İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ

3922 01.02.2010 03:57 Oxucu poçtu A A

“Olmayan bir torpaq sahəsindən istifadə etmək mümkündürmü?” Bu sualı Bakı şəhəri G.Şıxlinski küçəsi bina 49, mənzil 109-un sakini Nail Əhmədov verir. Onun yazdığına görə, 3 noyabr 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş mərhum Rəfael Allahverdiyevin sərəncamı ilə ona verilən 20 kvadratmetrlik torpaq sahəsini bu günədək ala bilmir: “Səbəb də bu göstərilir ki, mənə ayrılan torpaq sahəsindən istifadə etməmişəm. Halbuki əlimdə sərəncam ola-ola həmin sahə bir gün də olsa istifadəmə verilməyib. Xahiş edirəm, Bakı Şəhər İH-nin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Şahlar Rzayev və torpaq məsələləri üzrə müavini Rauf Pənahov olmayan bir şeydən istifadə qaydalarını mənə başa salsınlar”.

“Qanunsuz tikilən göydələn evimizi qəza vəziyyətinə salıb”

Nəsimi rayonu akademik H.Əliyev küçəsi ev 15-in sakini, şəhid ailəsi Zərnigar Məhərrəmova yazır ki, evinin qənşərində onunla heç bir razılaşdırılma aparılmadan, qanunsuz olaraq tikilən göydələn binaya görə mənzili qəza vəziyyətinə düşüb: “Həmin tikinti obyektinin apardığı qazma işləri nəticəsində evim çat verib, hər an uçmaq təhlükəsi var. Tikintinin dayandırılması ilə bağlı iradlarımıza isə məhəl qoyan yoxdur, əksinə söyülüb, təhqir olunuruq”.

“19 saylı poliklinikada hər kabinetin öz qiyməti var”

Bakı şəhəri Ə.Naxçıvanski küçəsi ev 25, mənzil 18-də yaşayan Arif Əzizzadə isə Nərimanov rayonundakı 19 saylı poliklinikadan şikayətçidir. Yazır ki, bəzi istisnalar nəzərə alınmasa, bu poliklinikada hər kabinetin “öz qiyməti” var: “Kabinetlərdə həkimlər 3 manatdan başlayaraq 20 manatadək pul tələb edir. Üstəlik də orada xüsusi dəllallar var ki, xəstələrə yaxınlaşıb təklif edirlər: ”Əgər həkimlərlə problem yaşamaq istəmirsənsə, haqqını ver, problemini həll edim. Təsərrüfat hesabı ilə işləyən poliklinikada 30 manat xəzinənin hesabına pul köçürülməlidir. Mən sürücüyəm, sağlamlıq barədə arayış almaq üçün niyə 55 manat əlavə pul ödəməliyəm?"

“Məhbuslar azadlığa çıxandan sonra taleyin ümidinə qalırlar”

Yardımlı rayonu, Yardımlı qəsəbə sakini Sadiq Nəzərov həbsdə olan məhbusların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya olunmasında yaranan problemlərdən şikayətçidir: “Həbsxanada olarkən içəridə divarlardan asılmış məlumatları oxuyanda düşünürdüm ki, dövlət cəzası bitmiş şəxslərin taleyinə biganə qalmır. Oxuduğum qərarlara görə, məhbuslar azadlığa çıxdıqdan sonra dövlət tərəfindən birdəfəlik yardım, müvəqqəti yaşayış yeri, iş yeri və torpaq sahəsi ilə təmin olunmalıdırlar. Həmin məlumatlarda bildirilir ki, cəzası bitmiş şəxslər yenidən cinayət törətməmək üçün xüsusi qayğılarla təmin olunmalıdırlar. Təəssüf ki, bu qərarlar da kağız üzərindədir. 5 aydır həbsdən çıxmışam, rayon İH-dən tutmuş, bir çox nazirliklərə, Prezident Aparatına, Milli Məclisə, ombudsmana dəfələrlə etdiyim müraciətin heç bir faydası olmayıb. İş yerim, yaşayış yerim olmadığı üçün anamgilin qəzalı vəziyyətində olan evinə sığınmışam. Evin hər an uçmaq təhlükəsində olduğunu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçirib təsdiq etdilər. Mən heç, bəs faciə təhlükəsində qalan kasıb bir ailənin niyə harayına çatan yoxdur?”
P.S. Məktublardakı iradlarla əlaqədar qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR