İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəlin deyil, uşaq...”

5341 26.03.2015 11:40 Ölkə A A
Azərbaycanda qızların erkən yaşda ərə verilməsi zəncirvari sosial problemlər yaradır. Bu fikir Qadın Hüquqlarını Müsafiə Cəmiyyətinin ölkədə erkən nikahlarla bağlı araşdırmaları haqqın hesabatındandır. Araşdırma Kanadanın Ankara səfirliyinin və Kanadanın Yerli Təşəbbüslərə Dəstək Fondunun maliyyə yardımı ilə 16 regionda aparılıb. Regionlardakı monitorinqləri və seminarları Qadın Hüquqları Müdafiə Cəmiyyətinin yerli bölmələri həyata keçirib.
Erkən nikahlara əsasən aztəminatlı ailələrdə rast gəlinir. Ölkədə sosial-iqtisadi durumun ağırlığı, işsizlik bu məsələyə çox ciddi təsir edən faktorlardır. Xüsusən bölgələrdən aparığılan araşdırmalar göstərir ki, ailələrin bir çoxu qızların tez ərə verilməsinə məişət xərclərinin nisbətən azalması kimi baxır. Qızlarını erkən evləndirən atalar bu haqda danışarkən açıq şəkildə bildirir ki, ailəni saxlamağa çətinlik çəkdikləri üçün belə bir addım atıblar. Ancaq həm mənəvi, həm fiziki mənada çox riskli olan bu iş qız ataları üçün sonradan çox ciddi problemə çevrilir. Azyaşlıların ərə verilməsi sosial dayaqları son dərəcə zəif, hüquqla bağlı ciddi problemləri olan yeni bir ailənin meydana gəlməsinə səbəb olub. Şəxsiyyət vəsiqəsi belə olmayan qızlar getdikləri ailədə ən yaxşı halda dini kəbinlə yaşayır. Rəsmi nikah olmadan onların çoxunun uşaqlarının da sənədi olmur. Aşağı savadlı ailələr qızlarına rəsmi nikah kəsilməsini sonradan da tələb etmir. Bu isə hər hansı problem yarandığı zaman həmin qadınların öz hüquqlarının tələb etməsinə əngəl yaradır. Hesabatda göstərilir ki, indi Azərbaycanın bölgələrində ata-analarının nikahı olmadığı üçün doğum şəhadətnaməsi olmayan minlərlə uşaq var. Onlar üçün ən yaxşı halda sənəd məktəb yaşına çatanda alınır.
Erkən nikahlarda boşanma sayı da yüksəkdir. Rəsmi rəqəmlər bu tendensiya aydın ifadə olunur. Erkən nikaha məcbur edilən qızlar ailənin mənəvi-psixoloji, eyni zamanda fiziki yükünü çəkməyə hazır olmadıqları üçün onlarında arasında da boşananlar az deyil. Bu durum həmin qadın üçün bitməyən problemlər deməkdir. Xüsusən övladı olanlar üçün. Nikah olmadığına görə, onlar övladlarının doğumunu rəsmiləşdirə, bundan başqa həyat yoldaşlarının evinə qeydiyyata düşə bilmirlər. Ailə dağılanda həmin qadın nə aliment ala bilir, nə də övladlarının atalarının evində yaşamaq hüququnu təmin edə bilir. Bu baş versə belə, son dərəcə uzun hüquqi prosedurlardan keçmək gərək olur. Hüquqi savadsızlıq, insanların məhkəmə sisteminə inamsızlığı isə bu hüququn bərpasını bir qədər də əngəlləyir. Beləcə, qızlarını ərə verib xərclərini azaltmaq istəyən ailə onun övladlarını da böyütmək məcburiyyətində qalır. 2013-cü ildə 3236 qadın 15-17 yaşda ana olub. Doğulun uşaqların 30 faizi həmin qadınların üçüncü uşaqları olub. Göründüyü kimi, faktlar həyəcan təbili çalınmasının çoxdan vacib olduğunu göstərir.
Erkən evliliklərin ən ciddi səbəblərindən biri də maarifsizlikdir. Savadsız ailələr qız övladlarına savad verərək onların gələcəkdə öz iqtisadi müstəqilliklərini təmin edəcək fərd kimi formalaşmasına qətiyyən maraq göstərmir. Araşdırmalar göstərir ki, nadir hallarda savadsız ailələr qız uşaqlarını oxutdurmağa meylli olur. Bu daha çox qızların uzunmüddətli israrı nəticəsində mümkün ola bilər. Savadsız ailələr qızlarını faktiki olaraq başqa bir ailədə gəlin olmaq üçün böyüdür, onların təhsilinə ümumiyyətlə fikir vermirlər. Ölkədə təhsil sisteminin son illər zəifləməsi, məktəbdə dərslərin keyfiyyətinin aşağı olması, təhsil psosesi zamanı rəsmi və qeyri-rəsmi xərclərinin yüksəlməsi ailələri bu yükün altında girməkdən çəkindirir. Hətta paytaxt Bakının yaxın kəndlərində belə bəzi ailələr qız uşaqlarını 6-7-ci sinifdən sonra məktəbə göndərmir. Savadsızlıq isə insanların özlərinin elementar hüquqlarından xəbərsizlik deməkdir.
Qızların erkən yaşda ərə verilməsi faktlarının araşdırılması zamanı o da bəlli olub ki, onların anaları da çox erkən yaşda ailı qurub, daha doğrusu buna məcbur edilib. Yaşananlar faktiki olaraq qadınlara qarşı zorakılığın bir hissəsidir. Erkən yaşda ərə verilən qızların nəinki özləri, hətta analarında buna etiraz etməyə cəsarət etmir. Çünki əks halda kişilərin fiziki və psixoloji basqısı ilə üzləşir. Ölkə qanunvericiliyinə görə, 18 yaşından aşağı şəxslərin evliliyə məcbur edilməsi cinayət məsuliyyəti yaradır. Belə faktlar baş verdikrə hüquq-mühafizə orqanları onların valideynlərini məsuliyyətə cəlb etməlidir. Çox təəssüf, bu faktlar gizlədilir və bəzən bu işə hüquq-mühafizə orqanlarının əməkdaşları  müəyyən maraqlar qarşılığında göz yumur. UNİCEF-in 2013-cü il üçün hesabatında Azərbaycanda 1000 azyaşlı qızın nikaha məcbur edilməsi faktı yer alıb. Bu haqda Azərbaycan hökumətinə sorğu göndərilib, durumdan narahatlıq ifadə olunub və hökumətin bu sahədə təcili tədbirlər görməsinə ehtiyac olduğu bildirilib. Statistika göstərir ki, hökumət bu məsələ ilə mübarizəyə yetərincə diqqət ayırmır.
Erkən nikahlar zamanı yaranan ən ciddi problem bəlkə də azyaşlıların ana olduqları zaman yaşadıqları fiziki və psixoloji çətinliklərdir. Araşdırmalara və regionlarda keçirilən seminarlara cəlb edilən Ailə Planlaşdırması Mərkəzinin mütəxəssisləri bildirir ki, erkən nikahlar zamanı ana və uşaq ölümü, anaların fiziki və psixi travma alması faktları reproduktiv yaşda olan qadınlardan daha çoxdur.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Mərkəzindən öyrəndik ki, bölgələrdə keçirilən seminarlar zamanı sahə ekspertləri əhaliyə erkən nikahların doğurduğu hüquqi, sosial, fizioloji, psixoloji çətinlikləri haqqında geniş bilgi verib, vətəndaşlara maarifləndirici vasitələr paylanıb.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR