İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölkədə idarəetmədə heç nə dəyişməyib” – İqbal Ağazadədən sərt tənqid

56988 20.06.2017 08:20 Müsahibə A A

Ümid sədri: “Bizim iqtidar da maraqlarımızı yox, özümüzü yönəldir”

Ölkə müxalifətinin aylardan bəri davam edən passivliyi, bunun fonunda Azərbaycanın iqtisadi-siyasi həyatında baş verən proseslər ciddi müzakirə mövzusudur. Geridə qoyduğumuz beynəlxalq yarışmalar, ölkə iqtisadiyyatında yaşanan gərginliyə bir müxalif partiya sədrinin gözü ilə baxmaq zərurəti yarandı.


“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə Ümid Partiyasının sədri İqbal Ağazadə qonaqdır. İqbal bəylə ölkə iqtisadiyyatından tutmuş, turizmə, eləcə də zamanında Milli Məclisdə etdiyi kəskin çıxışlara qədər bir çox mövzulara toxunduq. Sərt tənqidi ilə diqqət çəkən İ.Ağazadə idarəetmə məsələsində də hakimiyyətə xeyli tövsiyələr verdi.


“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, onun birinci müavini Azər Ayxan və “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanovun iştirakı ilə baş tutan söhbətdə sadaladığımız bütün mövzular incəliyinə qədər və bizim kontr - suallarımızın müşayiəti ilə təhlil olundu.


İlk sualı da qonağımızı salamlayan R.Arifoğlu verdi.


- İqbal bəy, xoş gəlmisiz redaksiyaya. Necədi partiyada vəziyyət? Yəni deputat İqbal Ağazadənin partiyasındakı durum deputat olmayan müddətdə necə dəyişib? Hər hansı fərq özünü göstərirmi?


- Elə bir ciddi fərq yoxdur. Çünki ölkənin ictimai-siyasi durumunda elə bir fərq, dinamiklik yoxdur.


R.Arifoğlu:


- Niyə yoxdur? Ümumiyyətlə, ölkədə siyasi həyatın olmamasının səbəbi, sizcə, nədir?


- Obyektiv səbəblər də var, subyektiv səbəblər də. Obyektiv səbəblər odur ki, siyasi institutlar prosesləri keçən illər ərzində o qədər də doğru qurmayıblar. Subyektiv səbəblər isə odur ki, hakimiyyətin kifayət qədər basqıları var və bu basqılar nəticəsində siyasi institutlar geri çəkilib.


R.Arifoğlu:


- Bəs hakimiyyətin özünün durumu necədir? Ölkə, idarəetmə məsələsində durum necədir? Vəziyyət onun xeyrinə görünür.


- Ənənəvi Şərq, İslam ölkələri - İran, Misir, Suriya... variantları var. Belə ki, bu cür hakimiyyətlər iri dövlətlərlə müttəfiq olur. Vəsaitlər, kapitallar, onların yerüstü, yeraltı sərvətləri, bu və ya digər şəkildə beynəlxalq müqavilələrlə tənzimlənir. Dünyaya çıxır, satışlar təşkil olunur. Hakimiyyətlər möhkəm görünür, ölkələrə pullar daxil olur. Amma sonradan təəssüf ki, o iri dövlətlər də hakimiyyətlərin arxasından çəkilir və büdcə də boşalır. Toplanan kapitalların üzərində də bu və ya digər şəkildə nəzarət itir. O kapitallar ya ayrı-ayrı dünya banklarında qalır, ya da adamların özünə qismət olmur. Təəssüf ki, Azərbaycanda da buna oxşar tendensiyalar gedir. Bu, həm qüsurlu, həm də qorxulu tendensiyadır. Azərbaycanda idarəetmədə heç nə dəyişməyib. Müxalifətə münasibətdə də, idarəetmənin öz daxilində də heç bir dəyişiklik baş verməyib.


- Dəyişiklik olmalı idimi?


- Əlbəttə olmalı idi. Əgər ölkənin maliyyə-bank sektorunda vəziyyət dəyişibsə, pisləşməyə doğru gedibsə, ölkənin əsas iqtisadiyyatının sütununu təşkil edən neft və neft məhsullarından gələn gəlirin miqdarı dəyişibsə, bu, bilavasitə sosial vəziyyətə təsir edibsə, iqtisadiyyatın özünün dinamikasında əvvəlki illərlə müqayisədə temp xeyli aşağı düşübsə, mütləq bu, idarəetməni dəyişməli idi. Çünki o dövrün idarəetməsi ilə indiki dövrün idarəetməsi arasındakı fərqi tapa bilməyən hökumətlər nəticədə prosesdən qələbə ilə çıxa bilmirlər. Və yaxud ölkənin vəziyyəti daha da ağırlaşır. Bu gün də məhz həmin gündür. Birinci növbədə idarəetmənin mərkəzləşdirilməsi prinsipi olmalı idi. Büdcə xərclərini azaltmaq üçün.

Foto TБrkm_n (1 of 11).jpg (1.09 MB)


R.Arifoğlu:


- O proses gedir axı...


- Xeyr, getmir. Sanki gedir kimi görünə bilər. Azərbaycanda idarəetmə islahatları getmir, struktur islahatları gedir. Bu iki islahat arasında böyük fərq var. Struktur islahatı adların dəyişdirilməsi, ümumən strukturların yerdəyişməsidir. Amma idarəetmə islahatları zamanı mərkəzləşdirilmiş idarə üsulları yaradılır. Məsələn, nəqliyyat sektoru bir kampaniyada cəmlənir. Azərbaycanda nəqliyyat və ya kənd təsərrüfatı infrastrukturunun dağınıqlığına diqqət edin. Və yaxud bu qədər komitələrin mövcud olmasına, komitələrin, nazirliklərin üst-üstə düşməsinə fikir verin. Bütün bunlar hamısı nəhayətdə büdcədən külli miqdarda vəsaitin boş-boşuna xərclənməsidir ki, bu, başqa sferalara yönələ bilərdi. Hesab edirəm ki, bu mənada idarəetmə islahatları da getmir. İqtisadiyyatın prioritetləri düzgün müəyyənləşdirilməli idi.


R.Arifoğlu:


- Sizcə, o prioritetlər hansılar idi?

“İndiyə qədər bir adama belə partiyadan mühacirətə getmək üçün arayış verilməyib”


- Birinci prioritet o götürülməli idi ki, ölkənin işçi qabiliyyəti olan kəsimi hansı sferalarda çalışır. Azərbaycanda tikinti sektorunda bilavasitə 941 min nəfər çalışır. Bunun 550 minə yaxını özəl sektorun işçiləri idi. 400 minə yaxını isə dövlət sektoru tərəfindən maliyyələşdirilən investisiya layihələrində çalışanlar idi. Bu sektor hazırda iflic vəziyyətdədir. Amma bu sektor prioritet sektoru elan olunmalı idi. Çünki bu sektorun məhsullarının 75-80 faizə yaxını ölkə daxilində istehsal olunur, paralel strukturlar inkişaf edə bilir. Bunun üçün bütün maneələr aradan qaldırılmalı, dövlət xüsusi həvəsləndirici metodlar seçməli idi. Düzdü, sosial evlər adlı layihəni hazırlayırlar. Amma mən bunu çəkinmədən deyirəm, 2013-cü ildə prezident seçkiləri ərəfəsində bu, mənim elan etdiyim layihə idi və sonradan bunu Milli Məclisdə də elan etdim. Amma hökumətin özünün həyata keçirdiyi proyekt yarımçıqdır.

Bu sahəyə dövlət bütövlükdə investisiyanı fərqli istiqamətdə həyata keçirməli və əlavə vəsait axtarmadan onun da mənbələrini əldə etməli idi. Biz kənd təsərrüfatı sektorunda antiböhran proqramı təqdim edəndə bunu dövlətə çox açıq şəkildə demişdik. Ölkədən ixrac olunan hər manata 18 faiz, yəni, 18 qəpik dövlət əlavə pul verməli idi. O şərtlə ki, çıxan məhsulun pulu bank vasitəsilə dövlətin büdcəsinə qayıdaydı. Dövlət bu proqramı nəzərə aldı, amma 3 faiz. 3 faiz isə artıq rentabelli deyil və işçi, iş adamı üçün maraqlı rəqəm, qazanc mənbəyi deyil. Bunun da yolunu əlavə vəsait cəlb etmədən tapmaq mümkündür. Məsələn, büdcədən subsidiyalara 180 milyon manat ayrılır. Bu 180 milyonun özü 1 milyardlıq malın Azərbaycandan ixracı üçün yetərli yardım idi. Halbuki o subsidiyaların böyük əksəriyyətini icra strukturları və yaxud digər strukturlar ortaq şəkildə yazaraq əksər hallarda mənimsəyirlər. Bu subsidiyalar ünvanına çatmır ki, kənd təsərrüfatının inkişafı üçün stimul versin. Azərbaycanda artıq xərclər var ki, bu, qoyulan investisiya şəklində özünü göstərir. Bu il Çindən barama qurdu gətiriblər. Bunu iş adamlarına, kənd təsərrüfatında çalışan fermerlərə verirlər ki, bunu saxlayın. Bunun rentabelliyini ölçən hökumət nümayəndələri yoxdurmu? Bu, nə dərəcədə rentabelli olacaq?

Foto TБrkm_n (2 of 2).jpg (977 KB)


R.Arifoğlu:


- Sizcə, qosqoca hökumət bütün bunları bilmirmi?


- Bilmir. Bilsə idi, bu qədər açıq şəkildə pambıqçılığa, baramaçılığa vəsait qoymazdı.


R.Arifoğlu:


- Amma bunu bilməyən hökumət 24 ildir hakimiyyətdə, siz isə o zamandan müxalifətdəsiniz...


- Baxın, “bilməyən hökumət-bilən adam” anlayışı var. Bunun dünyada bunun nümunələri çox olur. Bilib-bilməyənlərin hakimiyyətdə olması çoxluqla, zamanla ölçülmür. Ağıllı hökumətlər adətən insanların maraqlarını, zorakı hökumətlər isə onların özlərini yönəldirlər. İnsanların özlərini yönəldən hökumətlər adətən uzun müddət iş başında qalır, onların maraqlarını yönəldənlər isə 8-10 il. Çünki maraqlar ildən-ilə dəyişdiyi üçün onu idarə etmək çətin olur. Amma insanların özlərini yönəldəndə bu, bir qədər uzun çəkir. Çünki insanlar da özləri yönəldilir deyə, dəyişmək imkanları olduqca zəif olur. Bizdə də maraqlarımızdan daha çox özümüzü yönəldən hakimiyyət modelidir... 2008-2009-cu illərdə mənim parlamentdə neftlə bağlı dediklərimi hakimiyyət gülüşlə qarşılayırdı. Amma 4-5 il sonra həmin hadisələr baş verdi...


R.Arifoğlu:


- Sanki zamanında parlamentdə dediklərinizə özünüzdə bir aludəçilik yaranıb. Sosial şəbəkədə tez-tez həmin çıxışlarınızı xatırladırsınız... Bu texnologiya “mən demişdim” adlanır və köhnəlib...


- Hər bir siyasətçi özünün qısa zaman öncə dediklərinin öz təsdiqini tapdığı vaxt bunun piarını təşkil edir. Bu da bizim siyasi institut kimi vəzifələrimizdən biridir.

Foto TБrkm_n (3 of 11).jpg (900 KB)


S.Telmanqızı:


- Yəni bu, bir nostalgiya deyil?


- Qətiyyən. Seçiciyə bir daha demək ki, biz siyasi addımlarımızda, proqnozlarımızda qətiyyən yanılmamışıq. Dünən dediklərimiz doğru çıxıbsa, gələcəkdə dediklərimiz də doğru çıxacaq - məqsəd bu mesajı verməkdir. Və Azərbaycan üçün idarəetmə bizim tərəfimizdən həyata keçirilərsə, bu, ölkə üçün daha yaxşı olar.


S.Telmanqızı:


- Azərbaycan kimi ölkədə siyasətçinin haqlı çıxması, illər sonra verdiyi proqnozun özünü doğrultması ona hər hansı divident gətirirmi? Bunun bir effekti olurmu?


- Bəli. Əvvəllər bizim bu məsələni sosial şəbəkədən yaymaq imkanlarımız, ümumənsə, sosial şəbəkənin belə imkanları məhdud idi deyə insanların bəzi hallarda bu çıxışlardan xəbəri olmurdu. Amma indi böyük əksəriyyət bu fikirdədir ki, biz, sadəcə, tanımamışıq, parlamentdə olduğu dönəmdə də bəzən hətta yanlış düşüncədə olanlar olub. Parlamentdə olan deputatlar barədə yanlış fikirdə olublar. Amma bu çıxışları izləyəndən sonra insanların fikirlərində bir dəyişiklik var. Bunu şərhlərində də, şəxsi mesaj qutusuna yazmaqla ifadə edən də var. O çıxışlardan sonra bizim tanımadığımız, təbliğat aparmadığımız 300-ə yaxın adam partiya sıralarına qoşulub.


R.Arifoğlu:


- Bəlkə Avropaya mühacirətə getmək üçün partiya sıralarına qoşulublar?


- Əsla.

Foto TБrkm_n (4 of 11).jpg (879 KB)


R.Arifoğlu:


- Sizdə elə biznes varmı? Ümid Partiyası da mühacirətə getmək istəyənlərə bilet satırmı?

“Sosial evlər 2013-cü ildə prezident seçkiləri ərəfəsində mənim elan etdiyim layihə idi”


- Partiya üzvlərimizin hamısına bilet vermişik. Amma indiyə qədər bir adama belə hər hansı arayış verilməyib.


R.Arifoğlu:


- Varmı ümidçilər arasında mühacirətə gedən?


- 2003-cü ildən bəri cəmi bir nəfər olub ki, o da sonradan partiya sıralarından çıxıb.


S.Telmanqızı:


- Mən Hollandiyada olanda bir ümidçi tanımışdım.

Foto TБrkm_n (10 of 11).jpg (1.13 MB)


- Rəşad Feyziyev. O da 2005-ci ildə mühacirət edib.


R.Arifoğlu:


- (Mövzunu dəyişir) İqbal bəy, bayaqkı ardıcıllıq yarımçıq qaldı. Əlavə xərclərlə bağlı danışırdıq. Dediniz ki, Çindən barama gətirirlər və bunu yanlış taktika ilə edirlər...


- Ölkə bazarının spesifikasını, istehsal imkanlarını və onun gələcək perspektivlərini ölçəndə bunun Azərbaycana verəcəyi böyük bir şey yoxdur. Azərbaycan hakimiyyəti bunu doğru-dürüst hesablamalı idi.


R.Arifoğlu:


- Mən sizi niyə geriyə qaytardım? Bir sualım var. Bu müddət ərzində hakimiyyətin etdiyi bir dənə də olsun dürüst addım yoxdumu?


(davamı növbəti sayımızda)


Söhbəti qələmə aldı:


Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR