İnsanlara hürriyət, millətlərə istiqlal!

PENİTENSİAR XİDMƏTDƏ MÜALİCƏ MÜAVİNƏTİNİN ÖDƏNİLMƏSİNDƏ “ÖZFƏALİYYƏT”

8532 29.10.2012 09:58 Ölkə A A
Amma hər il o bayramadək Penitensiar Xidmət müəssisələrində işləyən minlərlə əməkdaş böyük ümidlərlə yaşayır və işləyir ki, qarşıdakı bayramda onların maddi vəziyyətlərini yüngülləşdirəcək sevindirici qərarlar olacaq. Necə deyərlər yel əsib, qoz töküləcək. Heyf ki, hər dəfə də nə maaş, nə mükafat sarıdan gözlənilən müsbət dəyişiklik baş vermir. Yalnız Baş İdarənin əməkdaşlarına mükafat və müavinətlər ayrılır, cəzaçəkmə müəssisələrinin işçilərinə isə xidmət rəisinin məhkumlara etdiyi təbrikdən bir az fərqli olan bayram təbriki mətni ilə məsələ bitir. Bu da bayram - gözləntilərinizi saxlayın növbəti peşə bayramına...
Müavinətdən söz düşmüşkən, oxucuları daha çox müalicə müavinəti ilə bağlı Penitensiar Xidmətdə baş verən qanunsuzluqlar barəsində məlumatlandırmaq istəyirəm. Bildiyimiz kimi, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2 maddəsində deyilir: “Ədliyyə orqanları işçilərinin müalicə olunmaqları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir”. Yəni xidmət edən hər bir əməkdaşın müavinət alması qanuni haqqıdır. Qanunda müavinətin hər hansı formada məhdudlaşdırılması halı qeyd olunmur. Qanunun təminatı Ədliyyə nazirinin 28.04.2008-ci il tarixli, 7-T saylı əmri ilə “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi Qaydaları” ilə təsdiq edilmişdir. Lakin göstərilən Qanun və Qaydalara əməl olunurmu?
Həqiqətdə isə bu məsələdə Pentensiar Xidmətin rəhbərliyi tərəfindən özfəaliyyətə yol verilərək işçilər arasında ayrı-seçkilik yaradılır, nəzərdə tutulmuş hüquqdan bütün əməkdaşların yararlanmasının qarşısı alınır. Belə ki, Qaydaların təsdiqindən çox keçməmiş Baş İdarədə müavinətin ayrılmasına nəzarət edən komissiya 25.02.2009-cu ildə əcaib bir qərar qəbul edib. Həmin qərara görə müavinətin verilməsi üçün təyin edilmiş vəsait az olduğundan tabe qurumların (diqqət edin: Baş İdarəyə aid deyil) əməkdaşlarından 2, müstəsna hal kimi 3 nəfərin müraciətinin təqdim olunması müəssisə rəhbərlərinə tapşırılır.
Penitensiar Xidmətdə işlədiyim illər ərzində cəmi bir dəfə, 2009-cu ildə müavinətin yarısını - bir əmək haqqı həcmində almışam. Keçən ilin ortalarında sağlamlığımda yaranmış xəstəliklə əlaqədar Ədliyyə Nazirliyi Tibb baş idarəsinin poliklinikasına müraciət etdim və tibbi müayinədən keçərkən məlum oldu ki, ambulator müalicəyə ehtiyacım var. Mənə izah olundu ki, mütləq müalicə almalıyam, əks təqdirdə xəstəliyin pis fəsadları ola bilər. İlin sonunadək özümü tam müayinə və müalicə etmək məqsədilə müavinət almaqdan ötrü işlədiyim müəssisədəki yerli komissiyaya şifahi müraciətlər etsəm də, mənə mənasız kağız yığımı ilə məşğul olmamağı məsləhət gördülər. Amma ilin sonuna üç gün qalmış eşitdim ki, hesabda pul qaldığından xidmət rəisi müavinət ayrılmasına icazə verib. Mən vaxt itirmədən həkimdən arayış aldım, müvafiq yerli komissiyanın protokolu vəsait ayrılması üçün Baş İdarəyə göndərildi.
Ancaq on gün ötdü, məlumat aldım ki, vəsait çatışmazlığı üzündən müavinətin ödənilməsi saxlanılmışdır. Güman edirdim ki, Qaydaların 2.9-cu bəndinə əsasən əlavə büdcə vəsaiti ayrılanda 2.4 bədinə uyğun daxil olma növbəliliyi ilə ilk növbədə ötən il müavinət ala bilməyənlər təmin ediləcəklər. Təəssüf ki, belə olmadı. 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi əlavə vəsait ayrılanda Baş İdarə tərəfindən müəyyən edilən 3 nəfərlik limitdən gizlicə, səbəbsiz olaraq məni kənarlaşdırıb özünü siyahıya saldı. Xüsusilə, fevral ayının əvvəlində pensiyaya çıxmaq niyyətimi bilən kimi hər vəchlə müavinəti almamağıma çalışdılar. Həmin dövrdə xidmət rəisi Mədət Quliyevə etdiyim müraciətin də faydası olmadı. Qaydaların 3.2 bədinə görə 7 iş günü müddətində mənə çatmalı müavinəti işlədiyim 71 gün ərzində ödəməkdən boyun qaçırdılar. Pensiyaya çıxdıqdan sonra bu haqsızlıq barəsində ədliyyə naziri Fikrət Məmmədova, ombudsman Elmira Süleymanovaya etdiyim müraciətlərimin də nəticəsi olmadı. Hər dəfə Baş İdarənin Qaydaların 1.3 bəndinə, - işçinin vəzifə səlahiyyətlərindən kənarlaşdırıldığı müddətdə müavinət verilmir, - cavabına istinad edildi.
Ümumiyyətlə, üç ildən artıqdır ki, Qanuna məhəl qoyulmadan Komissiyanın adi bir qərarını əldə bayraq edib yüzlərlə müalicə müavinətinə ehtiyacı olan əməkdaşların qanuni hüququna məhdudiyyət qoyulması nə dərəcədə düzgündür? Qanunu üstələyən həmin qərarın ömrü hələ daha neçə illər uzanacaq?
Mən əminəm ki, tək müalicə müavinətinin ödənilməsi deyil, işçilərin digər (onlardan vəzifələr, normativlər yetərincə tələb edilir, hüquqlara gəldikdə isə “bizdən asılı olmayan səbəblər” bəhanəsindən istifadə edilir) sosial rifah hüquqlarına olan belə qayğısızlığın, məsuliyyətsizliyin nəticələri özünü çox gözlətməyəcək. Yaxın illərdə Penitensiar Xidmət sahəsi ciddi kadr çatışmazlığı ilə üzbəüz qalacaq. İndidən qapalı müəssisələrdəki boş vakansiya yerlərinin artan sayı gəldiyim qənaətin şərhi gərək olmayan göstəricisidir. Ona görə də nə qədər gec deyil “özfəaliyyətə” son qoyub ömürlərini həbs yerlərində keçirən insanların sosial müdafiəsini təmin edən qanunlara əməl edilməlidir...
“Yeni Müsavat” səsləndirilən fikirlərlə bağlı Ədliyyə Nazirliyinin mövqeyini dərc etməyə hazırdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR