İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban kəsib, Həccə gedib, sosial şəbəkədə bunu paylaşanlar

2012 11.09.2016 23:54 Ölkə A A
Kənan Rövşənoğlu: “Bu iş Allah üçün edildiyindən onun mükafatı da Allaha aiddir və bunu başqalarına reklam etmək İslama görə, doğru sayılmır”

Bu gün müsəlmanların Qurban Bayramı qeyd olunur. Müqəddəs Qurban bayramı, Həcc ziyarəti bu günlərdə müsəlman dünyası üçün əlamətdar tarixlərdir. İnsanlar Allah qarşısındakı bu borclarını bacardıqları qədər yerinə yetirirlər. Amma müasir dövrün, texnikanın, sosiallaşmanın da gətirdiyi zərurətlər var ki, ondan vaz keçə bilmirlər. Müsəlman kimi yerinə yetirdikləri bu borcları yeniləmə rejimində sosial şəbəkədə paylaşır, fotolarla, videolarla sanki bunu sübuta yetirməyə çalışırlar. 

Bunu edənlərin tək bir arqumenti var – digər insanları da bu savab əmələ təşviq etmək. Bəs dinimiz nə buyurur? Bu cür savabları paylaşmaq, üstəlik, minlərin qabağında paylaşmaq savabın ölçüsünü azaldırmı? Bunu etmək məqbuldurmu? 

İlahiyyatçı ekspert Kənan Rövşənoğlu musavat.com-a açıqlamasında dedi ki, Qurban "qurbə", yəni Allaha yaxın olmaq mənasındadır. Həcc ziyarətində yerinə yetirilən qurban mərasimi İbrahim peyğəmbərin oğlu İsmayılı, yəni bir mənada dünyada ona ən əziz olan varlığı qurban etməsinin təmsili təkrarıdır: “Allah İbrahimi sınaqdan keçirir və bundan sonra ona qurban kəsmək üçün qoç göndərir. Həcc ziyarətində olan insan İbrahimin əməlini təkrar edərək dünya malını, yəni heyvanı qurban kəsərək ehtiyaclı insanlara hədiyyə edir. Yəni bir mənada Allah üçün malından keçir, ikincisi isə bunu ehtiyaclı insana hədiyyə edir. Yəni bütövlükdə bu hadisə insanın Allaha yaxın olmaq, Onun razılığını qazanmaq üçün etdiyi xeyir əməldir. Bu iş Allah üçün edildiyindən onun mükafatı da Allaha aiddir və bunu başqalarına reklam etmək İslama görə, doğru sayılmır. Məşhur məsəldə deyildiyi kimi, "sağ əlin verdiyini, sol əl bilməsin". Digər tərəfdən bu cür işləri kampaniyaya çevirməklə ehtiyaclı insanlara qarşı minnət etmiş olursan ki, bu da doğru deyil. Dinə görə, insanlar bu işi Allahın əmrini yerinə yetirmək, Onun razılığını qazanmaq məqsədilə edir. Bu zaman onu başqa insanın bilməsinə gərək olmur, hətta yaxşı hesab olunmur. İmam Əli (ə) xəlifə olarkən Kufədə gecələr küçələri gəzərək ehtiyaclı insanlara çörək paylayardı, amma onun etdiyini heç kim bilməzdi. Yalnız şəhadətindən sonra gizli çörək gətirən insanın Əli (ə) olduğu məlum olmuşdu”.

K.Rövşənoğlu dedi ki, cəmi bir halda qurbanı və ya başqa xeyir işləri reklam etmək olar. O da bu işlərə təşviq etmək üçün, digər insanların da xeyir işlər görməsini stimullaşdırmaq üçün bu cür xeyir işləri reklam etmək olar.


Sevinc, 
musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR