İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada 2 şəxsi öldürdü... həbs olunmadı

1477 19.01.2017 21:10 Ölkə A A

2014-cü il  sentyabrın 27-də Kürdəmir yolunda Ceyhun Oqtay oğlu İmaməliyevin ölümü, Ceyhun Babayevin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. C.Babayev sonradan Kürdəmir rayon xəstəxanasında dünyasını dəyişib. Hər iki  mərhumun yaxınları  həmin gündən qəzanın törədilməsində günahkar bildikləri “Mercedes” markalı yük maşınının sürücüsü Elvin Quliyevin cəzalandırılmasını tələb edirlər. Onlar iş üzrə istintaqın qərəzli aparıldığını bildirirlər. 

Ceyhun Babayevin hüquqi varisi Şirxanım Fətəli qızı Babayeva, Ceyhun Oktay oğlu İmaməliyevin hüquqi varisi Oktay Kərim oğlu İmaməliyev və anası Nüşabə Şahvələd qızı Məşiyeva ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarının başçılarına müraciət edərək, övladlarına qarşı törədilmiş cinayətin ört-basdır olunmasının qarşısının alınmasını xahiş ediblər. 

Müraciət müəllifləri yazırlar: 

 “27 sentyabr 2014-cü il tarixdə saat 21 radələrində Elvin Quliyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə avtonəqliyyat hadisəsi törədib və nəticədə övladlarımız ölüb, onların 2 dul arvadları və birinin 3 azyaşlı uşağı, digərinin isə 2 azyaşlı uşağı atasız qalıblar. Elvin Quliyev bu cinayətə görə azadlıqda qalıb. Üstəlik bizi məhkəməyə verməklə təzminat tələb etməyi də özünə ar bilmir. Atası isə açıq-aşkar deyir ki, bu işin ört-basdır olunması üçün 40 min manat pul xərcləyiblər. 

Elvin Quliyev kürd əsilli şəxslər tərəfindən Nərimanov və Nizami rayon məhkəmələri də daxil olmaqla, prokurorluq və polis orqanlarında müdafiə olunur. Elvin Quliyev kürd əsilli himayəçiləri olduğu üçün onlara heç kimin gücü çatmayacağını bildirir. Hadisə nəticəsində öldürdükləri şəxslərdən maddi və mənəvi ziyan da tələb etməyi özlərinə rəva bilirlər. Məhkəmələr isə onların bu mövqelərini təsdiqləyirlər.
Məhz bu səbəbdən də Elvin Quliyev və onun atası hətta polis general-mayoru Sərdar Mehrəliyevə və Baş Prokurorluğa da yalan deməkdən çəkinmirlər. 

Quliyevlər Baş Prokurorluqda, DİN-də deyirlər ki, maddi təzminatla bağlı şikayətlərindən imtina edirlər. İş üzrə Baş Prokurorluqda Kamal Qılıcovun, Rüstəm Usubovun, baş prokuror cənab Zakir Qaralovun, Daxili İşlər Nazirliyində Sərdar Mehrəliyevin, daxili işlər naziri cənab Ramil Usubovun qəbulunda olmuşuq. Vəzifə sahibləri hamılıqla deyiblər ki,  2 ailə başçısının ölümünə səbəb olmuş şəxsin nəinki ölmüş şəxslərə qarşı iddia qaldırmalarının qarşısının alınmalıdır,  Elvin Quliyev mütləq olaraq cəzalanmalıdır. Lakin çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir tədbir görülməyib. Elvin Quliyevin atası Sahib adlı şəxs çəkinmədən deyir ki, oğlunun iki ailəni başsız qoyduğuna görə cəza almaması üçün 40 min manat xərcləyib. Bu halla bağlı şikayətlərimizə baxmayaraq hec bir araşdırma işi aparılmayıb.

Məktub müəllifləri yazır ki, qəzadan sonra Elvin Quliyev və onun ailəsi qəzada öldürdüyü şəxslərin yaxınlarına başsağlığı belə verməyiblər. Əksinə, 2 nəfərin ölümünə səbəb olan qəzanı törədən Elvin Quliyev ölmüş şəxslərə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırıb. Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov da Elvin Quliyevin əsassız iddiasını öz ədalətsiz və qanunsuz qərarı ilə təmin edib. Bu hal işin mülki tərəfidir.

Əsas məqam ondadır ki, 2 ildən coxdur ki oğullarımızın ölməsinə baxmayaraq prokurorluq və polis orqanları cinayət işini bir-birlərinə ötürməklə məşğuldurlar.

Belə ki, həmin cinayət işi ilə əlaqədar cinayət işinin rədd edilməsi barədə qərar 3 dəfə ləğv edilsə də, Kürdəmir rayon prokurorluğunun və Kürdəmir rayon polis idarəsinin işə təsiri hələ də bitmir.

Ona görə də bir daha güc strukturlarının rəhbərlərinə müraciət etməklə övladlarımızın ölümünə bais olan şəxsin əməlini ədalətli şəkildə araşdırılmasının təmin olunmasını xahiş edirik”.

E.MƏMMƏDƏLİYEV 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR