İnsanlara hürriyət, millətlərə istiqlal!

İqbal Ağazadənin bir milyonluq videoları...

1324 14.01.2017 09:10 Ölkə A A

Son zamanlar sosial şəbəkədə Ümid Partiyasının sədri İqbal Ağazadənin 2015-ci ilə qədər deputat olduğu dönəmdə Milli Məclisdəki müxtəlif çıxışlarının videosu yayılır. İndiyə qədər heç yerdə efirə verilməyən həmin çıxışlarda İqbal Ağazadə tənqidlə yanaşı ölkədə iqtisadi, maliyyə vəziyyətinin ciddi tədbirlər görülməyəcəyi halda pisləşəcəyini bəyan edir, belə olmaması üçün təkliflər irəli sürür.


İqbal Ağazadənin illər sonra, özü də artıq deputat olmadığı vaxtda parlament çıxışlarının videosunun sosial şəbəkədə yayılması maraq və sual doğurur. Həmin videoların yayılması nostaljidən irəli gəlir, yoxsa “zamanında demişdim” taktikasından qaynaqlanır?

İqbal Ağazadə bildirdi ki, Milli Məclisdəki çıxışları hələ o dövrlərdə youtube-də yerləşdirilib və indi sosial şəbəkədə yayılması onun özünün yox, digər müxtəlif sosial şəbəkə iştirakçılarının addımıdır: “Həmin çıxışlar tarixin müxtəlif dönəmlərində sosial şəbəkə iştirakçıları tərəfindən paylaşılıb. Adətən həmin videolar biz tərəfdən yox, daha çox sosial şəbəkə iştirakçıları tərəfindən paylaşılır və böyük maraqla qarşılanır. Bunun təşəbbüskarı əslində biz deyilik. Təşəbbüskar sosial şəbəkədə digər iştirakçılardır. Biz də onlara ”bunu etməyin" deyə bilmərik. 

Edirlər və böyük maraqla da qarşılanır. Mənim Milli Məclisdəki çıxışlarım olan elə videolar var ki, bir milyondan yuxarı izləyicisi var, on minlərlə paylaşım edilir. Biz də bunu kənardan izləyirik. O videoalar ən azı ona görə maraqla qarşılanır ki, o çıxışların heç bir efirə verilməyib, heç biri vətəndaşlara göstərilməyib. Sosial şəbəkənin imkanlarından, həm də sosial-iqtisadi vəziyyətin ağırlığından və problemlərin çoxluğundan insanlar daha çox maraq göstərir baxır. İnsanlar baxır və deyir ki, sən demə zamanında bütün bunları deyilibmiş.

O videoların yayılması bizim bir nostaljimiz deyil. Biz siyasi proseslərdə nostalji ilə hərəkət etməmişik və etmirik. Sözümüzü demişiksə, Azərbaycan dövlətinin və xalqının maraqları üçün demişik. Bundan sonra da deyəcəyik. O dövrdə dediklərimizi indi paylaşırlar və dəyər verirlərsə, onlara sadəcə minnətdarlıq etmək borcumuzdur".

İqbal Ağazadə vaxtı ilə Milli Məclisdəki çıxışlarında ciddi real tədbirlər görülmədiyi halda ölkənin sosial, iqtisadi durumunun ağırlaşacağı barədə dedikləri mənfi proqnozların xeylisinin gerçəkləşməsindən qətiyyən sevinmədiyini vurğuladı: “Ürək ağrısı ilə qarşılayıram mənfi proqnozların gerçəkləşməsini. O zamanlar hökumət üzvlərinə dəfələrlə bildirirdim ki, bu sistem dünyada təcrübədən uğurla çıxmayan, iflasa uğramış sistemdir, bu sistemlə uzağa getmək mümkün deyil, bu sistemi dəyişmək lazımdır. Təkliflərimizi də irəli sürürdük. Təəssüflər olsun ki, hətta 10 il əvvəl dediyimiz fikirlər bu gün özünün təsdiqini tapdı, hökumət o mənfi proqnozların reallaşmaması üçün addımlar atmadı. Bu gün də proqnozlarımız və həmin proqnozların gerçəkləşməməsi üçün irəli sürdüyümüz təkliflər var. Təəssüf ki, bu təklifləri də nəzərə almırlar. Bir neçə il sonra deyəcəyik ki, bunu da zamanında demişdik. Mən heç vaxt sadəcə tənqid etməmişəm, təkcə proqnozlar verməmişəm. Mən həm də təkliflər irəli sürmüşəm ki, nə etmək lazımdır. Təkliflərimin arxasında da kifayət qədər əsaslandırılmış arqumentlər qoymuşam. Sadəcə üzülürəm ki, gəldik bu mərhələyə çatdıq. Halbuki, bizim ölkəmiz tamam fərqli vəziyyətdə ola bilərdi. 

Dünya iqtisadi krizisi artıq bitib. Artıq dünyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi göstəricilər müsbət saldo ilə özünü göstərir. Yalnız neftdən asılı olan ölkələrdə mənfi saldolar var. Azərbaycanın görməli olduğu işlər var. İstər mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılmasından tutmuş izafi büdcə xərclərinə yol verməməkdən tutmuş iqtisadi sferada Azərbaycana xas doktrina qəbul olunmasına qədər çoxsaylı təkliflərimiz var idi. Təəssüf ki, qəbul olunmadı. Nəticə isə ortadadır. 

Buna görə çox üzgünəm. Mən heç bir halda Azərbaycanın kataklizmlərlə üzləşməsini arzulamıram. Heç bir halda dövlətimin zəifləməsinin tərəfdarı deyiləm. Hakimiyyətdə YAP-ın, yoxsa Ümid Partiyasının olması mənim üçün ikinci dərəcəlidir. Mənim üçün birinci dərəcəli məsələ dövlətin, xalqın mənafeyidir. Dövlətim güclü olsun, demokratik azad cəmiyyət qurulsun, insanlarımızın sosial rifahı yaxşı olsun, güvənli cəmiyyətdə yaşasınlar heç biz heç vaxt hakimiyyətə gəlməyək. Bu, mənim üçün qəbul olunmuş ehkamdır”. 

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR