onunla əlbir olan Anar Zamanovun nalayiq hərəkətləri (mətbuata açılması mümkün olmayan cinayət əməlləri) barədə həm polis bölməsində, həm də qonşular arasında lazımi qədər danışdım, MTN-ə, Bakı Şəhər Baş Polis İdarəsinə məlumat verdim. Buna görə ev sahibi mənə təzyiqlər göstərdi, hətta iki dəfə məni qazda boğmaq istədi. Məcbur olub kirayə qaldığım mənzili dəyişdim. Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 25 saylı həyət evində 2 il əvvəl tanıdığım Anar Zamanov və Məftun İsmayılovla birgə qaldım. Onların da cinayət əməllərindən xəbərdar olduğumu bildikdə mayın 3-dən 4-nə keçən gecə mənə hücum edərək bıçaqladılar. Anar Zamanov məndən əvvəl də bir nəfəri bıçaqlamışdı. Həmin hadisədə isə mənə iki bıçaq zərbəsi endirdi. Məftun İsmayılov da külqabı ilə başıma iki dəfə ağır zərbə endirdi. Onlar pulumu, mobil telefonumu qarət edib qaçdılar. Mən qan içində köməksiz vəziyyətdə qaldım. Hətta ev sahibi də məni həkimə çatdırmadı, çox yalvarandan sonra təcili yardıma zəng vurdu. Təcili yardım isə ilkin yardımdan sonra məni 3 saylı Sabunçu xəstəxanasına apardı. Orada Loğman həkim dedi ki, Bakıda adamların varsa gəlsin. Oğlanlarım gəlməyincə mənə yardım edilmədi, onlar gəlib həkimə istədiyi məbləği ödəsə də həkim mənə lazımi yardımı göstərmədi. İyunun 13-dək çarpayıdan tərpənə bilmədim, 40 gün o xəstəxanada ağır vəziyyətdə qaldım. Sonra Topçubaşov adına Elmi-Tədqiqat Cərrahlıq Mərkəzində yaralarım tikildi, lakin cərrah Əli Aslanov aldığım xəsarətləri sənədlə düzgün qiymətləndirmədi, müstəntiq Vüqar Ağayev isə istintaqı qeyri-obyektiv apardı. Sabunçu Rayon Məhkəməsinin hakimi Rahib Salmanov isə mənim iştirakım olmadan məhkəmə iclası keçirib A.Zamanova iki illik icbari iş cəzası kəsdi. Məhkəmədə digər cinayətkar M.İsmayılov isə şahid qismində dindirilib. Məni ölümcül yaralayan cinayətkar hazırda azadlıqda gəzir. Zərərçəkmiş iştirak etmədən məhkəmənin qərar verməsi hansı ölkədə görünüb?»
Hazırda aldığı bıçaq zərbəsindən şikəst olduğunu, iş qabiliyyətini itirdiyini yazan Ə.Ağayev aidiyyəti qurumlardan kömək istəyir: «Mən bu hadisə barədə indiyədək yüzlərlə şikayət məktubu yazmışam, lakin heç bir nəticəsi olmayıb. 50 dəfədən çox prezidentə yazmışam. Axı prezident biz vətəndaşlara vəd edib, «Mən hər bir vətəndaşın prezidentiyəm» deyib. Amma indiyədək onun prezidentlik səlahiyyətinin vətəndaş olaraq mənə faydası olmayıb. Odur ki, İlham Əliyevdən xahiş edirəm, ya prezident kimi Azərbaycanda pozulmuş hüquqlarımın bərpa olunmasında mənə kömək etsin, ya da bu da mümkün deyilsə, Azərbaycan vətəndaşlığından imtina etməyimə kömək etsin".
P.S. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR