İnsanlara hürriyət, millətlərə istiqlal!

Novella Cəfəroğlu: “Hökumətə nə qədər çox təzyiq olursa, o qədər də müqavimət göstərir”

1518 10.01.2017 08:15 Ölkə A A

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı əfv ümidləri özünü doğrultmadı. Əfvin olmama səbəbini əfvlə bağlı beynəlxalq tələblərin azalması ilə əlaqələndirənlər də oldu. Əfvlə bağlı beynəlxalq təşkilatların tələblərinin azalmasına səbəbin isə  hüquq müdafiəçiləri tərəfindən bir-birinə zidd bir neçə siyasi məhbus siyahısının hazırlanması olduğu qənaətində olanlar var. 

Maraqlıdır, əslində səbəb nədir? Əfvlə bağlı beynəlxalq tələblər niyə azalıb?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, əfv beynəlxalq tələblərlə ola bilməz: “Əfv etmək səlahiyyəti ölkə prezidentinin səlahiyyətindədir. Beynəlxalq təşkilatlar, sadəcə olaraq, zaman-zaman ölkədə olan hüquq pozuntuları haqqında məlumat verir, tələblər qoyur və tələblərinin yerinə yetirilməsini istəyir. Tələbin yerinə yetirilməsi isə mütləq əfvlə əlaqədar olmamalıdır. Əgər beynəlxalq təşkilatlar sadəcə hesab edirlər ki, qanun pozuntusu var, insan hüququ pozulub, bunu da bizim qanunlarımızla və Azərbaycanın qoşulduğu müxtəlif konvensiyalarla əlaqələndirirlər. Əgər Azərbaycan qanunu pozubsa, o tələbə əməl etməlidir. Bu da mütləq əfvlə olmaya bilər. Bu məhkəmə proseslərinin yenidən keçirilməsi, məhkəmələrə yenidən baxışla yaxud da ki, Avropa Məhkəməsinin qərarlarının icrası ilə də ola bilər. Yəni əfv beynəlxalq təşkilatların tələbi ilə ola bilməz. Əfv prezidentin səlahiyyətindədir. Ola bilər ki, marta kimi yenidən hansısa məhkəmələr olsun. Siyasi məhbuslara 10-15 il həbslər verilsə də, praktikaya baxsaq görərik ki, 4-5 il həbsdə saxlanılırlar. Ölkə öz qanunvericiliyinə birinci əməl etməlidir. İmkan verməməlidir ki, beynəlxalq təşkilatlar bizə qanunvericiliyi xatırlatsın”.

Image result for Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bunun səbəbini tərtib edilən fərqli siyasi məhbus siyahılarında gördüyünü dedi: “Bizim hüquq müdafiəçilərinin hərəsi bir siyahı yazıb. Biri yazıb 160, biri 12, biri də 80 nəfər siyasi məhbusun olduğunu yazıb. Bizim monitorinq qrupu isə 34 sırf siyasi məhbusun olduğunu yazıb. İslamçılar haqqında isə ayrıca bir paraqraf yayırıq ki, islamçıların işlərini dəqiq yoxlayıb, dəqiq məhkəmə aparılsın. Tərtib edilən siyahılar beynəlxalq təşkilatlarda da suallar yaradıb. Biz onlara sırf siyasi motivlə tutulanların siyahısını göndərmişik. Amma digər hüquq müdafiəçilərinin siyahısına baxmışıq ki, orada elə adamlar var ki, onların nə siyasətə, nə İslama heç bir dəxli yoxdur. Biz bunların hamısını beynəlxalq təşkilatlarda deyirik. Əfv də bu səbəbdən olmadı. Amma biz siyahını sakitcə verib, onlarla sakit diskussiya aparmaq lazımdır. Beynəlxalq təşkilatlarla da hazırda hökumətlə sakit diskussiya aparırlar. Biz hesab edirik ki, mart ayında əfv olacaq”.

Image result for Əliməmməd Nuriyev

Əfv Məsələləri Komissiyasının üzvü Əlməmməd Nuriyev əfvin prezidentin səlahiyyətinə daxil olan bir hüquq olduğunu dedi: “Əfv hüququnun nə zaman, necə, hansı qaydada kimlərə tətbiq edilməsi ilə bağlı məsələni cənab prezident özü müəyyənləşdirir. Bu zaman xarici müraciətlərin intensivliyi əhəmiyyətli rol oynaya bilməz. Əlbəttə ki, Azərbaycan qanunvericiliyinə görə Əfv Məsələləri Komissiyasının əsasnaməsinə görə beynəlxalq təşkilatların da ayrı-ayrı şəxslərin əfv olunması ilə bağlı müraciət etmək hüquqları var. Azərbaycanda əfv sərəncamları mütəmadi olaraq verilib. Ümumiyyətlə, müstəqillik əldə ediləndən bu günə qədər 61-dən artıq əfv sərəncamı olub ki, bunun nəticəsində 9 mindən artıq şəxs azadlığa buraxılıb. 2003-cü ildən bu günə qədər Azərbaycan prezidenti hər il orta hesabla 2 əfv sərəncamı imzalayıb. Nəticədə bu günə qədər 30 əfv sərəncamı deməkdir ki, bunun da nəticəsində minlərlə insan azadlığa çıxıb. Ayrı-ayrı hallarda beynəlxalq təşkilatlar tərəfindən prezidentə ayrı-ayrı şəxslərin azadlığa buraxılması üçün müraciətlər olunub. Ancaq qərar qəbul etmək prezidentin səlahiyyətindədir. Biz əfv sərəncamına düşən insanlara diqqət etsək görərik ki, burada ayrı-seçkilik edilməyib. Cəmiyyətdə siyasi aktivliyi olan məhbuslara da münasibətdə əfv tətbiq olunub. Bu gün əfv sərəncamının imzalanmasının müəyyənləşməsində kimlərinsə müzakirə edilməsi əsas rol oynamır. Azərbaycanda məhkumlara münasibətdə vahid yanaşma var. Dövlət cinayət işləmiş şəxsi cəzalandırmaqla yanaşı, ona mərhəmət də tətbiq edir. Dövlət hər zaman cinayət işləmiş şəxslərə əfv olma, azadlığa çıxma imkanını verir”.

Günel MANAFLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR