İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Vəliyevin işdən çıxarılacağı xəbərləri ciddiləşir

57802 08.01.2014 08:45 Ölkə A A
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yaxın günlərdə vəzifəsindən kənarlaşdırılacağı haqda xəbər yayılıb. Bu barədə Gəncədəki etibarlı mənbəyə istinadən “Bizim Yol” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, E.Vəliyev ölkə prezidenti İlham Əliyevin etimadını doğrultmayıb.

“Bizim Yol”a bu haqda məlumat verən qaynağın bilgisinə görə, bir neçə il ərzində dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan Gəncənin abadlaşdırılmasına ayrılan vəsaitlər təyinatı üzrə israf olunmayıb. Nəticədə şəhərin sökülərək dağıdılan küçələrinin böyük bir hissəsini təmir etmək, yenidən qurmaq mümkün olmayıb. Seçki ərəfəsində Gəncədə yeni obyektlərin, müəssisələrin, parkların açılışı planlaşdırılsa da işlərin qrafik üzrə getməməsi səbəbindən tədbirlər baş tutmayıb. Nəticədə prezident Qərb bölgəsində səfərdə olsa da Gəncəyə baş çəkməyib. 


Qaynağın məlumatına görə, ilin sonunda Gəncədə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun iştirakı ilə ASAN Xidmət Mərkəzinin, baş nazirin müavini Əli Həsənovun iştirakı ilə 25 binadan ibarət qaçqın şəhərciyinin, nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə dəmiryol vağzalının açılışı həyata keçirilib. Bundan başqa, Ziya Məmmədov yeni dəmiryol deposunun təməlqoyma mərasiminə qatılıb, Heydər Əliyev adına böyük istirahət parkının, iki orta məktəbin və istehsalat obyektlərinin açılışı da müvafiq qurum nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Mənbə xatırladır ki, adıçəkilən tədbirlərin hamısı prezident İlham Əliyevin iştirakı ilə keçirilməli idi, amma məlum səbəbdən mümkün olmadı. Sonradan dövlət başçısı açılış mərasimlərinə qatılmaq istəməyib. Gəncədə prezidentin bu addımını Elmar Vəliyevin karyerasının sonu kimi qiymətləndirirlər. 

Qaynaq daha sonra bildirib ki, Elmar Vəliyevin Gəncədəki yerli istehsalat obyektlərinə, xüsusən tikinti materialları istehsal edən müəssisələrə külli miqdarda borcu var. İcra başçısı yerli sahibkarlardan məhsulların alınmasına göstəriş verib. Vəsaitin dövlət büdcəsindən ayrıldıqdan sonra ödənəcəyini vəd edib. Amma ölkənin ikinci şəhəri üçün büdcədən və prezident fondundan əlavə vəsait ayrılmayıb. Nəticədə sahibkarlarla icra başçısı arasında gərginlik kulminasiya həddinə çatıb. 

Mənbə ötən ayın sonunda Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyevin 1 illik fəaliyyətindən sonra istefaya göndərilməsini də təsadüfi hesab etmir. O bu posta E.Vəliyevin təqdimatı ilə təyin edilmişdi. “Adamının” vəzifəsindən götürülməsi onun “vurulacağına” işarə idi.

Məlumatda daha sonra bildirilir ki, Elmar Vəliyev hazırda məzuniyyətdədir. Onun geri qayıtmayacağı barədə Gəncə ictimaiyyətində birmənalı fikir formalaşıb. 
“Yeni Müsavat” hələ ötən ilin mayında mötəbər mənbəyə istinadla E.Vəliyev haqda siyasi hakimiyyətə dosye təqdim edildiyini yazmışdı. Dosyeni Gəncədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərlərinin hazırladığı bildirilirdi. Sənəddə icra başçısının ictimaiyyətə bəlli olan və olmayan fəaliyyətinin detalları açıqlanıb və ətraflı təhlil edildiyi iddia edilirdi. Mənbənin iddiasına görə, konkret faktlar əsasında hazırlanmış sənəddə Gəncə merinin fəaliyyəti təftiş edilir: “Dosye 186 səhifədən ibarətdir. E.Vəliyevin Gəncə icra başçısı təyin olunduğu gündən -18 fevral 2011-ci ildən indiyə qədər olan dövrdəki fəaliyyətinin detalları analiz edilib. Dosyedə qırmızı xətlə keçən fikir bundan ibarətdir ki, ölkənin ikinci böyük şəhərində seçki öncəsi durum siyasi hakimiyyətin tam əleyhinədir. Ən qorxulu tendensiya isə E.Vəliyevlə Gəncə elitası arasında konfrontasiya şəraitinin mövcud olmasıdır”.

Həmin yazıda etibarlı mənbəyə istinadən yazmışdıq ki, ötən ilin əvvəllərində prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun israrlı xahişləri ilə ölkə başçısı İ.Əliyev E.Vəliyevi qəbul edib. Həmin görüşdə prezidentin icra başçısı qarşısında bir neçə tələb irəli sürdüyü iddia edilirdi. Ölkə rəhbərinin E.Vəliyevdən əsas tələblərindən biri sakinlərlə ünsiyyəti zamanı tez-tez küçə söyüşlərindən istifadə edilməsinə son qoyması olub. Prezident E.Vəliyevdən həmçinin Gəncənin mərkəzində özəl obyektlərin sökülməsini dayandırmağı tələb edib. Bu obyektlərin sökülməsi siyasi hakimiyyətə qarşı etimadsızlığın yaranmasına gətirib çıxarıb. Prezidentin son tələbi abadlıq işlərinin xərclərini iş adamlarının üzərinə yükləməməklə bağlı olub.

Sözügedən dosye ilə bağlı “Yeni Müsavat”ı məlumatlandıran mənbə prezidentin E.Vəliyevi məhz bu sənədlə tanış olduqdan sonra qəbul etdiyini bildirirdi: “Dosye siyasi hakimiyyətə təqdim edildikdən sonra Prezident Administrasiyası məlumatları təkrar dəqiqləşdirib. Məlumatlar bir neçə mənbədən təsdiqləndikdən sonra prezidentə təqdim edilib. Öncə E.Vəliyevin işdən çıxarılması təklif edilsə də, sonradan ona sonuncu xəbərdarlıq etmək qərara alınıb”.


E.Vəliyevin Gəncənin hüquq-mühafizə orqanları ilə münasibəti həmişə gərgin olub. Gəncənin sabiq polis rəisi Rasim Musayevlə mer arasında yaranmış insident artıq hamıya bəllidir. İkincinin küçə söyüşü söyməsindən qaynaqlanan mübahisə əlbəyaxa dava həddinə qədər inkişaf etmişdi. Sonradan R.Musayev istefa ərizəsi yazmağa məcbur oldu. 
Böyük ehtimalla E.Vəliyevin işdən çıxarılması ilə bağlı qərarın ləngiməsi prezident seçkisi ilə bağlı olub. Siyasi hakimiyyət ölkənin ikinci böyük şəhərində seçkiöncəsi kadr dəyişikliyi etmək istəməyib. Artıq seçki arxada qaldığından bu məsələ yenidən gündəmə gəlib. 
“Yeni Müsavat”a çatan məlumata görə, E.Vəliyevin siyasi büdrəməsi onun ötən ilin fevralında prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə qəfildən yıxılması ilə bağlı olub. Deyilənə görə, ölkə başçısı ən aparıcı şəhərlərdən birinin rəhbərinin yıxılmasının səbəblərini öyrənəndən sonra ciddi şəkildə qəzəblənib və onun barəsində qərarını verib...    
Xatırladaq ki, E.Vəliyev ölkənin hərbi prokuroru Xanlar Vəliyevin kiçik qardaşıdır. Onların bir başqa qardaşları Şahmar Vəliyev Bəylər Əyyubovla qudadır.

İqtisadiyyat şöbəsi


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR