İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruscaya üstünlük verən “elit” azərbaycanlılar - ana dilinə laqeydliyin səbəbləri

2853 10.01.2017 08:10 Ölkə A A

Son vaxtlar Azərbaycanda rus dilində danışanların sayında artım müşahidə edilir. Düzdür, sovet dövründə rus dilini bilmək əsas tələblərdən biri idi. Təhsilini davam etdirmək, hər hansı bir işdə uğur qazanmaq, karyera qurmaq istəyən hər kəs rus dilini bilmək zorunda idi. Ancaq müstəqillik qazanıldıqdan sonra bu ehtiyac ortadan qalxdı. 

Lakin təəssüflər olsun ki, son 10-15 ildə rus dilinin insanlar arasında yenindən ünsiyyət dilinə çevrildiyini görürük. Hətta mağazalarda satıcıların, ictimai sektorlarda çalışanların bir çoxu rus dilində danışır. Özünü “elit” hesab edən bir sıra ailələr övladlarını rus dilli məktəblərə qoyur, onları Azərbaycan dilindən, təfəkküründən tamamilə uzaqlaşdırırlar. Bu kimi neqativ hallara dəfələrlə dilçi alimlər, deputatlar sərt formada öz etirazlarını bildiriblər. 

Elə bugünlərdə VHP sədri, sabiq deputat Sabir Rüstəmxanlı özünün facebook hesabında bununla bağlı bir qeyd edib: “Bakı-İstanbul təyyarəsinə minənlər arasında bir ailə də vardı. Ata-ana, bir dəstə uşaq, qohumlar və bir də qəfəsdə balaca it. Hamısı bərkdən, nümayişkaranə şəkildə rusca danışır. Olsun!  Hansı  dildə danışmaq hər kəsin öz işidir. Ancaq bu, Azərbaycan təyyarəsidir və hamı azərbaycanlıdır. Hansı dildə danışırsan danış, amma ətrafındakıları yox saymalı deyilsən, bura sənin evin deyil, elə danışmalısan ki, qonşularının rahatlığı pozulmasın. Hiss olunur ki, bu adamlar belə şeyləri qanmırlar, ya da bu qanmazlıqlarını gözə soxmaqdan zövq alırlar... Balaca  it də böyük hikkəsi və sahiblərinin həyasızlığından seçilməyən bir çığır- bağırla qəfəsi yeyib-tökür, civiltili səsi ilə ətrafdakıların beynini deşir. Dişim bağırsağımı kəsir. Adamlar yerlərini tutanda ailənin üzvlərindən bir uşaq bir neçə dəqiqəliyinə mənim yanımda oturdu. ”Azərbaycanlısan?  Yəni azərbaycanlı ailəsisiniz" deyə soruşdum. Başı ilə təsdiqlədi. “O itinizlə hansı dildə istəyirsiniz, danışa bilərsiniz, rusca, ingiliscə, bəs öz aranızda niyə ana dilində danışmırsınız”, deyə soruşdum. Uşaq qızardı və utana-utana “bilmirəm, evimizdə bizə rusca öyrədirlər...” dedi. Deməli, hər şey ata-anadan asılıdır. Ata-ana dilini öyrətmir və sevdirmir, Vətənini sevdirmir, ətrafındakıları adam yerinə qoymadan Vətənində yabançı dildə bağıra-bağıra danışmaq öyrədir... Görəsən, dünyanın hansı cahil xalqında bu xəstəlik var. Görəsən, bu ləyaqətsizlik, satqınlıq, dar düşüncə haradan qaynaqlanır?"  

Image result for Sabir Rüstəmxanlı

Rus dilində danışmaqla özünü elit sayan, Azərbaycan dilində danışanlara aşağıdan yuxarıdan aşağı baxan şəxslər əslində özlərinin necə acınacaqlı vəziyyətdə olduqlarının bəlkə də fərqində deyillər. Onlar ölkəmizin gələcəyi olan övladlarımızı, ölkəmizi  məhv edir, onlardakı Vətən, dil, millət sevgisini öldürürlər. Əlbəttə, başqa dil bilmək pis iş deyil. Ancaq başqa ölkənin dilini öz ana dilimizə çevirmək olduqca mənfi haldır və ölkənin gələcəyi üçün təhlükəlidir. Öz evində hər kəs istədiyi dildə danışa bilər. Ancaq ictimaiyyətdə, teleməkanda hər kəs dövlət dilinin tələblərinə uyğun olaraq Azərbaycan dilində danışmalıdır. Hansısa bir ölkəyə səfər edəndə belə çalışırıq ki, o ölkənin dilində bir neçə söz belə olsa öyrənək. Çünki bu dövlətlər hətta ölkələrinə gələn turistlərdən belə həmin dövlətin dilində danışmağı istəyirlər ki, bu da onların öz dilinə olan sayğısından irəli gəlir. Ancaq Azərbaycanda bir sıra insanlar nəinki öz dilinə hörmət qoymur, hətta restoran, kafelərə belə adları əcnəbi dillərdə qoyurlar.

Image result for Qulu Məhərrəmli

Maraqlıdır, dilimizə qarşı bu qədər laqeydlik haradan qaynaqlanır? Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirdi ki, rus dilində danışan insanların təfəkkürlərinin dərinliyində sevgi yoxdur: “Mən bu barədə çox danışmışam. Dilçilik İnstitutunda monitorinq şöbəsində çalışanda da bunu tam genişliyi ilə gördüm. Bizdə özünü guya elita hesab edən insanlar ana dilində danışmır. Ailədə, uşaqların yanında rus dilində danışır. İndi ingilis dili də artıq istifadə edilir. Sosial şəbəkələrdə mesajların bəzilərini bu dildə verirlər. Rus, ingilis və digər bir dil bilmək normaldır. Amma insan üçün əsas vacib olan ana dilidir. Onlar ona görə ana dilində danışmırlar ki, bu dili əsas dil kimi görmürlər. Bu dili ünsiyyət vasitəsi hesab etmirlər. Bu dilin ictimai statusunu qəbul eləmək istəmirlər. Təfəkkürlərinin dərinliyində sevgi yoxdur. Çox qəribədir, tutaq ki, adam bölgədə, rayonda ana dilində danışır, amma şəhərin mərkəzi küçəsində bir-biri ilə rus dilində danışır. İnsan başqa dildə danışır-danışsın. Amma onun əsas dili ana dilidir. İkinci tərəfdən, başqa dildə danışan bu adamlar ana dilini perspektivli dil hesab eləmir. Bu adamlar ana dilində danışmağa, yazmağa zərurət görmürlər. Vəzifəli adamların bir çoxu ana dilini bilmir, bu dildə danışmağa üstünlük vermir. Bunlar da şübhəsiz ki, pozucu təsir bağışlayır. Yəni istər-istəməz ictimai, psixoloji baxımdan pis nümunə sayılır. Halbuki bununla bağlı dövlət qərarları, dövlət proqramı, prezidentin sərəncamı var. Ana dili haqqında qanun var. Biz bu qanunlara əməl etməliyik”.

Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR