İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi fəallara ağır cəzalar verilməsinin səbəbi...

1322 16.04.2015 08:30 Ölkə A A


Siyasi prosesləri izləyənlər bilir ki, illər öncə, hətta 2003-cü ilin oktyabr hadisələri zamanı həbs edilənlərə qarşı da məhkəmə belə amansız davranmayıb. Onda təqsirləndirilənlərə indiki ilə müqayisədə prokuror daha az cəza istəyir, hakim daha az iş verirdi. Maksimum cəza müddəti 5 il olurdu...

Bəs hazırda yaranmış bu mənzərənin səbəbi nədir? Hakimiyyət məhkəmənin timsalında ictimai sektora, fəallara, siyasilərə hansı mesajı verməyə çalışır? 

Vəkil Əlaif Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cəzanın sərtləşdirilməsi özünü təkcə cinayət işlərində göstərmir. Onun sözlərinə görə, inzibati qanunvericiliyin də sərtləşdirilməsi müşahidə olunur: “İnzibati cəzalara görə həbsin müddəti əvvəllər  15 gündən çox ola bilməzdi. İndi iki aydır. Xüsusən mitinqdə iştirak etmə ittihamı ilə tutulanlar həddən artıq yüksək həddə cəzalandırılırlar”. 


Müsahibimizin sözlərinə görə, hazırda ölkədə dövlət səviyyəsində fərqli fikrin susdurulması tendensiyası özünü göstərir. Vəkil dedi ki, bu, ictimai fəallara, eləcə də onların vəkillərinə, hüquq müdafiəçilərinə qarşı münasibətdə də özünü göstərir: “Burda psixoloji təsir var. Həbsxanaya daxil olan vəkillərin ayrı-seçkiliyə məruz qalması, vəkil dosyesinin yoxlanılması halları da geniş yayılıb. Bunların hamısı vahid siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, hökumət bütünlükdə ictimai sektoru, fərqli fikir daşıyıcılarını sıradan çıxarmaq və susdurmaq xətti götürüb. 

Əsasız məhkəmə hökmlərinin çıxarılması, sərt cəzalar, müdafiəçilərə qarşı xüsusi ayrı-seçkilik bu xəttin əsas istiqamətləridir. Məsələn, bu gün yarım saat sonra mənə qarşı bir məhkəmə prosesi başlamalıdır. Mən tamamilə əsassız ittihamlarla məhkəməyə verilmişəm ki, guya Leyla Yunusa qarşı xətər yetirmək istəyən şəxslə bağlı məlumat yaymışam. Onlar ictimai fəalların müdafiəsinə qalxan vəkilləri də susdurmaq məqsədi daşıyırlar”. 


Vəkil Fariz Namazlı da hesab edir ki, 2002-2003-cü ildəki siyasi işlərlə indikilər arasında bir neçə fərq var. Onun sözlərinə görə, ümumən 10 il bundan öncə ölkədə sərt tənqid, sərt mübarizə daha yüksək səviyyədə olsa da, buna qarşı çox ağır tədbirlər görülmürdü: “İndi ən kiçik tənqid ciddi cəzalandırma ilə nəticələnir. Elə bir vəziyyətdir ki, hakimiyyətə qarşı tənqidi fikirlər səsləndirənlər yoxdur. Bunu edənlərə isə ən ağır cəzalar verilir və bu da onların gözlərinin qorxudulması məqsədi daşıyır”. 

Vəkil dedi ki, son zamanlar ictimai fəallara 7-8 il həbs cəzası verilsə də, onlar o müddətin hamısını içəridə qalmır, bir müddət sonra azadlığa buraxılırlar: “Amma ağır cəzaların verilməsi tendensiya halını alıb və dediyim kimi, söhbət ictimai sektorun, fəalların gözünü qorxutmaqdır”. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR